Havanın dəyişilməsi halımızı da dəyişir, ovqatımızı da...

Havanın dəyişilməsi halımızı da dəyişir, ovqatımızı da...
21:22 24 Fevral 2017
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Havada, hidrometeoroloji proseslərdə baş verən dəyişikliklərə qarşı həssas olan insanlara meteohəssas insanlar deyirlər. Bu insanlara atmosfer təzyiqinin tərəddüdləri, temperaturun kəskin yüksəlməsi və yaxud aşağı enməsi, güclü şimal küləyinin cənub küləyi ilə əvəz olunması, eyni zamanda hava şəraitinin yağışlı, buludlu və ya çiskinli olması təsir edir.

Ekspertlərin fikrincə, yaşlı, müəyyən xəstəliklərdən əziyyət çəkən insanlar daha çox meteohəssas olurlar.

Milli.Az xəbər verir ki, tibb sahəsi üzrə ekspert, həkim-terapevt Hüseyn Mehdiyevin "Ekspress"ə bildirdiyinə görə, hava insan orqanizminə çox təsir edir: "Təbiətdə baş verən hadisələr, havanın yağmurlu və ya yağmusuz keçməsi, günəşli və ya buludlu olması insana həm psixoloji, həm də fizioloji təsir göstərir. Hava yaxşı olanda insanın ruhu dincəlir, əhvalı yaxşı olur, özünü psixoloji cəhətdən çox gümrah hiss edir. Elə hava da var ki, istər-istəməz insan orqanizminə mənfi təsir göstərir. Məsələn, buludlu, yağışlı havanı sevməyən insanlar var".

Orqanizm təbiətdə baş verən bütün hadisələrə canlı kimi reaksiya verir. Elə hadisələr var ki (məsələn, günəşdə baş verən müxtəlif parçalanmalar, xarici mühitdə rütubətin qalxması, düşməsi), orqanizmə mənfi təsir edir.

H.Mehdiyev qeyd edib ki, bu səbəblər üzündən hava haqqında proqnoz deyiləndə meteohəssas insanlara qabaqcadan xəbərdarlıq edirlər ki, "sabah hava sizin üçün əlverişsiz olacaq": "Orqanik xəstəlikləri, təzyiqi olan insanlarda belə havalarda hərəkət etmək mənfi təsir edir. Orqanizm pis vəziyyətə düşə bilər. Və yaxud, xroniki xəstəliklərin şiddətlənməsi baş verə bilər. Bu nöqteyi nəzərdən belə havalarda adətən xəstələrə məsləhət görürük ki, hava əlverişli deyil, dərmanın dozasını bir qədər artırsınlar. Həmin xəstələrə məsləhət görürük ki, evdə qalsalar, daha yaxşıdır".

Ekspertin dediyinə görə, havanın insana mənfi təsiri hər fəsildə müşahidə olunur: "Yazın gəlişi bütün canlılarda canlanma yaradır. Yaz fəslində xroniki xəstəliklərdə ağırlaşma müşahidə olunur. Yazda səhhətimizdə ağırlaşmaların qarşısının alınması üçün müəyyən profilaktik tədbirlərin görülməsi məsləhət olunur. Meteohəssaslıq orqanizmin xarici mühitdə baş verən müxtəlif proseslərə görə verdiyi reaksiyadır. Əlverişsiz havalarda, xüsusən, xroniki xəstəlikləri olan insanlar çox diqqətli olmalı, sağlamlıqlarının qeydinə qalmalıdır".

Həmsöhbətimiz bildirib ki, havadakı dəyişikliklər yaşlı insanlara daha çox təsir edir: "Hava meteohəssas insanlar üçün əlverişsiz olduqda buna çox mənfi reaksiya verirlər, halları pis olur. Belə hava xroniki xəstəlikləri olan, lakin yaşı çox olmayan insanlara da mənfi təsir edə, xəstəliyi şiddətləndirə bilər. Meteohəssaslığın artmasında əsas rol oynayan xəstəliklərdir".

Psixoloq Ahmet Tuğrul Demirin "Ekspress"ə bildirdiyinə görə, havanın dəyişməsiylə təbiət də dəyişir: "Bu halda insanda sual yaranır ki, təbiətdəki dəyişikliklər insanlara necə təsir edir? Əlbəttə, təbiətin bir parçası olan insan, insanın bir parçası olan ruh da bu dəyişikliklərin təsiri altına düşür. Havadakı dəyişikliklərin insanın ruhsal durumuna, enerji düzəninə, yuxu rejimininə, iştahına, yemək seçiminə, sosial fəaliyyətlərinə təsri dərəcəsi fərqlidir".

Müsahibimizə görə, mövsüm dəyişiklikləri hər insana eyni təsir etmir. Dediyinə görə, insanların bir qismi yaz və yay aylarında özlərini daha yaxşı hiss edir, qısa və soyuq qış günlərində isə daha enerjisiz, sosial fəaliyyətsizdirsə, bir qismi də əksinə, yazın gəlişi ilə enerji azlığı, yorğunluq, diqqət pozuntusu, mutsuzluq, sıxıntı, yuxusuzluq və iştah dəyişiklikləri hiss edir. "Burdan anlaşılır ki, bəzi insanlar baharın gəlişi ilə daha enerjili, daha canlı və xoşbəxt olarlar, bəziləri isə əksinə, depressiya durumuna düşərlər. Bunun ən önəmli səbəblərindən biri bioloji faktorlardır. Genetik xəstəliyi olan insanlarda bahar depressiyası daha çox olur. Çünki hər mövsüm gəlişində insan bədəni yeni bio-psixo-sosial bir ritmə adaptasiya olmağa çalışır".

Psixoloq deyir ki, bəzi insanlarda bioloji saat metereoloji dəyişikliklərə uyğunlaşmaqda çətinlik çəkir. Bu dəyişikliklər sadəcə bioloji fərqliliklərə bağlanmaz. Bu üzdən insana tədir edən psixoloji amilləri daha çox təhlil etməliyik. "Havanın dəyişməsi insanları depressiv duruma sala bilər. Lakin bu durumla mübarizə apararaq dəyişikliklərə necə reaksiya verəcəyimizə özümüz qərar verə bilərik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/520915.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı