Cümə günündən başlayan leysan yağışlar nəticəsində İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Kürdüstan, Zəncan, Kirmanşah və Mazandaran əyalətlərində sel və daşqınlar baş verib.

Daşqınlar nəticəsində ümumən 50 nəfər adam dünyasını dəyişib, 100-lərlə insan isə xəsarət alıb. Bəs, bütün bu fəaləkətlərin qarşısı vaxtında alına bilərdimi?

Bu və bu kimi suallarımızın cavabını isə cənubi azərbaycanlı jurnalist Əlirza Zamani cavablayıb:

“Cənubi Azərbaycan, xüsusi ilə də Təbriz tərəf dağlıq ərazilərdir. Qışda qar çox yağır. Elə kəndlər var ki, yollar tamamilə bağlanır. Yaz fəsli gələndə həm yağış suyu, həm də əriyən qarların suyu çaylara toplaşır. Çaylarda da çoxdandır təmizlənmə işləri getmir. Ona görə su gəlir kəndləri və yolları basır. Düzdü, tək günahı rəsmi qurumların boynuna atmaq olmaz. Amma bu problem onların məsuliyyətsizliyindən irəli gəlib. Bir həftə öncədən Hidrometrologiya şöbəsindən xəbərdarlıq etmişdilər ki, burda sel və daşqınlar olacaq. Ona görə bir həftə öncədən gərək tədbirlər görüləydi. İnsanları başqa yerlərə köçürtməli, yolları bağlamalıydılar. O körpülərdə hərəkəti dayandırmaq gərək idi. Bunun nəticəsində daha çox tələfat oldu. Ümumiyyətlə, 90 kəndə ciddi ziyan dəyib. Onlardan 70-də işıq, su və qaz kimi kommunal problemlər ortaya çıxıb. Daşqınlar150 milyard İran riyalı həcmində bölgəyə ziyan vurub. 50 ölü və 100-lərlə yaralı var”.

Siyasi ekspert, cənubi azərbaycanlı Təyməz Dizeli baş verən daşqınlarda ölən insanlara İran hakimiyyətinin vecsiz yanaşdığını söyləyib:

“İran dövləti tərəfindən yenə də bir ögey münasibət müşahidə edilməkdədir. Yadınıza salım ki, 2012-ci ildə baş verən zəlzələ nəticəsində Əhər bölgəsində ciddi dağıntılar olmuşdu. O zaman da, İran dövləti çox ögey münasibət göstərmişdi. İndi də ögey münasibətinə şahid olduq. İran dövləti yenə də heç bir texnika göndərmədi. Bu hadisəyə müdaxilə edilmədiyi üçün can itkisi daha çox oldu. İranın rəsmi mətbuat qəzetlərində də lağa qoydular ki, azərbaycanlılar sel baş verən bölgəyə "selfie" çəkdirmək üçün gedibmiş və canlarından olublar. Yəni, heç bir məntiqə sığmayan, mənası olmayan fikirlər səsləndi. Çayın üzərindən yeni körpü salmadıqları üçün əhali məcbur qalıb o köhnə körpüdən istifdadə edib. Anidən sellə qarşılaşan əhali qırılıb. Bütün bunlar Güney Azərbaycana olan baxımsızlığa görədir”

Rəvan Nasiroğlu