ABŞ prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Ceyms Komini istefaya göndərib.

Metbuat.az xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.

"Bu gün prezident Donald Tramp FTB-nin rəhbəri Ceyms Komiyə onun səlahiyyətlərinin dayandırılması və istefaya göndərilməsi barədə məlumat verib".

Tramp Kominə məktub göndərərək, artıq FTB-nin idarəçiliyi üçün yararlı olmadığını bildirib.

“FTB ABŞ-ın ən dəyərli və hörmətli qurumlarından biridir. Qurumda islahatların aparılacağı qaçılmazdır”.

Ceyms Komi Barak Obama tərəfindən 2013-cü ildə 10 il müddətinə FTB-nin direktoru vəzifəsinə təyin olunmuşdu. İstefaya göndərilən direktorun adı ilk dəfə 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkiləri zamanı Hillari Klinton və Donald Tramp arasında gedən yarışmada çəkilmişdi.

Komi ötən ilin iyul ayında, sonradan isə seçimlərə az müddət qalmış oktyabrın sonunda Hillari Klintonun 2009-2013-cü illərdə dövlət katibi vəzifəsində çalışarkən şəxsi server vasitəsilə xidməti və fərdi yazışmalar apararaq, məxfi xarakterli dövlət məlumatlarının gizlədilməsinə və yayılmasına şərait yaratdığını bildirmişdi.

Ceyms Komi ABŞ-da keçirilən prezident seçkilərinə Rusiyanın müdaxiləsinin olub-olmamasını araşdırırdı.

ABŞ Senatının Ədalət məhkəməsi qarşısına çıxarılan Ceyms Komi Hillari Klintonun seçkiqabağı təbliğat-təşviqat kompaniyasının rəhbəri Huma Abedinin minlərlə gizli yazışma həyata keçirdiyini bildirib. Lakin araşdırma nəticəsində Kominin dedikləri öz əksini tapmayıb. Şəxsi server vasitəsilə aparılan fərdi yazışmaların çox az olduğu üzə çıxıb.

Qeyd edək ki, ABŞ-ın Federal Təhqiqatlar Bürosu sabiq dövlət katibi və Demokratlar Partiyasından prezident postuna namizəd Hillari Klinton barəsində bir müddət əvvəl yekunlaşan “elektron poçt” işi üzrə istintaqı yenidən bərpa edib.

Aytən Novruzova / Metbuat.az