Deleqasiya – bir nəfərdən asılılığa qarşı

Deleqasiya – bir nəfərdən asılılığa qarşı
19:12 25 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Özüm, hamısını özüm! Belə davam etmək mümkün deyil. İşlərin həcmi artanda ağlınıza gələcək ən yaxşı çıxış yolu məhz deleqasiyadır. Deleqasiya və ya öz səlahiyyətlərini digər işçilərlə bölüşmək - bu, istənilən halda riskdir, ancaq həmişə özünü doğruldur.

Kimdən..

Milli.Az biznesinfo.az-a istinadən bildirir ki, siz əvəzolumaz olmasanız, heç vaxt vəzifədə yüksəlməyəcəksiniz. Bu, faktdır. Məsələ deleqasiyaya gələndə menecerlər əvvəlki steriotiplərindən əl çəkməyərək, səlahiyyətlərinin bir qismini ötürməyə tərəddüdlə yanaşırlar. Ancaq nədənsə başlamaq lazımdır. Deleqasiya idarəetməyə, proseslərə nəzarəti itirmək deyil, əslində onu başqasına ötürməkdir. Bu zaman tərəflərin bir-birinə qarşılıqlı etimadı və öyrənmək həvəsi müstəsna rol oynayır. Beləliklə, əməkdaşın deleqasiya olunması imkan verir ki:
Rəhbərlik edən şəxs proseslərin operativ idarə edilməsindən azad olsun
İşçi heyətinin motivasiyası yüksəlsin
Şirkətin xarici faktorlara tez bir zamanda təsir göstərmək imkanları artsın
Şirkətdə  dayanıqlı idarəetmə strukturu formalaşsın.
Tabeliyindəki işçinin ona verilən bu şansdan "ulduz xəstəliyi"nə tutulması, uğurlarından baş gicəllənməsi isə normal haldır. Ekspertlər belə hesab edirlər ki, öz uğurlarına görə fəxr etmək, rəqabət aparmaq, gözlədiyi nəticələrə çatmayanda özünə bəraət qazandırmağa çalışmaq və daha çoxunu arzulamaq insana xas xüsusiyyətdir.

Kimə...

İşçinin deleqasiya olunması ona  əsaslanır ki, problemi birbaşa onunla işləyən şəxs daha yaxşı həll edir, nəinki bütün işlərə rəhbərlik edən icraçı menecer. "Kimə deleqasiya olar və lazımdır", sualına isə maraqlı bir yanaşma var. Beləki, pilotlar seçimi fiziki parametrlərə əsasən aparırlar, ancaq sonda bu sahədə çalışmaq arzusu ilə yananlara üstünlük verirlər. Bu ən vacib nüansdır. İnsanın arzuları gözündə yanırsa, öyrənmək və uğurlara nail olmaq istəyi varsa, o, bütün çətinlikləri dəf edəcək. Deleqasiya edərkən rəhbər şəxs motivasiya faktorlarını da yaxşı bilməlidir. Bu, əməkdaş üçün əhəmiyyət kəsb edən faktorlar olmalıdır. Məsələn, əməyinin qarşılığında pul mükafatı almaq istəyən işçiyə "bonus" təyin etmək daha düzgündür və qoyulan tapşırığın uğurla yerinə yetirilməsinə stimul verir.

Düzgün deleqasiya vacibdir

Deleqasiyaya üstünlük verin. İnanın ki, dünya dağılmayacaq. Əgər komandanızı saat kimi işlək şəkildə qurmusunuzsa, heç bir fors-major hal onun tarazlığını poza bilməz. Öz əməkdaşlarınızı inkişaf etdirmisinizsə, indi sizin irəli getmək vaxtınızdır. Marketoloq Maksim Nikitin hesab edir ki, deleqasiya nəticə əldə olunması üçün səlahiyyətin işçiyə ötürülməsidir, nəticənin əldə olunması prosesini icra etmək deyil. Ona görə də deleqasiya olunan vəzifə deleqsiyanı yerinə yetirən əməkdaşın bilik, bacarıq səviyyəsinə uyğun olmalıdır. İşə mütəmadi olaraq lazımsız müdaxilələrin olunması, tez-tez "nə işlə məşğulsan" sualının verilməsi demotivasiyaya (həvəsdəndüşməsinə) səbəb olur, bu isə yarıtmaz liderliyin göstəricisidir.
Ekspert deleqasiyanı tipik ailə misalında belə şərh edir. Ər arvadına tapşırıq verir ki, evdə biş-düşə o cavabdehdir. Bir sözlə səhər yeməyi, nahar və şam vaxtında hazır olmalıdır. O, işə gedir. Qadın mağazaya yollanır, bazarlıq edir, yemək hazırlayır. Əri işdən gələndə gözü kəlləsinə çıxır. Niyə bu qədər almısan? Niyə filan marketdən almamısan? Mən başqa yemək istəyirdim və s. Əslində, burada deleqasiya düzgün edilməyib. Deleqasiyanın qarşısında duran məqsəd "menyunu hazırlamaq və razılaşdırmaq", büdcəni razılaşdırmaq, "istehsalçıların siyahısını razılaşdırmaq" olmalı idi.             
Resurslardan səmərəli istifadə edin

Belə vəziyyətlə üzləşməmək üçün hansı işləri deleqasiya edəcəyinizi düşünün və buna uyğun olaraq tapşırıqları müəyyən edin. Əgər siz əməkdaşınıza layihənin büdcəsində dəyişiklik etməyi həvalə etmisinzsə, ondan bütün işlərin həllini tələb edə bilməzsiniz. İqtisadçı Anar Bayramov bildirir ki, deleqasiya əsasən icraçı meneceri texniki, vaxtaparan işlərdən azad etmək, nəticədə  nəzarət və koordinasiya işlərinə daha çox vaxt ayırmasına yönəlir. Yüksək ranqlı menecerin vaxtının çox hissəsinin texniki, şablon işlərə həsr olunması resursların (vaxt, menecer bilikləri) qeyri-səmərəli istifadəsinə gətirib çıxarır. Deleqasiya elə müəyyən olunmalıdır ki, həm həmin işçinin bacarıqlarına uyğun gəlsin, həm də şirkətin ehtiyaclarını ödəmiş olsun.
A.Bayramovun sözlərinə görə, menecer vaxtını elə işlərə həsr etməlidir ki, komandada başqa heç kim həmin işi görə bilməz. Bu məqsədlə vaxtın daha yaxşı idarə olunması səbəbindən menecerlər deleqasiyadan istifadə edirlər. Digər tərəfdən, deleqasiya işçilərdə özünəinamı artırır. Ekspert qeyd edir ki, bəzən işçilər irəli (daha yüksək vəzifəyə) çəkildikdən sonra da əvvəllər gördüyü bəzi "sevimli" işlərindən əl çəkə bilmirlər.Amma həmin işçilər anlamalıdırlar ki, onlar məhz həmin işləri yaxşı gördükləri üçün qabağa çəkiliblər.İndi onlar öz işləri ilə məşğul olmalı,  həmin işlər başqalarına deleqasiya edilməlidir. Bütün işləri eyni adamın görməsi ümumilikdə zərərlidir. Bunun ayrı bir səbəbi şirkətin bir nəfərdən "asılılığı"dır.
Nəticəyə inanın
Ancaq qaydalara, elmi nəzəriyyələrə uyğun deleqasiya etməyin, həm də əməkdaşlarınıza inanın. Tapşırığı yerinə yetirdiyinə görə onu sevindirin, həm də səhv etməyə imkan verin. Tez cəzalandırmayın, etibardan salmayın, əksinə səhvlərini düzəltməsinə icazə verin və ona inandığınızı vurğulayın. Zəif bildiyi məqamlarla bağlı kömək edin. Bacara bildiyi məsələlərin həllini özünə tapşırın. Cavabında ancaq təcrübəli deyil, həm də loyal ekspert qazanmış olacaqsınız.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/521194.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı