Bu gecə cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib.
Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Müdafiə Nazirliyinin məlumatına görə, döyüş toqquşması nəticəsində itkilərimiz var.
Bununla bağlı Metbuat.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, belə davam edərsə, aprel döyüşlərindən daha ağır döyüşlər baş verəcək:
“Bir neçə gün idi ermənilər bu təxribatı davam etdirirdi. Təxribatların qarşısını almaq üçün də Müdafiə Nazirliyi lazım olan addımları atmışdı. Amma çox təəssüflər olsun ki, dünən onlar əvvəl Tərtər və Ağdam istiqamətində cəhdlər etdilər. Bu cəhdləri almadığına görə, hədəfi Xocavənd-Füzuli istiqamətinə çevirdilər. İndi də vəziyyət gərgindir. Çox təəssüflər olsun ki, itkilərimiz də var. Müdafiə Nazirliyi nə lazımdırsa edir. Hər şey nəzarət altındadır.
Əlbəttə ki, belə davam edərsə, aprel döyüşlərindən daha ağır döyüşlər baş verə bilər. Çünki bu dəfə qarşı tərəf cəbhədə çox ağır silahlar yerləşdirib. Onların açdıqları atəş artilleriya silahlarındandır. Məqsədləri dinc insanları öldürmək, cəbhə xəttinə yaxın yaşayış yerlərini vurmaqdır.
Erməni saytlarında onlar vəziyyəti öz xeyirlərinə şişirdirlər. Çalışırlar ki, Azərbaycanı günahkar çıxarsınlar. Onlar deyirlər ki, Azərbaycan tərəfi ağır silahlardan istifadə edir. Halbuki, təxribatı özləri törədir.
Yəqin ki, bir neçə saatdan sonra, yaxud da günün ikinci yarısında Müdafiə Nazirliyi əlavə məlumat verəcək. Çünki əhali arasında xeyli narahatçılıq, mediada isə yalan məlumatlar var. Bunların qarşısını almaq üçün Müdafiə Nazirliyi ictimaiyyətə məlumat verəcək. Ümid edirəm ki, yaxın saatlarda düşmən etdiyi bu hərəkətə görə ən sərt şəkildə cəzalandırılıacaq. Onlar bunu davam edərlərsə, yəqin ki, sabah Azərbaycan Silahlı Qüvvələri bunun ən ağır formada cavabını verəcək”.
Xəyalə Məmmədova / Metbuat.az