Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmlərinin 51%-nə sahib olduğu Özbəkistanın “Davr Bank”ının adı “ABB Davr Bank” olaraq dəyişdirilib, rəhbər heyəti yenidən formalaşdırılıb.
Metbuat.az Özbəkistan mətbuatına istinadən məlumat verir ki, qərarlar bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağında qəbul edilib.
Qərara əsasən, Müşahidə Şurasının əvvəlki üzvləri vəzifələrindən azad olunub. Şuraya ABB-nin İdarə Heyətinin sədr müavinləri Taleh Tahirli və Aqşin Əmirov, eləcə də müstəqil üzvlər Şəfəq Həsənova, Səid Abdunabiyev və Fərhod Roziyev seçiliblər.
Bankın İdarə Heyətində də dəyişiklik edilib. Abdumajid Səmədov sədr, Aynur Süleymanlı və Heybət Qədirov isə sədr müavinləri təyin olunublar. Heyətə həmçinin Samarjon Nəzərov və Nadir Xəlilov daxil edilib.
Bankın əvvəlki təsisçisi Lütfulla Ubayevin səhmlərdəki payı 25,5%-ə düşüb. O, Müşahidə Şurasının iclaslarında səsvermə hüququ olmadan müşahidəçi qismində iştirak edəcək.