Bakı. 23 fevral. REPORT.AZ/ Rəsmi Bakı türkiyəli iş adamlarını Azərbaycana yeni investisiyalar yatırmağa dəvət edib.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı Biznes-Forumunda çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.
"Bu gün Azərbaycanda investisiya layihələrinin reallaşdırılması üçün hər bir şərait yaradılıb. Əvvəllər olduğu kimi, Azərbaycana məhsul ixrac etməyə deyil, birgə emal və istehsal müəssisələrinin təşkilinə daha çox önəm verin. Əmin olun ki, Azərbaycan dövləti, bütün nazirliklər, qurumlar sizə arxa olacaq. Bu görüşdən sonra heç bir maneəyə yol verə bilmərik", - deyə H.Əsədov bildirib.
H.Əsədov eyni zamanda Azərbaycanda baytarlıq sahəsində ehtiyac duyulan preparatların istehsal zavodunun təşkili üçün də türkiyəli iş adamlarına müraciət edib. Nazir bildirib ki, bu cür birgə müəssisənin təşkilində maraqlı olan iş adamlarına xüsusi torpaq sahəsi də ayrılmaqla hər cür dəstək göstəriləcək.
Bundan başqa, H.Əsədov qeyd edib ki, ötən il Azərbaycan Türkiyədən 100 mln. ABŞ dolları dəyərində ərzaq məhsulları idxal edib ki, bu da əvvəlki illə müqayisədə 3,5 dəfə artım deməkdir.