Türkiyənin Ərdahan vilayətində inşaat işləri zamanı rus general Vasili Geymana aid olduğu iddia edilən cəsəd haqda maraqlı faktlar ortaya çıxıb.

Metbuat.az xəbər verir ki, polis kənd əhalisinin tabuta müdaxiləsinin qarşısını almaq üçün 24 saat ərzində növbəli şəkildə ərazini qoruyur.

Ərazinin müvəqqəti bağlanması tikinti işlərinə də mane olub. Şirkət rəhbərliyi qərar anına qədər artıq turizm sezonunun bitəcəyini bildirərək, maddi ziyana düşdüyünü deyib. Tikinti şirkəti ərazidə tez-tez belə hadisələrin baş verdiyini deyir.

Ərazidə yaşayan insanlar cəsəd tapılandan sonra evlərində qeyri-adi hadisələrin baş verdiyini, əşyaların itdiyini deyir.

Rus generalının vəbadan öldüyü haqda şaiyələrin yayılması insanlar arasında xof yaradıb.

Lakin cəsədin generala aid olması öz təsdiqini hələ ki, tapmayıb. Rus generalının Qarsda deyil, Erivanda dəfn edilməsi haqda tarixi faktlar var. Rütbədəki ulduzların sayında da fərqlər var.

Cəsədin aşkar olunduğu ərazidə arxeoloq, antropoloq və tarixçilər işləyir. Cəsəd xüsusi temperaturlu tabutda saxlanılır.

Mayın 20-də Rusiyadan da əraziyə məsələ ilə bağlı xüsusi heyətin gələcəyi gözlənilir. Cəsəddən DNT testi götürüləcək.

Yekun qərar isə 24 mayda "Qars Mədəniyyət və Təbiət Varlıqlarını Qoruma İdarəsi" tərəfindən veriləcək.

Aytən Novruzova / Metbuat.az