Harun Ər-Rəşid bir gecə yuxusunda bütün dişlərinin töküldüyünü, yemək yeyə bilməyəcək hala gəldiyini görür. Həyəcan və qorxu içində oyanır. Vəzirini çağırıb sarayın münəcciminin dərhal hüzuruna gətirilməsini əmr edir. Münəccim gəlir.
Harun Ər-Rəşid gördüyü yuxunu ona nəql edir və deyir:
- Bu yuxu xeyirdir, yoxsa şərdir?
Yuxuyozan bir az fikirləşir, sonra qorxu və həyəcanla deyir:
-Şərdir, hökmdar. Uzun yaşayacaqsınız və bütün yaxınlarınızın gözlərinizin qarşısında bir-bir öldüyünü, sizi bu dünyada tək qoyduğunu görəcəksiniz.
Saraya bir anlıq səssizlik çökür, sonra Harun Ər-Rəşid qəzəblə bağırır:
- Tez olun, atın bunu zindana, fəlakət xəbərçisinin axırı necə olur, öyrənsin! Münəccimi zindana atırlar. Harun Ər-Rəşid başqa bir müəccimin hüzuruna gətirilməsini əmr edir və yuxusunun necə yozulduğunu bilmək istəyir.
Hüzura gətirilən münəccim bir az düşününr, üzünə təbəssüm, gözlərinə işıltı verib sevinərək deyir:
-Xeyirdir, padşahım! Bu yuxu bütün yaxınlarınızdan daha uzun yaşayacağınızı göstərir. Daha neçə illər boyu ölkənizi özünüz idarə edə biləcəksiniz!
Harun Ər-Rəşid sevinir, dərhal əmr edir:
-Bu münəccimə iki kisə qızıl verin!
Hadisəni əvvəldən sonadək izləyən saray əyanları təəccüb içində münəccimdən soruşurlar:
-Əslində, siz ikiniz də yuxunu eyni cür yozdunuz, bəs necə oldu ki, ona zindan, sənə isə qızıl düşdü?
Münəccim gülərək deyir:
- Əlbəttə, eyni şeyi söylədik, amma əhəmiyyətli olan nə söylədiyin deyil, necə söylədiyindir...
(“Qabusnamə”dən parça)
Bir çox insanı da elə bu sual düşündürür : “Axı, nə dedim, nə etdim ki, nəticəsi belə oldu?” Və buna görə də çox vaxt taleyi, qisməti, başqalarını günahlandırıb, elə hey şikayət edərlər. Amma işin sirri DANIŞIQ SƏNƏTİNİ bilməməkdir.
Gözəl nitq qabiliyyəti və ya diksiya-çoxları elə zənn edir ki, bu, yalnız aparıcılara və hərdən ictimaiyyət qarşısında çıxış etməli olan məmurlara lazımdır. Bəs başqalarına necə, lazım deyil? Məgər onlar cəmiyyətdə yaşamaq üçün ünsiyyətprosesindən-nitqdən istifadə etmir?
Danışmağı bacaran hər kəs dili bilir. Amma bir dildə fikri izah edə bilməkhələ o dili bilmək anlamına gəlmir. Qulağı “cırmaqlayan” nazik - qalın, xırıltılı səslər, danışan adam haqqında dərhal mənfi təəssürat yaradan ləhcə, qıcıqlandırıcı “ç” və “c” səsləri, danışarkən söz tapa bilməyib fikri dolaşıq ifadə etmək və s. kimi çoxlu sayda nitq qüsuru var.
Təcrübə göstərir ki,nəninki sıravi vətəndaşlar, hətta bəzi yüksək, məsul vəzifələri icra edən şəxslər, özləri başqalarına nümunə olmaq məcburiyyətində olan aparıcılar da bəzən fikirlərini dolaşıq, anlaşılmaz şəkildə ifadə edirlər.
Çox uzağa getməyək, qardaş Türkiyədə hətta ali təhsili belə olmayan bir çox insan özünü necə gözəl ifadə edir?!Fikirlərini necə səlis səsləndirirlər! Təkcə informasiya proqramlarına baxmaq kifayətdir ki, hansısa məsələ ilə bağlı keçirilən sorğularda sıravi vətəndaşın nitq qabiliyyətinə heyrət edək. Gözəl danışıq qabiliyyəti onlara hələ uşaq yaşlarından aşılanır. Amma bizdə vətəndaşa adicə “Bakı necə şəhərdir?” sualını versək, ya “yaxşı”, “qəşəng”, “maraqlı” kimi bir kəlməlik cavab verəcək, ya da iki-üç cümlə qurub dəfələrlə “aaaa”, “ıııııı” kimi heç bir məna kəsb etməyən səslər çıxaracaq, bir sözü bir-neçə dəfə təkrar edəcək və cəmi 20 saniyədən sonra dinləyəni bezdirəcək.
Yaşadıqca, müşahidə edib nəticə çıxardıqca belə qənaətə gəldim ki, nitq qabiliyyəti insana qida, hava və su, yuxu kimi vacib həyati vasitədir. Təəssüf ki, bir çoxu dərk etmir ki, biz insan cəmiyyətində yaşayırıq, ünsiyyət qurmasaq, heç nə əldə edə bilmərik. Yaxşı yaşayırıqsa, münasibətlərimiz əladırsa, bunun səbəbkarı özümüzük. Qabiliyyətli olduğumuzu düşündüyümüz halda özümüzə normal iş tapa bilmiriksə və ya insanlarla dil tapıb sevilən insan olmağı bacarmırıqsa,yenə də günahkar özümüzük. Səbəblərdən biri gözəl danışıq qabiliyyətinin olmamasıdır.
Yaxşı münasibətlər qurmaq uğur və qazanc deməkdir. Gözəl nitq qabiliyyətinə yiyələnmək ömürlük hörmət və mənəvi sərvət deməkdir. Amma bəziləri nəyi, harada, necə demək lazım olduğunu bilmirlər. Misal üçün, cinayətlərin çoxu nəyin üstündə baş verir? Nalayiq söz, yersiz söhbət, şit zarafat, dinləmə mədəniyyətinin olmaması səbəbindən baş verən yanlış anlaşma...
Dildən doğru-düzgün bir şəkildə istifadə etməsək, düşüncələrimizi də düzgün çatdıra bilməyəcəyik. Diksiya sənətini öyrənməyə başladıqda bir çoxunuz indiyə qədər heç düzgün nəfəs almadığınızı da biləcəksiniz. Nəfəs alanda çiyinləriniz qalxır, yoxsa qarnınız şişir? Yəni, siz diafraqmadan nəfəs alırsınız, yoxsa sinədən? Çoxunuz sinədən nəfəs aldığınızın şahidi olacaqsınız. Bu isə o deməkdir ki, siz diafraqma adlı pərdənin funksiyasından qətiyyən istifadə etmirsiniz. Vəağciyərin yalnız 1/3 hissəsini hava ilə doldurub nəfəs alırsınız. Bunun sizin nitqinizə təsirini bir kənara qoyaq, hər şeydən əvvəlsağlamlığınıza nə qədər ziyanı var!? Orqanizmi oksigenlə tam təmin etməmək bir sıra xəstəliklərin yaranma səbəbidir.
Çox vaxt şəxsi və iş münasibətlərdəki uğur və uğursuzluqların tək səbəbi nitqdir-yəni, ağzımızdan çıxan sözlər və nitq mədəniyyətinin bir parçası olan bədən dilimizdir. Misal üçün, iş yerində müdirin hansısa bir sözünə susub cavab verməsəniz də, çatılmış qaşlarınız, əsəbi şəkildə dodaqlarınızı çeynəməyiniz və çıxarkən qapını sürətli bir şəkildə açıb getməyiniz artıq sizi ələ verib. Və əmin olun ki, “qara siyahı”ya düşdünüz və mütləq bədən dilinizi idarə edə bilməməyiniz sizi işinizdən edəcək.
Natiqlik çox qədim sənətdir. Hələ qədim Romada, Yunanıstanda bu işin ustaları var idi. Onlar kütlə qarşısında çıxışlar edib minlərlə insanı məhz gözəl nitqlərinin sayəsində arxalarınca aparmağı bacarırdılar. Həmin natiqlər hakimiyyətdəolan qüvvələrin ən dəyərli, əvəzolunmaz adamları hesab olunurdu.
İstər siyasətdə, istərsə də digər sahələrdə öz gücünə uğur qazananların hamısı istisnasız gözəl nitq qabiliyyətinə sahib olan insanlardır. Ustad natiqlərdən biri olan Bernard Şou özü haqqında bunu deyirdi: “Mən danışmağı buz üstündə sürüşməyi və yaxud velosiped sürməyi ilk dəfə öyrənən uşaq kimi öyrənmişəm; dəfələrlə yıxılmışam, dostlarımı özümə güldürmüşəm, amma axırda öyrənmişəm”.
Bernard Şounu Tomas Edisson İngiltərədə açdığı bir şirkətin başına gətirərək, məhz natiqliyi üçün ona yüz minlərlə dollar pul ödəmişdi. Deli Kornegin, Filip Kotler kimi insanlar da dünyanın ən varlı natiqləri olaraq tanınırlar. Bəlkə də bu sətirləri oxuyanda bir çoxnuz qibtə etdiniz: “Kaş, məndə də bu qabiliyyət olardı, mən də məşhur natiq olardım”. Siz nitq mədəniyətini öyrənərək bəlkə tanınmış natiq olmaya bilərsiniz, amma ətrafınızdakı insanlar, iş yerinizdəki kadrlar arasında mütləq fərqlənə biləcəksiniz. Gözəl danışıq qabiliyyəti bütün sahələrdə çalışan hər kəsi inanılmaz uğurlara çatdıra bilər.
Boy-buxunlu, güclü-qüvvətli bir adama baxan arıq, sısqa biri deyir:
-Mən də sizin kimi belə boy-buxunlu, əzələli olsaydım, ağır atletika üzrə çempion olardım.
O biri adam isə gülə-gülə belə cavab verir:
-Yaxsı, bəs, səni yüngül atletika çempionu olmağa nə qoymur ki?...
Mövcud imkanları ilə ən yaxşısını bacarmaq hər kəsin öz əlindədir. Sizdə sehirli çubuq var…
Nitqimizin mədəni olması diləyi ilə…
Cəlalə Nəzəroğlu