Aktyor Ramiz Sərkərov anıldı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında istedadlı aktyor, mərhum Ramiz Sərkərovun anım günü keçirilib.

Metbuat.az xəbər verir ki, vəfatının 10-cu ildönümünə həsr olunmuş tədbirdə aktyorun ailə üzvləri, yaxınları, sənət dostları, teatrın direktoru, əməkdar artist Mübariz Həmidov, xalq artistləri Vaqif Əsədov, Ağaxan Salmanlı, Yasin Qarayev, teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, aktyorlar Natiq Fərzəliyev, Mehriban Abdullayeva, Elnur Hüseynov çıxış edib.

Aktyorun ifa etdiyi tamaşa və televiziya filmlərindən video görüntülərin nümayiş eytdirildiyi mərasimdə teatrın aktyoru, Kalmıkiya Respublikasının əməkdar artisti İlham Əsədov Ramiz Sərkərovun sevdiyi mahnıları səsləndirib.

Tədbirin sonunda sənətkarın qardaşı Şahin Sərkərov çıxış edərək, tədbirin keçirilməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirib.

Qeyd edək ki, Ramiz Sərkərov 3 iyul 1959-cu ildə Qax rayonunda anadan olub. 1987-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1980-ci ildən Gənc Tamaşaçılar Teatrında işləməyə başlayıb. Əvvəlcə texniki vəzifələrdə çalışan R.Sərkərov sonralar aktyor kimi fəaliyyət göstərib və müxtəlif maraqlı obrazlar yaradıb.

R.Sərkərov Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində İsa (Açıl, bənövşəm açıl” İ.Coşğun), Kamil (“Ərizə” Ə.Əmirli), Aktyor (“Cəza” Ə.Əmirli), Eldəniz (“Mağara” A.Həsənzadə), Sarıköynək (“Sarıköynək günəşi necə gətirdi?” N.Qocaoğlu), Süleyman paşa (“Mahmud və Məryəm” Elçin), A.M.Şərifzadə (“Ölüm hokum” Elçin), Qara div (“Ağ div və qara div” Ə.səmədli), Vahan (“Yaddaş ağrısı” H.Mirələmov), Şair Əmiri (“Molla Nəsrəddin və Əmir Teymurun filləri” Əjdər Ol), Ksanf (“Ezop” G.Fiqeyredo), Hüseyn dayı (“Mustafa” O.Asena), Sərkis (“Hacı Qara” M.F.Axundzadə), Padşah (“Danışan gəlincik” A.Şaiq) kimi olduqca yaddaqalan obrazlar canlandırıb.

Sənətkar 7 aprel 2007-ci ildə vəfat edib.

Aytən Novruzova / Metbuat.az

Orxan Line


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR