Bakı. 25 fevral.REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun müəllifi olduğu “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitablarının təqdimat mərasimi keçirilib.
“Report”un məlumatına görə, tədbirdə Milli Məclisin deputatları, dövlət strukturlarının, elm və təhsil qurumlarının, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklətinin təmsilçiləri iştirak ediblər.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək deyib ki, bu kitabların yığcam şəklidə mətni 31 səhifədən ibarətdir: "Burada xəritələr və sənədlər var”.
O, kitabın ərsəyə gəlməsində rolu olanlara təşəkkürünü bildirib. Ə.Həsənov qeyd edib ki, Azərbaycan ayrı-ayrı dövrlərdə müxtəlif imperiyaların tərkibində olub: “Kitabda bu dövrələrə aid məsələlər əksini tapıb. Kitab 8 dildə nəşr edilib. Yəni, dünya xalqları ola bilməz ki, bu 8 dildən birini bilməsin. Burada hər şey sistemlidir”.
Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb ki, bu kitablarda düşmənçilik hissləri aşılanmır: "Erməni xalqı özü cinayətkar rejimindən əziyyət çəkir, o hakimiyyətin girovuna çevriliblər. Amma biz Xocalı faciəsini yaddan çıxara bilmərik. Bu qətliamı törədənləri hər kəs tanımalıdır. Düşünürəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edəcəyik, qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıdacaqlar”.
Hər iki kitabın elmi redaktoru Elçin Əhmədov deyib ki, ermənilər azərbaycanllara qarşı zaman-zaman soyqırım, etnik təmizləmə siyasəti aparıb. O bildirib ki, bununla bağlı ciddi faktlar mövcuddur.
O, kitablar haqqında məlumat verərək deyib ki, “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” kitabı 8 dildə nəşr edilib. Kitabda son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçilər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırım və təcavüzkarlıq siyasəti təhlil edilir: “XX əsrin 80-cı illərinin ikinci yaraısından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasəti, o cümlədən 1988-1993-cü illərdə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasəti elmi mənbələrə əsasən araşdırılır. Xüsusi ilə XIX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırım aktı bütün insanlığa və bəşəriyyətə qarşı ən ağır cinayətlrdən biri kimi qiymətləndirilir. Kitabda Xocalı soyqırımının tanınması ilə bağlı qəbul edilən sənədlər müxtəlif dillərdə verilib".
O bildirib ki, “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitabında isə son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin ayrı-ayrı mərhələləri araşdırılır: “Erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində XX əsrdə azərbaycanlıların 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələlərə məruz qalması mənbələrə əsasən təhlil edilir”. Onun sözlərinə görə, bu kitablar gələcəkdə mənbə bazası olacaq.
Milli Məclisin deputatı Musa Qasımlı çıxışında deyib ki, ermənilərin azərbaycanlılara qarşı etdikləri insanlığa qarşı cinayətdir: “Bunun kökü böyük dövlətlərin strateji niyyətlərə, hədəflərə çatmaq istəməsi ilə bağlı olub. Buna görə də ermənilər Azərbaycan torpaqlarında yerləşdirilib. Təqdim olunan kitablar gələcək üçün mənbədir, mühüm faktlar mövcuddur”.
Deputat qeyd edib ki, böyük Ermənistan dövləti yaratmaq üçün ermənilər uydurma soyqırımı məsələsini ortaya atırlar.
Digər tədbir iştirakçıları da ermənilərin azərbaycanlılara qarşı soyqırım və etnik təmizləmə siyasətindən bəhs ediblər, hər iki kitabı yüksək qiymətləndiriblər.