"Özümü təhqir olunmuş hesab edirəm"
Aktrisa Günel Məmmədovanın Milli.Az-a müsahibəsi.
- Günel xanım, deyirlər ki, birdəfəlik Lənkərana köçmüsünüz. Kənd həyatı sıxmır sizi?
- Xeyr, kəndə köçməmişəm, amma deyəsən, elə axırda köçəcəyəm. Çəkildiyim "Günəşim ol" serialı ilə bağlı olaraq Bakıda cəmi 1-2 gün oluram. Tamaşalarımı oynayan kimi yenidən kəndə qayıdıram. Mən ora həmişəlik yaşamağa getməmişəm ki, kənd həyatı məni sıxsın. Mən şəhərdə böyümüşəm, burda da bütün günü ora-bura qaçıram. Mən kənddə yaşaya bilmərəm, çünki şəhərə öyrəşmişəm. Kənd həyatı isə sakit, hüzur içində bir həyatdır.Təbii ki, elə anlar olur ki, insan hər şeydən uzaqlaşıb sakit yaşamaq istəyir. Amma bir ömür boyu yox, sakit həyat mənlik deyil.
- Uşaqlığınız necə keçib?
- Uşağlığım çox maraqlı keçib, çünki uşaq yaşlarımdan sevdiyim işlə məşğul olmuşam.Çəkilmişəm, səhnədə olmuşam. Ümumiyyətlə mən monoton həyatı sevmirəm. Mənə daima yenilik lazımdır, öz həyatımı maraqlı və rəngarəng etməyi sevirəm.
- Oyuncaqlarla sosial şəbəkədə fotolarınızı paylaşırsınız. Heç olubmu ki, kimsə sizi buna görə qınasın?
- Oyuncaqları dəhşətli dərəcədə sevirəm, evdə artıq oyuncaqların əlindən yer yoxdur. Qınamayıblar, amma hərdən buna görə danlanıram. Deyirlər ki, sənin oyuncaq yığan vaxtındır? Amma buna baxmayaraq həmin insanlar da həmişə tamaşalarıma gələndə oyuncaq alırlar (gülür).
- Düz deyirlər də. Sizin cehiz yığan vaxtınızdır.
- Düzdür, ona görə də mən oyuncaqlarımı cehiz aparacağam.
- Qorxmursunuz gələcək qayınananızın qəzəbinə tuş gələrsiz?
- Qətiyyən qorxmuram, gəlini cehizə görə sevmirlər ki, özünə görə sevirlər.
- Şəxsi həyatınızda nə yenilik var?
- Şəxsi həyat haqda danışmağı sevmirəm. Şəxsi həyat məncə elə şəxsi qalmalıdır. Elə şeylər var ki, toxunulmazdır.
- Yaşa dolmuş bir çox aktrisalarımız var ki, sonda tək qalır. Nə vaxtsa onların taleyini yaşamaqdan qorxmusunuz?
- Xeyr, mən niyə tək oluram ki? Allah mənlə olsun bəsimdir. Yanımda əgər saxta insanlar olacaqsa, elə tək qalmaq yaxşıdır.
- Saxta deyəndə kimləri nəzərdə tutursunuz?
- Konkret hansısa insandan danışmıram, ümumilikdə dedim. Çünki elələri olsa belə, mən onları silirəm, imkan vermirəm ki, yanımda olsunlar.
- Çox kinlisiniz?
- Bəli.
- Kimləri bağışlamırsınız?
- Bağışlamıram yox, öldürüb basdırıram. Mən əslində şans verirəm, o şansı aşana ölüm sərəncamı verirəm.
- Teatrda köhnə tamaşalarda oynayırsınız, yoxsa yeni?
- Köhnə tamaşalarda da oynayıram, yenilərini də hazırlayırıq. İnşallah aprel ayının 5-ə "Yarımçıq qalmış" adlı bir tamaşa hazırlanır. Tamaşanın quruluşcu rejissoru Vaqif Əsədov, müəllifləri isə Ə.Abramov və Leyla bəyimdir. Bir çox tamaşalarda oynamışam, amma bu tamaşa kimi ürəyimə toxunan tamaşa olmayıb. Çox maraqlı səhnə yorumu var, həm məsuliyyətli, həm də psixoloji bir tamaşadır. Onu da qeyd edim ki, tamaşa aprel şəhidlərinə həsr olunub.
- Günelin hansı arzusu həyatda yarımçıq qalıb?
- Şükür Allaha hələ ki, heç bir arzum yarımçıq qalmayıb. Ümid edirəm ki, heç qalmayacaq da. Amma etiraf edim ki, qəribədir, özümü dərk edəndən həmişə qorxmuşam ki, həyatda nəyisə çatdırmaram. Həmişə tələsmişəm ki, nəyisə həqiqətən yarımçıq qoyub gedərəm.
- Günel son zamanlar aktrisaların gündəmə açıq-saçıqlıqla gəlməsi yaman dəb halını alıb. Bir gecəyə məşhurlaşırlar. Sənətlə məşhurlaşmaq artıq çətindirmi?
- Söhbət peşəkar, ali təhsilli aktrisalardan gedirsə, mən hələ ki, belələrini görməmişəm. Bəlkə də var, amma mən Lənkəranda olduğumdan çox vaxt xəbərim olmur. Açıq saçıqlıqla səhnəyə gələnlərin əksəriyyəti qeyri peşəkarlar, yəni həvəskarlardır. Mən pis baxmıram və qınamıram, bu hər bir kəsin öz şəxsi işidir. Hər bir kəs öz işinə cavabdeh olmalıdır. "Aktyor", "aktrisa" sözlərini hər filmdə çəkilənə aid etmək olmaz. Çünki bu sözlər çox müqəddəsdir. Bu ən azından peşəkar aktyor aktrisalara təhqirdir. Mən şəxsən belə hallarda özümü təhqir edilmiş hesab edirəm.
- Özünüzü peşəkar aktrisa hesab edirsiniz?
- Mən xeyr, düzdür ali savadım var, Moskvada məktəb oxumuşam, taleyimə həmişə titanlarla səhnədə, filmlərdə çəkilmək yazılıb. Amma bütün bunlarla belə mən özümü peşəkar saymıram. Çünki öyrənməli, yiyələnməli o qədər şeylər var ki, mən hələ də onlara can atıram.
- Günel sosial şəbəkədə də çox aktivsiniz. Heç qıcıq yaradan izləyiciləriniz olurmu?
- Əlbəttə olur, amma elələrini sadəcə bloka atıram.
- Bəs intiqamları necə olur?
- Nəyə görə intiqam alsınlar ki? Ölüm-itim olmayıb ki. Sadəcə məni bəyənməyiblər və mən də onları bloka atmışam.
- Hazırda "Bozbaş pictures"də bir çox aktrisalar çəkilir. Heç istərdinizmi onlarla əməkdaşlıq edəsiniz? "Bu şəhərdə" komandası ilə vaxtilə çalışdığınızı bilirəm. Bu iki komandanı necə fərqləndirə bilərsiniz?
- "Bu şəhərdə" komandası ilə işləmişəm, onların xətrini çox istəyirəm. Çünki onlar həqiqətən də hörmətcildirlər. Mən bu cür şeylərə çox böyük önəm verirəm. Böyük məmnuniyyətlə yenə də onlarla işləyərdim. "Bozbaş pictures"ə isə sözün düzü hələ baxmamışam. Amma bilirəm ki, universitet illərindən tanıdığım uşaqlardır o komandada. O qədər də məlumatım yoxdur.
- Qorxmursunuz ki, sizdən inciyərlər?
- Əslində istəmərəm incisinlər, heç kimin xətrinə dəymək istəmirəm. Amma həqiqətən də vaxt olmadığına görə baxa bilmirəm, bir neçə film çəkildi, heç birinə baxa bilmədim. İnanıram ki, onların özü də elə mənim günümdədirlər.
- Təhlükə və qorxu ilə işlədiyiniz bir filminiz olubmu?
- Qazaxıstanda "Kin" (yəni günəş) adlı bir filmdə çəkilirdim. Üstümə çoxlu sayda ilan buraxmışdılar. Elə oldu ki, səhəri gün bütün bədənim səpdi. İlanların dərisi çox soyuq olur, yəqin ki, allergiya vermişdi.
- Xarici ölkələrdə çox çəkilmisiniz?
- Düzünü deyim ki, dəvətlər çox olub, amma ya ailəm qoymayıb, ya da ki, rol mənə uyğun olmayıb. Amma bir çoxuna da çəkilmişəm. Nə yalan deyim, eləsi də olub ki, imtina etdiyim üçün peşman olmuşam. Həm obraza görə, həm də orada verilən qonorara görə.
Əli Rəhimoğlu
Milli.Az