Bakı Musiqi Akademiyası paytaxtdan Ağcəbədiyə köçsün, sadəcə Musiqi Akademiyası olsun, ya da Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Qubaya köçsün. Əlbəttə, bunlar hələ ki, təklifdir. Amma gerçəkləşməsi üçün hansı maneə və üstünlüklər olduğunu öyrənmək lazımdır. Heç şübhəsiz təklif göydəndüşmə deyil. Zaman-zaman ali təhsil müəssisələri, hətta nazirliklərin bölgələrə köçürülməsi məsələsi müxtəlif sferalarda gündəmə gəlib. Hətta millət vəkilləri belə bunu müzakirəyə çıxarıb. Lakin hər dəfə də bunun gündəlikdə olmadığı, yaxın gələcək üçün real görünməməsi əsas gətirilərək məsələ bağlanır.
Bir sıra dövlət sənədlərində artıq bu məsələnin əks olunması inamı artırır. Məsələn, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda kampusların yaradılması tədbirlərinin təşviqi nəzərdə tutulur.
Böyük Bakının Regional İnkişaf Planının layihəsində isə bu kampusların yaradılması üçün paytaxtın heç də ideal yer olmadığı göstərilib.
Elə isə Biləcəridən o tərəfə keçməyin vaxtıdır. Bunun üçün isə əvvəlcə, hər bir təhsil müəssisəsinin köçürüləcəyi region incələnməli, imkanları dəyərləndirilməlidir. Əlbəttə, Musiqi Akademiyasının Ağcəbədidə yerləşməsi ilk növbədə rayonun özü üçün xeyli müsbət imkanlar və inkişaf vəd edir. Digər tərəfdən, böyük şəhərlərdə yaşamağın tələbə üçün çətinliyini də burada diqqətə çatdırmalıyıq.
Bundan başqa, yaradıcı insanın təbiətdən ilham alması inkarolunmaz faktdır. Bakıda göydələnlərdən hansı ilham almaq olar?
Üstəlik, bizim bu cür təhsil müəssisələrinin bölgələrdə yerləşməsi ilə bağlı əsrlərə dayanan təcrübəmiz var. XIX əsrdə əsası qoyulan Şuşa musiqi məktəbi Cabbar Qaryağdıoğlu, Hacı Hüsü, Keçəçioğlu Məhəmməd, Əbdülbaqi (Bülbülcan), Məşədi İsi kimi sənətkarlar yetişdirib. Məktəbin tar sinfində oxuyanlardan Sadıqcan (Məşədi Sadıq Əsəd oğlu, 1846-1902) məşhur novator tarzən kimi tanınıb. Yəni bu müəssisələrin bölgələrdə yerləşməsi, nəinki onların inkişafına mane olmaz, üstəlik, bacarıqlı şəxslərin üzə çıxmasına daha da kömək etmiş olar.

Sözügedən təklifə münasibətini bildirən Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimli Publika.az-a açıqlamasında bu təhsil müəssisələrinin bütövlükdə regionlarda yerləşməsinin tərəfdarı olmasa da, filialların açılması fikrinin tərəfdarı olduğunu deyir: “Çünki bu təhsil müəssisələrinin tələbələri yalnız paytaxtda yaşamır. Bölgələrdən tələbənin paytaxta gəlib ev tutması, yaşaması çox çətindir. Çünki paytaxtda yerləşən bu müəssisələrin yataqxanaları ya yoxdur, olanlar da bərbad vəziyyətdədir. Konservatoriyanın Gəncədə, Şəkidə, Bərdədə, ya da Quzanlıda nə üçün filialı olmasın? Əlbəttə, hər şəhərdə olmasa da, mərkəzlərdə filialların yaradılması ilk növbədə tələbələrin rahatlığı üçün müsbət hal olardı. Bu zaman Bakıdan da müəllimlər regionlara gedib ustad dərsləri keçə bilərlər.
Bölgələrdə bu mərkəzlərin filiallarının yaradılması həm də həmin yerlərdə ixtisasların səviyyəsinin qalxmasına müsbət təsiri ola bilər. Artıq həmin bölgələrdə ali məktəbin ixtisaslarına uyğun mühit formalaşar, rəsm, musiqi dərnəkləri yarana bilər”.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Xalq artisti Sərdar Fərəcov bu təhsil müəssisələrinin bölgələrə köçürülməsinin tərəfdarı olmadığını deyir: “Musiqi, rəssamlıq kimi peşə sahibləri müasir dünya ilə, daha çox informasiyalarla ünsiyyətdə olmalıdırlar. Böyük şəhərlərdə isə bu imkan daha çoxdur. İnformasiya dedikdə, yalnız kütləvi informasiya vasitələri və ya internetdən əldə edilən məlumatları nəzərdə tutmuram. Canlı insanlar, mədəniyyət daşıyıcısı olan böyük şəhərlər sənət, elm, bilik sahəsində məşğul olan şəxslər üçün qida mənbəyidir. Bu müəssisələrin hər hansı bir şöbəsini bölgəda yerləşdirmək olar, lakin bunun da o qədər uğurlu olacağına inanmıram. Təsadüfi deyil ki, xarici ölkələrdə də məhz tanınan, yüz illik tarixə malik olan akademiyalar böyük şəhərlərdə yerləşir. Zamanla bu müəssisələr insanların sənət məbədi kimi üz tutduğu, hətta turistlər üçün maraqlı məkanlara çevrilirlər. Bizim akademiyaların bölgələrə köçürülməsinə müsbət hal kimi baxmıram.
Düzdür, yaradıcı insanların təbiətdən ilham alması bir gerçəklikdir. Lakin bunun üçün ezamiyyətlər var. Çaykovski uzun müddət meşədəki malikanəsində, Səttar Bəhlulzadə həftələrlə çöllərdə yaşayırdı. Lakin onlar sonradan böyük şəhərlərə qayıdıb fikirlərini məsləkdaşları ilə bölüşürdülər. Çünki bu peşə sahibləri üçün yalnız kətan, qələm yetərli deyil, yaradıcı adam kitabxanalar, insanlarla ünsiyyətə daim möhtacdır”.

Azərbaycan dövlət incəsənət akademiyası nəzdində İncəsənət kollecinin direkoru Bədayə Ramazanova bu təhsil müəssisələrinin bölgələrə köçürülməsinin ilk növbədə paytaxtda sıxlığın aradan qaldırılması, həm də bölgələrin paytaxt səviyyəsində inkişaf etməsinə təsir edə biləcəyini düşünür: “Dünyanın bir sıra ölkələrində universitet şəhərcikləri var. Bu tələbələrə daha sərbəst yaradıcılıq imkanı verir. Bizdə də belə şəhərciklərin salınması müsbət hal kimi dəyərləndirilməlidir. Çünki bu zaman həmin təhsil müəssisələrinin öz yataqxana, kitabxana, idman kompeksləri, əyləncə yerləri, hamısı bir yerdə toplanır. Belə bir addım tələbə üçün əlverişli olur, həm də vaxt itkisinin qarşısını alır. Bu müəssisələrin bölgələrə köçürülüb, müasir tələbə şəhərcikləri ilə təmin edilməsi xüsusən yaradıcı peşələrdə təhsil alanlar üçün müsbət hal olar. Çünki bu zaman emalatxana, laboratoriyalar əlçatımlı olacaq. Almaniya, Şimali Kiprdə bu cür təhsil müəssisələrində olmuşam. Bizdə də əvvəl Şuşada musiqi məktəbi var idi. Ora istedadlı uşaqlar toplaşırdı. Bu gün yaradıcı ixtisasların tədris edildiyi məktəb, akademiyaların paytaxtda olmasının onlara ciddi şəkildə müsbət təsiri yoxdur. Düzdür, muzeylər və bir çox abidələrə paytaxtdadır. Amma təhsil müəssisəsinin bölgədə yerləşməsinin tələbənin paytaxtda bu mərkəzlərə mane olması kimi yanaşmaq da doğru deyil. Hesab edirəm ki, əvvəl-axır bu proses həyata keçiriləcək. Çünki bu gün bütün ali təhsil müəssisələrinin paytaxtda yerləşdirilməsi şəhərin yüklənməsinə səbəb olub”.
Gülxar