Daim aqressiv davranır, pis yola düşür...

Daim aqressiv davranır, pis yola düşür...
21:42 24 Fevral 2017
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Psixoloq: Yeniyetməlik dövründə meydana çıxan problemlər uşaqların psixoloji durumuna ağır zərbələr endirir

Çətin və həssas hesab olunan yeniyetməlik dövründə övladları ilə dil tapmaq valideynlər üçün əsl sınağa, bəzən isə həlli mümkün olmayan problemə çevrilir. Nəticədə ailədə mübahisələr adi hala çevrilir, yeniyetmə daim aqressiv davranır, dərslərində geri qalmağa başlayır, problemlərin düzgün həlli yolları tapılmadıqda nəzarətdən çıxır, pis yola düşür.

Milli.Az xəbər verir ki, psixoloq Vəfa Rəşidovanın "Ekspress"ə bildirdiyinə görə, yeniyetmə yaş dövrü kritik, həssas yaş dövrü olduğundan buna psixologiyada klassik yeniyetməlik yaş dövrü də deyilir. Bu dövrdə yeniyetmələrlə bağlı bir çox problemlər meydana çıxır və bunlar uşaqların psixoloji durumuna ağır, çətin sağalan zərbələr endirir. Bu yaş dövründə ən çox rast gəlinən problemlər ailədə yeniyetmənin şiddətə məruz qalması səbəbindən qaynaqlanır. "Valideyn uşağa şiddət göstərirsə, onda davranış pozuntusu özünü göstərir. Eyni zamanda, yeniyetmələrdə stress, təşviş pozuntusu müşahidə olunur. Xüsusilə də, ali təhsil müəssisələrinə hazırlaşan abituriyentlərdə həyəcan, təşviş pozuntusu, ailədə münaqişələr, ciddi qorxular, özünə inamsızlıq, özünəgüvənsizlik ciddi şəkildə özünü göstərir".

Psixoloq bildirir ki, yeniyetməlik dövründə uşaqlar həyatı tam anlamasalar, çətinliklərin öhdəsindən gələ bilməsələr də, müstəqilliyə can atır və tam sərbəstliyə hakim olmağı, özbaşına qərar verməyi valideynlərdən tələb etməyə başlayırlar: "Valideynlər isə tam möhkəmlənməmiş, üstəlik psixoloji durumları baxımından çətin dövr yaşayan yeniyetmələri bacardıqca daha çox nəzarətdə saxlamağa çalışır. Bəzən bu nəzarət basqı şəklində olaraq uşaqları sıxır. Övladlar yeniyetməlik dövründə idarə olunmağı qəbul etmək istəmir və buna cavab reaksiyası olaraq qışqıqır, özünə qapanır, otağında tək oturur, pis vərdişlərə, hərəkətlərə meylini artırır".

Həmsöhbətimizin dediyinə görə, valideynlə mübahisə zamanı yeniyetmələr yanlış olaraq onların sözlərini, davranışını çox sərt və mənfi dəyərləndirirlər: "Əslində valideyn iradını pis niyyətlə demir. Lakin yeniyetmə öz baxış bucağında onun istəyinə qarşı çıxan valideyni çox mənfi çalarlarda görür. Yeniyetməlik dövründə çox vaxt uşaqlar valideynin xırda iradından belə qırılır, özünü lazımsız, hətta təhqir olunmuş hiss edirlər",-deyən psixoloq bildirir ki, bu səbəbdən yeniyetmə ilə söhbət zamanı valideyn çox diqqətli olmalı, çox əsəbiləşsə belə, şəxsi qəzəbinə üstün gəlməlidir. Dediyinə görə, valideynin davranışından asılı olaraq yeniyetmə aqresivləşə və ya əksinə olaraq sakitləşə bilər.

Mütəxəssisin sözlərinə görə, valideyn-övlad mübahisəsində heç də problem həmişə yeniyetmədə olmur: "Yeniyetməni düzgün anlamayan, onun həssaslığına qulaq asmayan valideynlər də olur. Bu da vəziyyəti daha da qəlizləşdirir. Yeniyetmələrin həssaslığını valideynlər onlara qarşı üsyan kimi qəbul etdikdə, yeniyetmələr daha da çox qayda pozmağa başlayır".

O qeyd edib ki, valideynlərin cəzaları yeniyetmələr üçün ağır və ədalətsiz görünərsə, onlar evdən qaça, küçə və avara uşaqlara qoşula bilər: "Bu yaş dövrü xüsusi həssaslığı ilə seçildiyi üçün ailəsi tərəfindən sevilmədiyini və başa düşülmədiyini zənn edən yeniyetmələr diqqət cəlb etmək, həyatına son qoymaq üçün intihara da əl ata bilər".

Rəşidovanın fikrincə, yeniyetməlik dövrünün çətin olmasında bir neçə amillər rol oynayır: "Uşaqlar böyüdükdə və yeniyetməlik yaşına çatdıqda onlarda hormon sıçrayışı nəticəsində güclü və parlaq emosiyalar yaranır. Bu dövrdə yeniyetmələr elə zənn edirlər ki, onları həmyaşıdlarından başqa heç kim başa düşməyəcək və kömək edə bilməyəcək. Bu yaş dövründə yeniyetmələr valideynlərindən çox təsir altına düşdüyü dostlarına, həmyaşıdlarına qulaq asır. Nəticədə yeniyetmələr valideynləri ilə dil tapmaqda, normal münasibəti davam etdirməkdə çətinlik çəkir. Öz istəklərini, müstəqilliyini qorumaq, özünü təsdiqləyə bilmək üçün yeniyetmə aqressiyaya əl atır. Əslində isə yeniyetmə valideynlərinin onu başa düşməsini, diqqət və sevgi istəyir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/520913.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı