Azərbaycan və İran tranzit xərclərinin endirilməsinə dair razılığa gəlib

Azərbaycan və İran tranzit xərclərinin endirilməsinə dair razılığa gəlib
11:32 24 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycan nümayəndə heyəti İranda səfərdə olub. 
İqtisadiyyat Nazirliyindən "Report"a verilən xəbərə görə, iqtisadiyyat naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinə rəsmi şəxslər və iş adamları daxil idi.
Səfərin ilk günü Ş.Mustafayev Ərdəbildə İranın rabitə və informasiya texnologiyaları naziri, Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi, Ərdəbil əyalətinin valisi Məcid Xudabəxş və Ərdəbil vilayətindən olan millət vəkilləri ilə görüşüb. Görüşdə dövlət başçılarının siyasi iradəsi, şəxsi dostluq münasibətləri nəticəsində son illərdə Azərbaycan-İran əlaqələrinin strateji səviyyəyə yüksəldiyi vurğulanıb, Azərbaycan-İran iqtisadi əlaqələrinə, birgə layihələrə və İranın Ərdəbil vilayəti ilə əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılıb.
Ş.Mustafayev qeyd edib ki, Azərbaycanın dövlət başçısı İran İranla əlaqələrə böyük önəm verir: "Son 3 ildə Azərbaycan və İran prezidentləri 7 dəfə görüşüb. 2016-cı ildə İran və Azərbaycan arasında ticarət dövriyyəsinin 70%-ə yaxın artıb, viza rejiminin sadələşdirilməsi istiqamətində işlər görülüb, iş adamlarının iştirakı ilə 15 tədbir keçirilib. Viza rejiminin sadələşdirilməsi nəticəsində 2017-ci ilin əvvəlindən başlayaraq İran vətəndaşları 3 gün ərzində elektron vizalar ala bilir. Ölkə başçısının sərəncamı ilə bütün sərhəd-keçid məntəqələrində viza verilməsi təmin ediləcək, turistlərin sürətli keçidi üçün xüsusi zolaqlar yaradılacaq, sərhəd məntəqələrinin iş saatları artırılacaq. 2017-ci il üçün beynəlxalq yükdaşımalarında mübadilə edilən icazələrin sayının 10 minə çatdırılması və tranzit xərclərinin 160 ABŞ dollarından 100 dollaradək endirilməsi barədə razılığa gəlinib. Bütün bunlar əlaqələrin inkişafı, iş adamları arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar yaradır".
İranın Ərdəbil vilayəti ilə əməkdaşlıq imkanlarından danışan Ş.Mustafayev kənd təsərrüfatı, qida sənayesi, nəqliyyat, turizm və s. sahələrdə əməkdaşlıq imkanlarını vurğulayıb: "Meyvə, ət və ət məhsulları, süd və süd məhsulları, xüsusilə kartofçuluğun inkişaf etdiyini nəzərə alaraq bu istiqamətlərdə vilayətlə əməkdaşlıq həyata keçirilə bilər. Bundan başqa, İran şirkətləri, o cümlədən Ərdəbil iş adamları Azərbaycanın Aktaudakı logistika mərkəzinin xidmətlərindən istifadə edə, Azərbaycanda yaradılan sənaye parkalrına və aqroparklara investisiya yatıra bilərlər".
M.Vaezi ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsinə önəm verdiyini, son illərdə dövlət başçılarının birgə səyi nəticəsində Azərbaycan-İran əlaqələrinin yüksək səviyyəyə çatdığını bildirib: "Ölkələrimiz arasında qarşılıqlı səfərlərin intensivliyi əlaqələrin genişləndirilməsinə olan maraqdan xəbər verir. İki ölkə arasında ticarət dövriyyəsinin artması müsbət haldır və banklararası əlaqələrin genişləndirilməsi ticarət əlaqələrini daha da genişləndirə bilər. Bundan başqa, ölkələrimiz arasında kənd təsərrüfatı, sənaye, aqrar sahədə avadanlıqların istehsalı, turizm, tranzit və yükdaşımalar sahələrində əməkdaşlıq üçün geniş potensial mövcuddur". 
M.Xudabəxş Ərdəbil əyalətinin iqtisadiyyatı, o cümlədən infrastrukturu, kənd təsərrüfatı məhsulları istehsalı və emalı müəssisələri barədə məlumat verib, əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. Ərdəbil valisi vilayətin turizm, kənd təsərrüfatı, xüsusilə əkinçilik və emal sahəsində inkişaf etdiyini vurğulayaraq, bu istiqamətdə Azərbaycanın Ərdəbil vilayəti ilə əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycan-ve-i-ran-tranzit-xerclerinin-endirilmesine-dair-raziliga-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR