Polis rəisinin müavini: “Ayseli bölməyə çağırdıq” – MƏHKƏMƏ QEYDLƏRİ

Polis rəisinin müavini: “Ayseli bölməyə çağırdıq” – MƏHKƏMƏ QEYDLƏRİ
15:19 7 Yanvar 2015
160 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda 2 aylıq uşağı oğurlamaqda təqsirli bilinən Xırda Babayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hal şahidləri dindirilib.

 

Kürsüyə ilk olaraq şikayətçi, uşağı oğurlanan Aysel Əhmədovanın anası Zümrüd Hacıyeva gəlib. O, çıxışında əvvəllər Xırda Babayevanı tanımadığını deyib. “Hadisə olan gün qızımla evdə idik. Aysel evdən çıxıb, keçmiş əri ilə görüşəcəyini bildirdi. Bir müddət keçdi. Qonşumuz Mehriban zəng edib dedi ki, Heydər Əliyev fondundan Ayselə kömək eləməyə gəliblər. Mən də şükür etməyə başladım ki, Tanrı bizim də üzümüzə baxıb. Özünü Nailə xanım kimi tanıdan qadın evə gələndə pampers, uşaq yeməkləri, çörək alıb gətirmişdi. Sonra uşaqlarla və Aysellə birlikdə parka gəzişməyə getdilər. Saat 8 idi, bacısı Ayselə zəng elədi ki, harada olmasını dəqiqləşdirsin. Aysel dedi ki, yaxşıdı və Nailə ilə birgə taksi ilə evə qayıdacaq. Saat 10 olardı, Aysel evə zəng vurdu. Ağlayırdı, uşaq və qadının yoxa çıxdığını bildirdi. Bundan sonra biz ailəliklə Sumqayıt şəhər 4-cü Polis Bölməsinə getdik. Bir anlıq qızımın keçmiş ərindən də şübhələnmişdim”.

 

Dövlət ittihamçısı, ittiham olan şəxs və vəkilinin suallarını cavablandıran Zümrüd Hacıyeva azyaşlı uşağın pulla satılması iddiasına belə aydınlıq gətirdi. “Mənim 4 uşağım var, mən öz uşaqlarımı satmışam ki, mənim balalarım öz uşaqlarını satsın? Çantamda çörək var, ona and olsun ki, bu qadın cinayətkardır, biz uşaq satan deyilik. Körpəmizi oğurlayıb”.

 

Zümrüd Hacıyevadan sonra kürsüyə hadisə baş verən parkın yaxınlığındakı marketin admistartoru Samir Vəliyev gəlib. O, hadisə zamanı heç nədən xəbəri olmadığın deyib. “Oturmuşdum marketdə, polis əməkdaşları gəlib, bu ərazidə uşaq oğurlanmasını dedilər. Bizim marketində içində və çölündə təhlükəsizlik kameraları vardır. Məndən kamera çəkilişlərini istədilər. Əvvəlcə bir yerdə baxdıq, həmin hadisə görüntülənmişdi. Beləliklə, kameranı apardılar”.

 

Market işçisindən sonra ifadə verməyə hadisənin hal şahidi kimi uşağı oğurlanan ailənin qonşusu Mehriban Qasımova gəlib. O, da Xırda Babayevanı əvvəlcədən tanımadığını, özünü Nailə kimi təqdim etdiyini və onun Heydər Əliyev Fondunun adından istifadə etdiyini dedi. “Həyətdə yun çırpırdım. Bu xanım gəlib (Əli ilə X.Babayevanı işarə edərək), qonşuluqda yaşayan Ayselin harada olduğunu soruşdu. Məndə onu haradan tanıdığını, nə üçün axtardığını dedim. Cavab verdi ki, Ayselə yardım edəcəklər bildirib. Mən də zəng eləyib, Ayselə dedim ki, gəl sənə yardım etmək istəyən gəlib. O, gələndə Xırda Ayselə harada olduğunu, çoxdandı onu gözlədiyini dedi. Bilmirəm onlar əvvəlcədən tanış idilər, ya yox. Aysel isə fikirli idi. Keçmiş ərini məhəllədə olduğunu dedi. Onlar Xırda ilə Ayselgilə qalxdılar. Axşamçağı birdə gördüm hay-həşir düşüb. Polis əməkdaşları məni polis bölməsinə dəvət etdilər. Səbəb kimi, qapı-qonşumuz Ayselin balaca qızının-Aylinin oğurlandığını dedilər. Heyrətə gəlmişdim”.

 

Qonşudan sonra Xırda Babayevanı parkın qarşısından avtovağzala gətirən, təhlükəsizlik kameralarına düşən “Mercedes” markalı avtomobilin sürücüsü Əli Kərimov ifadə verib. Taksi sürücüsü hadisədən xəbərdar olmadığını sadəcə qadının ona tez sür dediyini xatırlayıb. “Qadın avtomobilə minən kimi, uşağın xəstə olduğunu, tez Bakıya sürməyimi istədi. Mən isə maşınım nasaz olduğunu, Bakıya gedə bilməyəcəyimi bildirdim. Onu Sumqayıt avtovağzalına gətirdim. Mənə 3 manat pul verdi”.

 

Taksi sürücüsündən sonra kürsüyə Aysel Əhmədovanın keçmiş həyat yoldaşı Rasim Əhmədov gəlib. O, ifadəsində həyat yoldaşından xeyli vaxtdır ayrıldığını, hadisə günü onunla görüşdüyünü bildirdi: “Hadisə olmamışdan əvvəl Aysel və 3 uşağımla görüşdüm. Oğluma sünnət toyu etmək istəyirdim. Görüşdük, amma Aysel mənə Xırda Babayeva haqqında heç nə demədi. Nə, yardım, nə də başqa bir şey. Mənim özüm ondan ayrılandan sonra ailə həyatı qurmuşam. 3 uşağıma da aliment verirəm. Sumqayıtda avtobus sürücüsüyəm. Hadisə olandan sonra polis bölməsindən zəng edib, oraya gəlməyimi tələb elədilər. Getdim, gördüm ki, Aysel və onun valideynləri oradadır. O zaman bildim ki, Aylini qaçırıblar“.

 

Sumqayıt şəhər 4-cü Polis Bölməsinin rəisinin müavini Kənan Nəbiyev də ifadə verib. “Hadisə ilə bağlı qaynar xətdən bizə məlumat gəldi. Dərhal Aysel xanımı bölməyə dəvət etdik. Hadisənin təfərrüatlarını öyrənəndən sonra qadının əlamətlərini dəqiqləşdirdik. Hadisə yerindəki təhlükəsizlik kameralarından qadını tapdıq. Bir müddət keçəndən sonra qadının Xırda Babayeva olduğunu öyrəndik. Evinə getdik”.

 

Polis əməkdaşının sözlərinə görə X.Babayevanın qeydiyyatda olduğu ünvana gedəndə qapını açan qadın onları içəri buraxmaq istəməyib. Polis əməkdaşları buna baxmayaraq içəri giriblər və uşağı həmin mənzilin yataq otağında tapıblar. X.Babayeva əvvəlcə polislərə uşağı nəvəsi kimi təqdim edib. Körpənin sənədləri tələb olunanda o, çıxılmaz vəziyyətə düşüb.

 

Məhkəmə prosesi yanvarın 14-də davam etdiriləcək.

 

 

Qeyd edək ki, 2014-cü ilin avqustun 13-də Sumqayıt şəhər sakini Aysel Əhmədova Daxili İşlər Nazirliyinin “102” xidmətinə və Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək həmin gün azyaşlı uşaqları ilə birlikdə şəhərdəki “Nəsimi” adına parkda olarkən 2 aylıq qızı Aylinin tanımadığı qadın tərəfindən oğurlandığını bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xırda Babayeva sentyabrın 3-də tutulub.
Müəyyən edilib ki, 2004-cü ildən Türkiyə Respublikanın vətəndaşı ilə ailə qurmuş Xırda Babayeva övladları olmadığına görə yeni doğulmuş uşaq oğurlamaq niyyətinə düşüb. Bu məqsədlə Sumqayıt şəhərində qaçqın ailələrinin kompakt yaşadıqları yerə gəlib, sakinlərə özünü “İmkansız ailələrə yardım fondu”nun nümayəndəsi kimi təqdim edərək yeni doğulmuş və köməyə ehtiyacı olan ailələrlə maraqlanıb.
Orada Aysel Əhmədova ilə tanış olub, körpəsini gördükdə onu oğurlamaq qərarına gəlib. Gənc ananın inam və etibarını qazanmaq üçün özü ilə gətirdiyi ərzaq məhsullarını da həmin ailəyə verib, onlarla birlikdə parka gəzintiyə çıxıblar. Yaranmış fürsətdən istifadə edən Xırda Babayeva körpəni oğurlayaraq hadisə yerindən yayınıb.

 

Qeyd edək ki, A.Əhmədova körpəsini daha sonra uşaq evinə verib. O, bu qərarını övladını saxlaya bilməməsi ilə izah edib.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR