İsa Qəmbər kimilər hansı üzlə cəmiyyət qarşısına çıxırlar?!

İsa Qəmbər kimilər hansı üzlə cəmiyyət qarşısına çıxırlar?!
12:18 2 Fevral 2017
74 Digər
Ölkə mətbuatı
A- A+

Dövlətimizin başçısı İlham Əliyevin “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda söylədiyi bu fikirlər daxili və xarici antiazərbaycan qüvvələrə ən tutarlı cavabdır: “Bizə qarşı mütəmadi qaydada qarayaxma, böhtan, təhqir kampaniyaları aparılır. Ancaq bunların heç biri bizə təsir etmir. Çünki biz bilirik ki, bunlar hardan qaynaqlanır, bunun arxasında kimlər dayanır, onların məqsədi nədən ibarətdir. Ona görə öz yolumuzla gedirik və həyat hər şeyi öz yerinə qoyur... Ölkəmizi bundan sonra da inamla qabağa aparmaq üçün biz lazım olan bütün məsələləri həll etməliyik.”

Diqqət çəkən məqam budur ki, ölkəmizin uğurlu inkişafını, müstəqil siyasətini həzm edə bilməyən xarici antiazərbaycan qüvvələr öz çirkin niyyətlərini həyata keçirmək üçün daxili bədxahlarımızdan bir vasitə kimi istifadə edirlər. Bu yararlanma həmin ünsürlərə “siyasi qul” imicini qazandırmaqla yanaşı, onların əsl simalarının ictimaiyyətə açıqlanmasında yardımçı olur. “Hakimiyyətə gəlmək” xülyası baş tutmayan, Azərbaycanın siyasi arenasından silinərək tarixin arxivinə gömülmüş bu qruplar hər fürsətdən istifadə edərək özlərini gündəmə gətirməyə çalışır, bunun üçün Azərbaycan dövlətini və xalqını hədəf götürməkdən belə çəkinmirlər. Amma reallıq budur ki, həmin ünsürlərin siyasi meydanı ölkə iqtidarının gördüyü işlər, Azərbaycanın davamlı uğurları fonunda daralıb. Siyasi meydanı tərk etmək böyük cəsarət tələb etdiyindən, bu qüvvələrin belə bir imkana malik olmadıqları illərin təcrübəsindən məlumdur. Çünki ölkədə keçirilən hər bir seçki prosesində xalqdan “yox” cavabını alan əli kərimlilər, isa qəmbərlər bundan nəticə çıxarmaq əvəzinə ölkədə guya demokratiyanın inkişaf səviyyəsinin aşağı olmasından, insan hüquqlarının kobud şəkildə pozulmasından, vətəndaşlara seçkilərdə sərbəst seçim hüququnun verilməməsindən bəhs etməklə diqqəti başqa istiqamətə yönəltməyə çalışırlar. Bu da ondan irəli gəlir ki, bu ünsürlər hələ də fərziyyəni reallıqdan ayırd etməkdə çətinlik çəkir, “bəlkə alındı” kimi nostalji hisslərlə yaşayırlar. Xalqı yalan vədlərlə ələ almaq zamanı çoxdan keçib. Baxmayaraq ki, əli kərimlilər öz açıqlamalarında zamanın, dünyanın dəyişməsindən bəhs edir, amma öz düşüncəsində yenilik etmək barədə düşünmür, daha dəqiq desək, bu ona sərf etmir. Çünki xalq bu ünsürləri öz şəxsi maraqlarının qulu kimi tanıyır. Şəxsi ambisiyaları naminə ermənilərlə və ermənipərəst dairələrlə işbirilyi yapmaqdan belə çəkinmədikləri də məlum olaylardandır. İstər “Eurovision” mahnı yarışması, istərsə də 2015-ci ildə ilk Avropa Oyunları ərəfəsində onların göstərdikləri canfəşanlıqları yada salmaq kifayətdir. Ə.Kərimlinin erməni mətbuatına yol tapan müsahibələrinin arxasında hansı maraqların dayandığı hər kəsə bəlli idi. Hər halda əli kərimlilər, isa qəmbərlər gələcəyə keçmişimizlə birgə addımladığımızın fərqindədirlər. Keçmişləri, eyni zamanda bu günləri qaranlıq məqamlarla dolu olan bu ünsürlərin özləri barədə ictimai fikirdə müsbət rəy yaradacaqlarını düşünmələri onların nə qədər xəyalpərəst olduqlarına, ən əsası simasızlıqlarına və mənəviyyatsızlıqlarına işıq salır.

Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı kimi arxaik təfəkkürlü siyasi avantüristlər müasir dövrün reallıqları və tələbləri, uğursuzluqları, cəmiyyət tərəfindən birmənalı şəkildə inkar olunmaları ilə barışmaq istəmir, hər vəchlə ölkənin siyasi həyatına qayıtmağa çalışırlar. Amma unudurlar ki, özünüreklam zəifliyin, cəmiyyət tərəfindən qəbul olunmamağın göstəricisidir. Özünə, fəaliyyətinə inanan və güvənən heç zaman ucuz reklama qaçmaz.

Hər zaman qeyd etdiyimiz kimi, hər kəsə, onun fəaliyyətinə ən böyük dəyəri zaman özü verir. Bu gün “biz də varıq” deyib, siyasi meydanda görünməyə çalışan əli kərimlilər, isa qəmbərlər hər halda öz təqdimatları üçün tarixə hansı səhifələri yazdıqlarından xəbərdardılar. Nə elmdə, nə də siyasətdə baş tutmamış İsa Qəmbərin hər dəfə küçə leksikonu, primitiv mülahizələr və istehza doğuran ironiya ilə gündəmə gəlmək, mətbuata çıxmaq cəhdləri artıq hətta onun yaxınları və azsaylı tərəfdaşlarının məyusluğuna səbəb olur. Bu günə kimi bir dənə də olsun səmərəli fikir və ideya müəllifi kimi diqqəti cəlb etməyən alayarımçıq laborant İsa Qəmbər bütün uğursuzluqlarının səbəbini özündə axtarmaq, nəticə çıxarmaq əvəzinə, başqalarını ittiham hədəfinə çevirir və bununla da cəmiyyəti çaşdıra biləcəyini düşünür. İsa Qəmbər ötən əsrin sonlarında Azərbaycan xalqını çörəklə sınağa çəkən, cəmiyyətin üzləşdiyi kataklizmlərə səbəbkar olan, torpaqlarımızın işğalına şərait yaradan siyasi dəllallar qrupunun başçılarından biridir. Bu, tarixdir, faktdır. Elə bu “uğurlu fəaliyyətinin” nəticəsidir ki, həmkarı Ə.Kərimli ilə birlikdə ermənilər və ermənipərəst dairələr qarşısında belə bir öhdəlik götürmələri ilə öyünürlər ki, hakimiyyətə gəldikləri təqdirdə işğal altında olan torpaqlarımızı ermənilərə bəxşiş edəcəklər. Budur, onların vətənpərvər simaları. Görünür, onlar üçün vətənpərvərlik, xalq, dövlət qarşısında xidmət dövlət maraqlarımızı arxa plana keçirib, öz şəxsi ambisiyalarına nail olmaqdır. Bu cür təfəkkürə malik olanlardan təbii ki, müsbət addım gözləmək sadəlövhlük olar.

Vəzifədə olarkən Azərbaycanın strateji maraqlarını tapdaq altına atan, siyasi korafəhmliyin bariz nümunəsi olan, səbəbini araşdırmadan insanların barəsində ölüm qərarını təsdiq edərək qəddarlığı ilə ad qazanan İsa Qəmbər kimilər bu gün hansı üzlə cəmiyyət qarşısına çıxır və insan hüquqlarının pozulmasından danışırlar?! Müxalifətdə olduqları dövrdə İsa Qəmbər, Əli Kərimli və s. bu kimi ünsürlərin bütün fəaliyyəti erməni lobbisindən, xarici fondlardan gələn sifarişləri icra etməyə, ictimaiyyəti çaşdırmağa, ölkə daxilində sabitliyi pozmağa, cəmiyyəti daim gərgin vəziyyətdə saxlamağa yönəlmişdir. Bunu hazırda xarici fondların təmsilçiləri də etiraf edirlər ki, əli kərimlilər, isa qəmbərlər ayrılan qrantları təyinatı üzrə xərcləməyərək, siyasi qul imiclərinə yeni əlavələr etmək üçün fəaliyyət göstərirlər. Yəni, Azərbaycan reallıqları inkar olunur, hakimiyyətə təzyiq göstərilmək üçün göz yaşı axıdılır, ölkəmiz beynəlxalq ictimaiyyətə kasıb, demokratik inkişaf baxımından geridə qalan ölkə kimi təqdim olunur.

Bu illər ərzində Müsavat ciddi ideologiya formalaşdıra bilməmiş, gah Türkiyədə MHP-yə yaxın çevrələrə xoş gəlmək üçün türkçülük, gah Əbülfəz Elçibəyin irsinə iddia etmək üçün “milli demokratiya”, gah islamçı elektoratın səsini almaq üçün hacılıq, gah da Avropadan qrant almaq üçün “liberalizm” pərdəsinə bürünmüşdür.

İnkaredilməz fakt budur ki, dağıdıcı müxalifət başçıları öz mövcudluqlarına, bu gün yaşadıqlarına və fəaliyyət göstərdiklərinə görə məhz ümummilli lider Heydər Əliyevə borcludurlar ki, hakimiyyətə gəldikdən sonra həm də onları ölümdən xilas etdi. Təəssüf ki, onlar bundan da düzgün nəticə çıxarmaq iqtidarında deyillər. İsa Qəmbər, Əli Kərimli və digər bu kimi ünsürlər artıq cəmiyyət tərəfindən qəbul olunmur və Azərbaycanın siyasi həyatından silinmişlər. Onların dağıdıcı fəaliyyətlərini bərpa etmək cəhdləri isə hüquq-mühafizə orqanlarının səlahiyyət çərçivəsinə daxil olan məsələdir. Amma bu Ünsürlər bu reallığı da unutmamalıdırlar ki, Azərbaycan sabitlik diyarı, inkişaf məkanı kimi dünyada tanınır və nüfuz qazanıb. Qanunlarla idarə olunan ölkəmizdə heç kəs müstəsna hüquqlara malik deyil. Hər kəs qanun qarşısında eyni məsuliyyəti daşıyır. Bir sözlə, Azərbaycan demokratik, hüquqi, sivil dövlət quruculuğu yolunda inamla irəliləyir. Ölkəmizə qarşı istər daxildə, istərsə də xaricdə aparılan qarayaxma kampaniyasına cavab təbii ki, bugünkü reallıqlarımızdır.

Yeganə Əliyeva, “İki sahil”


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/186136.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR