Bir müddət öncə məşhur jurnalist və publisist Liza Caqaryanın "Mən isə qorxuram" başlığı altında dərc olunmuş məqaləsi Ermənistanın ictimai fikrində böyük rezonans doğurub.
Caqaryan erməni xalqını Azərbaycanla, lap güzəştlərin hesabına
olsa belə, sülhün zəruriliyini dərk etməyə, Qarabağ müharibəsi
nəticəsində erməni xalqının düşdüyü vəziyyətin bütün faciəviliyini
anlamağa çağırır.
L.Caqaryanın məqaləsini diqqətinizə çatdırırıq. Erməni cəmiyyətində
baş vermiş baxışların təkamülünə fikir verin. Və L.Caqaryanın
etirazı səhrada tənha insanın çığırtısı deyil! Ermənistanda belə
səslər artıq çoxdur...
Ermənistanda və diasporda bir daha "satqınların izlənilməsi"
başlayan vaxt lüğətlərimizin ən dərin qatlarından çıxardığımız
çoxdan unudulmuş parlaq və cırıltılı kəlmələri sevimli vətənimizin
tərifinə həsr edərkən, "milli qurtuluş oyanışı"nın bu şərəfli
anlarında mən tez-tez rejissor Larisa Şepitkonun sevdiyim
"Yüksəliş" filmini xatırlayıram.
Film müharibənin mənəvi metamorfozlarına həsr olunub. Partizan
dəstəsində təcrübəli hərbçi ilə müəllim çiyin-çiyinə döyüşürlər.
Döyüşçü fanatizmlə vətəni uğrunda vuruşa atılır, belə demək
mümkünsə, daim bizim "satqın" axtarışında olanlar kimi, ruh
yüksəkliyindədir, müəllim isə dinməzcə və sakit döyüşür. Belə
görünə bilər ki, şübhəsiz, əsir düşərlərsə, bizim bu cürətli hərbçi
düşmənin gözünün içinə baxaraq "Vur, əclaf!" deyəcək. Sülh
şəraitindəki həyatda incələşmiş ziyalı müəllim isə faşist
tüfənginin lüləsini görən kimi hamını və hər şeyi satmağa hazır
olacaq. Yəni ki, onu daşqalaq edin!
Amma yox, tələsməyin. Gözləyək, hər ikisi əsir düşsün, görək,
özlərini o zaman necə aparacaqlar və yalnız bundan sonra incə
müəllimi daşqalaq etmək üçün o parlaq və cırıldayan kəlmələri
lüğətimizdən çıxararıq.
Həyat şirindir. Bizim bu cürətkar hərbçi əsir düşüncə bunu anlayır.
Rejissor çox məharətlidir və bizim bu satqın adi satqın deyil, o
əzab çəkir və görür ki, onun əzabının başqa sifəti də var. Onun
gözləri qarşısında sakit müəllim min zülmə tab gətirir, amma dözür.
O, öz yolunu seçib və müqəddəslər təki, onu ölənə qədər keçməlidir.
Həyatın şirinliyini anlamış hərbçi özünə daha çox nifrət etməyə
başlayır və intihara cəhd edir. Alınmır. Və hərgah, alınmırsa, o,
düşmən qarşısında diz çökür və onu asmamaları üçün yalvarır. Və elə
o, boğazında ilgək həyatının son anını gözləyən, əziyyətlərdən
yorulmuş müəllimin ayağının altındakı stulu itələyir.
Sonrası vacib deyil - hərbçi almanlara itaətkarcasına xidmət
edəcəkmi, yaxud yenə intihara cəhdmi edəcək. Əsas odur ki, o,
həyatın, ələlxüsus öz həyatının dəyərini anlayıb. O qədər dəyərli
olduğunu başa düşüb ki, sağ qalmaq üçün öz yoldaşına dünyadan
köçməyə "kömək" etməyə belə hazırdır.
Bu zamana kimi o, günlərin birində həyatını qurtarmaq üçün düşmənin
önündə sürünəcəyini bilirdimi? Əminəm ki, bilmirdi, heç belə bir
fikri yaxın da buraxmırdı.
Bu gün cəmiyyətimizi satqınlara və vətənpərvərlərə bölənlər (təbii
ki, bu zaman öz adlarını vətənpərvərlərin ön cərgəsinə yazanlar),
evində oturaraq gündə bir neçə dəfə "Bakını fəth edənlər", həmin
partizanlar kimi eyni vəziyyətdə qaldıqları zaman nəyə qadir
olacaqlarını bilirlərmi? Mən bilmirəm. Heç onlar özləri də bilmir.
Heç kim bilmir və tanrı eləsin ki, bilməsin də.
Onların əksəriyyəti bunu heç zaman bilə də bilməzlər, çünki ya
xaricdə, ya da Ermənistanda - öz mənzillərində, kompüter qarşısında
oturaraq, barmaqlarının bir neçə hərəkəti ilə Bakını və Naxçıvanı
"zəbt etmək" uşaq oyununa oxşayır. Bayaq adını çəkdiyim filmdəki
sınaqlar isə sərhəddə duran əsgərlərin başının üzərini alıb, xırda
və eyni zamanda böyük boşboğazların başının üstünü deyil.
Bu yaxınlarda "Martik" verilişinin uğursuz buraxılışı barədə
yazdığım mənfi rəylər elə həmin boşboğazlar arasında təxminən belə
reaksiya doğurmuşdu: "Ba! Deyəsən. qorxur axı?!" (müəllifdən - bu
yaxınlarda Ermənistanda "Martik" proqramının Yeni il buraxılışı
efirə gedib və verilişdə ölkənin tanınmış komik aktyorlarından
biri, guya ki, müşahidə nöqtəsindən Azərbaycan əsgərinin ünvanına
söyüş yağdırır. Sonradan proqramın təşkilatçıları etiraf etdilər
ki, bu yalnız uğursuz alınmış bir səhnəcik idi).
Bəli, mənim çox vətənpərvər həmvətənlərim, mən qorxuram! Hər səhər, gözümü açarkən ilk hissiyyatım sərhəddə yenə də qurbanların olub-olmaması sualı qarşısında qorxu olur. Əlimə düşən ilk KİV-i vərəqləyərkən sərhəddəki vəziyyəti öyrənməyə çalışarkən əllərim əsir, ürəyim bərkdən döyünür, elə bərkdən ki, sanki partlayacaq. Bu qorxu aprel günlərindən sonra məndə ikiqat-üçqat artıb - o zaman biz yüzdən çox qurban və ərazilər verdik və yaddaşım məni aldatmırsa, həmin torpaqlar geri qaytarılmadı və heç kimin belə bir niyyəti də yoxdur. Mən qorxuram, çünki həmin qurbanlara görə heç kim məsuliyyət daşımadı. Baxmayaraq ki, çoxlu sayda əsaslı irad vardı ki, biz bunları verməyə də bilərdik. Əgər ki, "regionun ən qüdrətli ordusu"nda oğurluq halları bu cür çiçəklənməsəydi, yüksək rütbəli hərbçilərin qarınları bu qədər şübhəli şəkildə böyük olmasaydı və əsgərlərimizin sərhəddə həyəcan siqnalı vermək üçün istifadə etdikləri alət asılmış boş konserv qutuları olmasaydı.
Mən həlak olmuş əsgərlərə göz yaşı tökənlərə alçaldıcı
nəzərlərlə baxanlardan və siz zəif insanlarsınız, əlbəttə ki, onlar
"vətən uğrunda" ölməli idilər deyənlərdən qorxuram. Mən sizin
qorxmazlığınızdan qorxuram və sizin tərtib etdiyiniz siyahılarda
"satqın"lardan olacağımdan zərrə qədər də qorxmuram.
Mən sülh istəyirəm, qarşılıqlı güzəştlər yolu ilə, o şərtlə ki,
uşaqlarımız yaşasınlar. Siz isə bunun əvəzində mənim kimi
"satqın"ların burnunun ucunda bir yığın cırıltılı sözlər
əsdirirsiniz. Mən Vaqram Atanesyan kimi qarabağlıların
sərsəmləmələrindən qorxuram. Nəyə görə Qarabağda heç kim Bakının
Ermənistanın bir hissəsi olduğunu deyən bu adamlardan soruşmur ki,
sən kimin həyatı hesabına "Bakıda çay içmək" istəyirsən?
Həyat çox şirindir, kreslolarında oturub Bakıda çay içən xanımlar
və cənablar. Lakin axı kim sizin o vətənpərvər kəllələrinizə
yeridib ki, məhz sizin həyatınız bu cür şirindir, sərhəddə dayanan
əsgərlər isə bu "şirinliy"i yalnız qorumaq üçündür? Mən "vətən
uğrunda ölmək lazımdır" deyərək təbil çalan, öz rolunu isə yalnız
bu mövzuda təxribatçılıqda görənlərdən qorxuram.
Mənim üçün onlar, Şepitkonun filmindəki kimi, öz həyatını xilas
edərək, boynu ilgəkdə olan yoldaşının ayağının altından stulu
itələyən qəhrəmandırlar.
Milli.Az