İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv donor ölkələr 2025-ci ildə xarici yardımı 23,1% azaldıblar.
Metbuat.az xəbər verir ki, nəticədə yardımın ümumi həcmi 2024-cü ildəki 212 milyard dollardan 163 milyard dollara düşüb.
Our World in Data-nın məlumatlarına görə, donorların ümumi milli gəlirində xarici yardımın payı 0,37%-dən 0,25%-ə enib. On ölkədən səkkizi yardımı azaldıb. Yalnız İsveç və İtaliya bu tendensiyanın əksinə hərəkət edib.
Ən böyük azalma ABŞ-da qeydə alınıb. Ölkənin xarici yardımı 2024-cü ildəki 65,3 milyard dollardan 2025-ci ildə 28,3 milyard dollara düşüb. Yardımın ABŞ-ın ümumi milli gəlirindəki payı isə 0,23%-dən 0,1%-ə enib.
Mərkəzi Asiya ölkələrinə ABŞ tərəfindən göstərilən xarici yardım da kəskin azalıb. 2025-ci ildə regiona ayrılan vəsait 272 milyon dollardan 94,1 milyon dollara düşüb.
Özbəkistan 2025-ci ildə ABŞ-dan birbaşa 19,9 milyon dollar yardım alıb. Bu, 2024-cü illə müqayisədə 4,3 dəfə azdır. Azalmanın əsas səbəblərindən biri ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin dayandırılması olub.
Bununla belə, Özbəkistan 2024-cü ildə xarici yardımların həcminə görə Mərkəzi Asiya ölkələri arasında birinci yerdə qərarlaşıb. Həmin il ölkəyə təxminən 2,6 milyard dollar xarici yardım daxil olub ki, bu da 2023-cü illə müqayisədə 2,1 dəfə azdır.