Məşhur aktyor, əməkdar artist Məcnun Hacıbəyovun Milli.Az-a müsahibəsi.
- Məcnun müəllim, mediada son illər səhhətinizin qəflətən pisləşməsi haqqında yazılar dərc olundu. Bu kimi hallar sizə necə təsir etdi? Ümumiyyətlə, səhhətiniz necədir?
- Səhhətim babatdır, qoca adamam. Bəzən görürsən ki, qəflətən pisləşir, amma, hələ ki, yaşayıram. Bir ara mətbuatda xəstəliyimdən istifadə edib yazmışdılar ki, "Məcnun ölüb". MənİM internetlə əlaqəm yoxdur, gördüm ki, televiziyada bu mövzunu müzakirə edirlər. O hadisədən sonra özümə söz verdim ki, bir daha nə bir sayta, nə də ki, televiziyaya müsahibə verməyəcəyəm. Ölüm haqdır, hamı üçün var. Təkcə mənim üçün deyil ki.
- Çox istərdim ki, teatra gəlişinizi xatırlayasız.
- Əslində, məni sənətə səsim gətirdi. Yaxşı oxuyurdum, 26 qəzəl bilirdim. Mən universitetdə xalq artisti Arif Babayevlə birlikdə oxumuşam. O çox gözəl sənətkar və insandır. Arif o vaxtı şəhərin mərkəzində kirayə evdə yaşayırdı. Bizim çox gözəl və çətin günlərimiz olub. Mən də o vaxtı toylara gedirdim, iki dəfə ondan dəf götürüb toya getmişəm.
- Bəs niyə müğənnilik fəaliyyətinizi sona qədər davam etdirmədiniz?
- Dostlarım, yəqin ki, məndə aktyorluq istedadımı görmüşdülər. Dedilər ki, sən aktyor olsan, yaxşı olar. Onların məsləhəti ilə aktyor kimi fəaliyyət göstərdim. Akademik Milli Dram Teatrına gəldim, yavaş-yavaş mənə artıq drammatik rollar da verirdilər. Amma ilk olaraq xanəndə kimi teatrda çıxış edirdim. "Vaqif" tamaşası repertuardan çıxandan sonra teatra xanəndə lazım olmadı, teatrın orkestrini də ləğv etdilər.
- Sənətdən uzaq düşməyinizin səbəbi nə oldu?
- 2010-cu ildən mən sənətdən tamamilə ayrıldım. Qubanın Nügədi kəndində tək yaşayıram. Yurdu başlı-başına qoymaq olmaz. Kişinin evindən işıq gəlməlidir. Mənim uşaqlarım hamısı Bakıdadır, tez-tez yanıma gəlib-gedirlər. Yəqin ki, mən dünyamı dəyişəndən sonra onlar burada yaşayacaq. Həmişə rəhmətlik Siyavuş Aslan deyirdi ki, səni yaşadan kənddir. Sən cavan qalmısan.
- Olmaya sizi teatrdan incik salıblar?
- İnsan həssas olmaldır, aktyorlar həssas adamlardır. Mən gördüm ki, bir yerdə lazım deyiləm, oradan özüm uzaqlaşıram. O vaxtı teatrın direktoru Həsən Turabov idi. Ərizəmi yazdım ki, teatrdan çıxıram. O məni qoymadı teatrdan çıxım. Dedim ki, belə edim də, ərizə yazıb rollardan çıxım, teatrdan yox. Tamaşam nə vaxt olar, o vaxt da gəlib oynayıb gedərəm. Çünki qalmağa yerim yox idi. Qubadan Bakıya gəlmək əziyyət idi. Dedi ki, yaxşı, ərizə yaz, səni rollardan azad edim. Həsən Turabov məni teatrda otaqla da təmin etmişdi. Çox sevindim, könlüm çox şad olmuşdu. Rollarımı həvəslə oynamağa başladım. Ondan sonra gələn rəhbərlik mənə dedi ki, teatrdakı otağı boşalt. Yenidən ərizə verdim ki, mən tamamilə teatrdan çıxıram. O vaxtı hətta Siyavuş Aslan, Hacı İsmayılov gəlib dedi ki, sən Suraxanıda ev tut, orada yaşa, amma teatrdan getmə. Çünki Bakı ətrafı ərazilərdə kirayə ev nisbətən ucuz idi. Rəhbərlik mənlə yola getmirdi, amma sənət yoldaşlarımın da sifəti məndən dönmüşdü. Görürdüm ki, mənə yad insan münasibəti bəsləyirlər. Bütün bu haqsızlığlara dözmədim və teatrı tərk etdim.
- Fəaliyyətiniz necə idi?
- Əgər repertuarda 11 tamaşa var idisə, onun 8-də mən baş rolda oynayırdım. Bu, zarafat deyil. Aktyor kimi irili-xırdalı bir çox rollarım olub. İndi də o rollar üçün darıxıram.
- Teatrı tərk edəndən sonra axtaranlar olmadı sizi?
- Bir gün evdə oturmuşdum, gördüm ki, Siyavuş zəng etdi ki, evdə ol, Maqbet Bünyadov sənə zəng edəcək. Maqbet o vaxtı teatra yeni direktor təyin olunmuşdu. Məni xeyli tərifləyəndən sonra yenidən işə qaytardı. 2011-ci ilə qədər müqavilə ilə bu sənət ocağında çalışdım. Sonra elə oldu ki, teatr təmirə bağlandı, mənim də 75 yaşım oldu. Gördüm ki, məni daha dəvət etmirlər. Başa düşdüm ki, yaşımın çox olmasını əsas gətirəcəklər. Ona görə də susdum.
- Bugünkü gündə filmlərdə çəkilib, teatrda çıxış etmək istərdiniz?
- Elə bir gün olmur ki, Yaşarı, Siyavuşu yuxuda görməyim. Yuxuda görürəm ki, tamaşa oynayıram, mətn əzbərləyirəm. Düzdü, artıq qocalmışam, amma indi də qoca rollar oynaya bilərəm. Özümdə bu gücü görürəm. "Solğun çiçəklər" tamaşasında Əbdül rolunu oynamaq ən böyük arzumdur. Rəhmətlik Yaşar da bu rolu oynamaq istəyirdi. Yaşa dolduqca daha da kövrək olmuşam. İlham Əsgərov kimi insanın həyatdan getməsi məni yandırıb-yaxdı. Ölümündən 1 ay əvvəl yanıma gəlmişdi. Hətta qızı Fidanın ad gününü də bir dəfə bağımızda keçirmişdik. Ölüm xəbərini eşidəndə inanmadım. Hamısı üçün darıxıram (kövrəlir).
- Məcnun müəllim istərdim ailənizdən də danışasız.
- Ailə kiçik dövlətdir. İnsan ailə həyatı qurarkən qarşısına məqsəd qoymalıdır ki, mən niyə evlənirəm? Həyat yoldaşımla qohum idim. Belə ki, mənim nənəmlə onun babası xalaoğlu, xalaqızı idi. Sözün düzü, mən heç onu görməmişdim. Mən onda cavan oğlan idim. Toy oldu, evləndik, övladlarımız oldu. Hazırda iki oğlum, bir qızım, 7 nəvəm və 2 nəticəm var. Həyat yoldaşım mülayim adam idi, 57 yaşında rəhmətə getdi.
- Xəstəliyi nə idi?
- Pilləkəndən yıxılıb rəhmətə getdi.
- Siz evdə yox idiniz?
- Soba xarab olmuşdu, həyətə düşdüm ki, düzəldim. Kənd yeridir də. Hər şeylə özüm məşğul olurdum. Bir də gördüm ki, tappıltı ilə kimsə yuxarıdan yıxıldı.
- Neçə gün sonra rəhmətə getdi?
- Mənə dedi ki, get qonşunu çağır. Qonşusu da bibisi qızı idi. Çox yaxın qalırdıq. Aləm bir-birinə qarışdı, bütün kənd yığıldı bizə. Həkim gələndə artıq rəhmətə getmişdi. Saat yarıma canı çıxdı.
- Nə vaxtsa xətrinə dəydiyinizə görə özünüzü qınamısız?
- Hərdən yadıma düşür, yuxularıma gəlir. Həyat yoldaşım olub, mənə 3 övlad bəxş edib. 17 ildir ki, mən tək yaşayıram. Söz-söhbətsiz ailə olmur. Bütün ailələr kimi bizdə də kiçik problemlər olub. Hərdən o haqlı olduğunu sübut etmək istəyib, mən əsəbləşmişəm, yaxud da əksinə. Tez-tez qəbr üstünə gedib onu yad edirik. Bəzən efirdə sevgi haqqında verilişlər gedir, deyirəm ki, kaş məni dəvət edərdilər, gör nələr danışardım.
Əli Rəhimoğlu
Milli.Az































