ASFALT ÇATI - HEKAYƏ

Çox susqun idi o...Çox... Bir o qədər də çəkingən, qorxaq... Buna görə də sinfimizdə heç kim sevməzdi onu, elə mən də... Ancaq mən həm də ondan qorxurdum. Ən çox da onun göy gözlərindən, ya da yaşıl. Düzü, hələ də o gözlərin rəngini seçə bilməmişəm. Nə idisə qorxunc idi... Buz soyuqluq axırdı onun kipriklərindən insanın ürəyinə doğru. Hər ikimiz uşaq olsaq da, elə bilirdim o məndən qabaq iki - üç həyat yaşayıb artıq, necə deyərlər, dünyanın altını da bilir, üstünü də... O, məndən başqa hamıdan qaçırdı, uzaq gəzirdi, bircə mənə yaxınlaşmağa çalışırdı. Mənsə, bircə onu yaxınıma buraxmırdım. Tənəffüs vaxtlarında belə onunla tək qalmaqdan qorxurdum. O, bircə mənlə dostluğa can atırdı. Amma mən ondan başqa hamı ilə dost idim...

İlk dəfə ondan zəhləm getdi mənim. İlk dəfə ona nifrət etdim...

Onun da atası yox idi mənim kimi... Ancaq məni atasızlığımdan çox atasız olduğumu onun da bilməyi yandırırdı. Hardan öyrənmişdi, necə öyrənmişdi, bilmirəm, ancaq bilirdi. Elə ona görə də mənə yaxınlaşmaq istəyirdi. Mənim isə ən çox buna görə zəhləm gedirdi ondan. Bizim atasızlığımızın arasındakı fərq onun göy (ya da yaşıl, dəqiq bilmirəm), düymə kimi xırda gözləri ilə mənim qara iri gözlərim arasındakı fərq qədər idi... O atasız olsa da, şanslı idi. Axı onun atası ölmüşdü. Mənim atam isə...

Hə, doğru bildiniz, getmişdi mənim atam. Anamı da, məni də, iki yaşındakı bacımı da atıb getmişdi. Özü də başqa qadınla... Özü də qarşı binamızda qalan qadının evinə gedib girmişdi. Bəli, bizimlə üzbəüz binada yaşayırdı, hər gün üz-üzə gəlirdik, ancaq o, bizi tanımırmış kimi yanımızdan ötüb gedirdi...

Mənim beş yaşım vardı o gedəndə, bacımın isə iki... Anamla tez-tez mübahisələri düşürdü, dalaşardılar, daha doğrusu, demək olar ki, hər gün anamı döyürdü. O, evə gələndə anam məni içəri otağa göndərərdi. Bir az keçən kimi atamın əsəbi səsini, anamın "nolar eləmə, bir az sakit, uşaqlar qorxacaq, vurma, nolar, vurma" yalvarışlarını, sonra da hıçqırıqlarını eşidirdim.

Beş yaşım olsa da, ətrafda baş verən hər şeyi dərk edirdim. Uşaq beyni ağ kağızdı deyirlər, ona görə də uşaqlıqda baş verən çox şey yaddaşına həkk olur insanın. Mən isə ömrümün qalanında heç zaman xatırlamaq istəməyəcəyim günləri yaşayırdım. Təəssüf ki, üstündən illər keçsə də, unutmağı bacarmıram...

Hətta bir gün anamın qışqırıqlarına dözməyib otaqdan çıxanda atamın anamı saçlarından tutub dəhlizdə sürüdüyünü gördüm. Anamın ağzından və başından qan axırdı, əllərinin üstü də cırılmışdı. Gördüyüm mənzərədən sonra bircə "ana" deyib qışqırdığım yadımdadı...sonrasını xatırlamıram... Gözümü açanda anam yanımda oturub ağlayırdı, atam isə başımın üstündə dayanmışdı. Mənim ayıldığımı görən kimi "bezmişəm sizdən" deyib üstümə tüpürdü və otaqdan çıxdı. Bu, onu son görüşüm idi, əlbəttə evimizdə...

Bir müddət onu görmədim, düzü, heç maraqlanmırdım da. Ancaq bir gün həyətdə uşaqlarla gizlənqaç oynayarkən qarşı binanın blokunda gizlənmişdim. Onda uzun müddət sonra ilk dəfə gördüm onu... Qolunda qısa ətəkli bir qadınla gülə - gülə bloka girdi və yuxarıda hansısa mərtəbəyə qalxdı. Mən qapının arxasında dayandığımdan məni görmədilər. Ancaq mən gördüm. O deyib gülən insan mənim atam idi, hələ bir dəfə də mənim üzümə gülməyən, anamın dodaqlarını gülüşə həsrət qoyan atam...

Bir dəfə hardasa eşitmişdim ki, asfaltdakı çatlar insanları udurmuş. Kimdən zəhlən gedirsə, kimin ölməyini istəyirsənsə, asfaltdakı çatın üstündə üç dəfə tullanıb həmin insanın adını çəkirsən və "ölsün, ölsün, ölsün" deyirsən, həmin adam ölür. Uşaq ağlımla mən də inanmışdım buna... İlk dəfə həmin gün gizlənqaç oyununu unudub gizləndiyim blokdan çıxaraq həyətdə asfaltın çatlamış hissəsinə qaçdım. O çatın üstündə üç dəfə tullanıb ağlaya - ağlaya "atam ölsün, atam ölsün, atam ölsün" dedim.

Ancaq gecə tutduğum əməldən çox peşman oldum. Səhərə qədər atamın öləcəyi qorxusu məni tərk etmədi, bu dəfə də ağlaya-ağlaya Allaha yalvarıb "atam ölməsin" deyə dua etdim...

Atam gedəndən bir il sonra məktəbə başladım. İlk dəfə onda sıxdı məni atasızlığım. Uşaqların əlindən tutan, çantasını daşıyan atalarını gördükcə daha çox yapışdım anamın zərif əllərindən. Bir anlıq əlimin sərt kişi əlində sıxılması keçdi ürəyimdən... Özümdən xəbərsiz boylandım məktəbin qapısına sarı. Ancaq boş yerə... O heç vaxt yox idi yanımda, indi də olmayacaqdı, bilirdim...

Başım məktəbin həyətində təzə tanış olduğum uşaqlarla söhbətə qarışmışdı. Məktəb tamamilə başqa bir dünya kimi açılmışdı qarşımda.Anam da başqa analarla tanış olmuşdu, söhbət edirdi. Ancaq mənim gözlərim özümdən xəbərsiz boylanırdı məktəb qapısına. Uşaq ürəyim hələ də bir yanın boşluğunu qəbul etmək istəmirdi. Hələ də ümid edirdi ağılsızca...

Birdən o göründü qapı ağzında. Əynində qara kostyum, ağ köynək vardı. Yerişi də həmişəki kimi şax idi. Təzəcə təraş olunmuş üzündə təbəssüm də vardı... Elə bildim yuxu görürəm... Uşaqlardan ayrılıb iki addım ona doğru atdım sevinclə. Ancaq elə bu vaxt arxadan qaçaraq gəlib onun - mənim atamın əlindən tutan uşağı gördüm. Ayaqlarımı yerə mıxladılar elə bil, dondum, tərpənə bilmədim, nəfəs almaq da yadımdan çıxmışdı həmin an. Bu uşağı tanıyırdım, məhlədə oynayanda görmüşdü, məndən bir yaş böyük idi. Ancaq o da birinci sinifə gəlirdi və onu gətirən mənim bir yanımdakı o boşluq idi... Həmin an yıxılan ümidlərimin arxasıyca baxmaq üçün ayaqlarımın altına boylananda çatlamış asfaltın üstündə dayandığımı gördüm. İkinci dəfə onda istədim atamın ölməyini, ikinci dəfə onda o çatın üstündəcə tullanıb "atam ölsün" dilədim.

Ondan sonra çox görürdüm onu, onuda, “övladını” da. Mənim atam başqasına atalıq edirdi... Mənə atalıq etməyən atam... Son dəfə evdən çıxanda mənə tüpürüb çıxan atam başqasının övladını öpürdü, sığallayırdı, məhəbbət göstərirdi.

O göy göz sinif yoldaşımı tanıyandan sonra atama daha çox nifrət etdim. Onun atası ölmüşdü, mənim atam isə bizi atıb getmişdi. Özü də atası ölmüş o göy gözə atalıq etmək üçün getmişdi bizdən… Onun iki atası var idi, mənim isə bir atam belə mənə ata olmaqdan imtina edib övladı kimi onu seçmişdi. Ancaq o, bunu bilmirdi, heç vaxt da bilmədi. Çünki demədim. “Mənim atam məndən imtina edib sənə atalıq edir” deyə bilmədim. O, mənim atamın öldüyünü zənn edirdi, deyəsən. Ona görə də tez-tez mənə yaxınlaşmağa çalışırdı. Mən isə ondan qorxurdum, ona nifrət edirdim. O, mənə yaxınlaşdıqca isə məni atasız qoyan atama daha çox nifrət edir, məktəbin arxasındakı çatlamış asfaltdan daha çox istəyirdim atamın ölümünü...

O çatdan atamın ölümünü istədiyim hər gecə məni də, atamı da bağışlaması üçün daha çox yalvarırdım Allaha...

"Atamı öldürmə, Allahım, mənim atamı öldürüb o göygözü ikinci dəfə atasız qoyma..."

Şəhanə Müşfiq

O göy gözü tanıyandan sonra...