Hər həftə sonu Xəzər TV tamaşaçılarını "Oyan Azərbaycan" deyərək səsləyən sevilən aparıcı Firuzə Cəlilova şənbə səhəri televizor qarşısında olanlara maraqlı sualla müraciət edib. Bununla da verilişdə "Yemək, yoxsa pəhriz saxlamağı üstün tutursunuz?" mövzusu müzakirəyə açıq elan olunub.
Ardınca studiyaya dəvət olunan qonaqlar-məşhur aparıcı, dietoloq Tutu Zeynalova, sevilən aparıcı və aşpaz Ağakərim Əbülfəzoğlu da bu mövzunu tamamlayıb. Bu arada aşpaz Ağakərim studiyaya daxil olar-olmaz Firaya jest edərək əvvəlcədən hazırladığı italyan desertini (Tiramisu) təqdim edib. Bununla da Ağakərim Əbülfəzoğlu dadlı təamların hazırlanmasından, Tutu Zeynalova isə qidalanarkən diqqət etməli olduğumuz məqamlardan danışıb.
"Oyan Azərbaycan" verilişini təbii ki, musiqisiz təsəvvür etmək qeyri-mümkündür. Bu dəfə tezdən oyanan fanatları üçün əməkdar artist Səlim Abbasov ifa edib.
Hər dəfə maraqlı və qeyri-adi yenilikləri ilə gündəmə gələn "Oyan Azərbaycan" proqramı yenə izləyicilərini yaxşı mənada təəccübləndirib. Bu həftədən etibarən verilişdə "Reklam vaxtı baş verənlər" adlı rubrika start götürüb.
Belə ki, bir neçə həftə öncə proqramda qonaq olan populyar meyxanaçı Pərviz Bülbülə, sevilən aktyorlar Müşfiq Şahverdiyev və Fərda Xudaverdiyevin reklam fasiləsindəki kadrları tamaşaçılara nümayiş olunub. Görüntülərdə Pərviz Bülbülənin ifa etdiyi musiqili meyxananın sədaları altında Müşfiq Şahverdiyev və Fərda Xudaverdiyevin müxtəlif rəqslər etdiyi əks olunub. Bu da əlbəttə ki, qonaqlar və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Səhər proqramının bazar buraxılışı da rəngarəngliyi ilə seçilib.
Milli.Az bildirir ki, uzun müddətdir efirlərdən uzaq düşən əməkdar artist Ruhəngiz Allahverdiyeva və şair, əməkdar incəsənət xadimi Baba Vəziroğlu Firanın qonaq kürsüsündə əyləşiblər. "Oyan Azərbaycan" izləyiciləri Ruhəngiz Allahverdiyevanın sevimli ifaları ilə yanaşı, Baba Vəziroğlunun səsləndirdiyi şeirlərdən də böyük həzz alıblar.
Elə şeirdən söz düşmüşkən, hər həftə bir məşhur və uğurlu insanın qonağı olan Azər Bəy isə "Uğur düsturu"nda son vaxtlar şeirləri ilə gündəmdən düşməyən Elza Seyidcahanla həmsöhbət olub. Əməkdar artist biri-birinin ardınca sıralanan sualları elə özünəməxsus şəkildə, bəzən isə şeirlərlə cavablandırıb.
Səhər proqramı həmçinin hər həftə müxtəlif mövzularda hazırlanan və gündəmi əks etdirən 20-dən çox reportaj və videomaterialları tamaşaçılarına təqdim edir. Verilişin içində yer alan digər rubrikalar("İş verən", "Haqqım var", "Balalar bilirmi?!", "Sərhədsiz", "Xərci var", "Bilirsinizmi", "Qadın nə istəyir?!", "Biş-düş", "Kəndçi", "Möhkəm ol", "Özünü sına", "Meqapolis", "Dostum", "Düzələr", "Ulduzlu uşaq", "Uğur düsturu" və s.) da xüsusi mövzuları və yanaşmaları ilə seçilir.
Hər buraxılışda gündəmi əhatə edən mövzular həm ekspertlərlə, həm də tamaşaçılarla müzakirə olunur.
Trend.az, Day.Az, Milli.Az-ın informasiya dəstəyi ilə yayımlanan proqramın layihə rəhbəri Firuzə Cəlilova, baş redaktoru Sərvər Abdullayevdir. Foto dəstəyi Bakupic Group-a aiddir. Veriliş Xəzər TV-də hər həftənin şənbə və bazar günləri, saat 8:00-11:00 radələrində efirə çıxır.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Videonu izləmək üçün şəklə klikləyin:

