"Azərbaycanın iqtisadi potensialı çox böyükdür. Biz özündə 9 iqlim qurşağını ehtiva edən unikal ölkədə yaşayırıq. Bizim zəngin yeraltı və yerüstü sərvətlərimiz var. Hətta bir damla neftimiz olmasa belə, biz dünyanın ən yaxşı ölkəsi kimi yaşamaq imkanlarına malikik. Amma əvvəlcə bu potensialı reallaşdırmaq lazımdır".

Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü Fərəc Quliyev Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsinin yekunlarını şərh edərkən deyib.

Millət vəkili qeyd edib ki, ötən il ölkəyə 800 milyon manatlıq elə məhsulllar idxal olunub ki, onların hamısının ölkəmizdə istehsal olunması mümkündür: "Belə olan halda bu qədər valyutanı kənara çıxarmağa dəyməz. Qeyri-neft sektorunu inkişaf etdirmək üçün ökədə hər cür şərait yaradılıb. Cənab prezident Yevlaxda keçirilən müşavirədə də sahibkarlara hansı yardımlar edildiyini sadaladı.

Onlara texnikaların, subsidiyaların verilməsi, münbit şəraitin yaradılması, bəzi subyektlərin vergidən azad olunması və s. məsələləri qeyd etdi. Dövlət başçısı qeyd etdi ki, indi yalnız qalıb ki, sahibkarlar işləməyə başlasınlar. Ölkə prezidenti tərəfindən ortaya strateji yol xəritəsi qoyulub. Özü də bu çox sanballı sənəddir. Artıq ümumi prinsip və göstərişlər verilib, vəsait də ayrılıb. İndi nazirliklər, məmurlar zəhmət çəkib bunu reallaşdırmalıdırlar ki, Azərbaycan iqtisadiyyatı qətiyyən neftin dünya bazarındakı qiymətindən asılı vəziyyətdə olmasın və qeyri-neft sektorunun hesabına ölkənin büdcəsi bizi tam qane edən vəziyyətdə olsun".

F.Quliyevin fikrincə, Azərbaycanın ümumiyyətlə idxaldan tam azad olması üçün hər cür imkanları var: "Prezident Yevlaxdakı müşavirədə çıxışında bir neçə sahələrə toxundu. Mən də tamamilə razıyam ki, istər xalçaçılıq və şərabçılıq, istər pambıqçılıq və ipəkçilik, istərsə də kənd təsərrüfatının digər sahələri olsun, burada istehsalı artırmaq imkanlarımız var. Bundan əlavə bir çox sahələr var ki, orada istehsalı təşkil etmək, artırmaq və məhsulları ixrac etmək olar".

