Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycanın Argentinadakı səfirliyində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Səfirlikdən “Report”a verilən məlumata görə, tədbirdə Argentina Milli Konqresinin rəsmiləri, Argentina İslam Mərkəzinin əməkdaşları, bu ölkədə akkreditə olunan diplomatik korpusun nümayəndələri, Azərbaycanşünaslıq kafedrasının fəaliyyət göstərdiyi La Plata Dövlət Universitetinin müəllim-tələbə heyəti, “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinin qalibləri və iştirakçıları, mətbuat nümayəndələri, habelə ictimaiyyətin digər təmsilçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Rəşad Aslanov Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və hazırkı vəziyyəti, 1992-ci ilin 25-26 fevral tarixlərində Xocalı şəhərində ermənilər tərəfindən xüsusi amansızlıqla törədilən soyqırım barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Səfir Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində Azərbaycan tərəfindən görülən işlər, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyası barədə danışıb, dünyada, xüsusən də güclü erməni diasporunun mövcud olduğu Argentinada Xocalı soyqırımı, ümumilikdə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin mütəmadi yayılmasının zəruriliyi qeyd edib.
Sonra argentinalı gənclər tərəfindən “Xocalı. 10 hekayə. Bunlar həqiqət ola bilərdi” kitabından hissələr səsləndirilib.
Tədbirin sonunda Xocalı soyqırımına dair ispan dilində film nümayiş etdirilib, habelə tədbir iştirakçılarına Xocalı soyqırımı ilə bağlı məlumatı əks etdirən broşürlər təqdim olunub.