Bakının Səbail rayonu ərazisində jurnalistlər üçün tikilən ikinci binada artıq tamamlanma işləri gedir.

Metbuat.az xəbər verir ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi sonuncu dəfə mətbuata açıqlamasında Azərbaycan jurnalistləri üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda tikilən ikinci binanın 2017-ci ilin yayında, Milli Mətbuat günü ərəfəsində istifadəyə veriləcəyini bildirmişdi.

Yeni tikilən bina 17 mərtəbə, 3 blok, 255 mənzildən ibarət olacaq.

Metbuat.az olaraq, məsələ ilə bağlı bir neçə jurnalistin fikrini öyrəndik:

Ssenari müəllifi, jurnalist, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan baş leytenant İlham Tumas:

"Jurnalistlərə evlərin verilməsi ilə bağlı müvafiq qurumlara müraciət etməmişəm. Çünki prosedur hələ ki, başlamayıb. Əlbəttə ki, müraciət etmək fikrindəyəm. Jurnalistlərə ilk dəfə 2013-cü ildə evlər veriləndə biz az tənbəllik edib, aidiyyatı qurumlara müraciət etmədim. Amma bu dəfə iddialıyam".

İlqar Atabəyli

“Mənə bu haqda nə təklif olub, nə də özüm müraciət etməmişəm. Ehtiyacım yoxdur, olsa belə müraciət etməzdim”.

Ləman Ələşrəfqızı

“Hələ müraciət etməmişəm, amma fikrim var, çox iddialıyam. Yəni əgər bu ölkədə 255 jurnalistə ev veriləcəksə, onlardan biri mütləq mən olmalıyam deyə düşünürəm. Evim ipotekadadır, hələ 57 yaşımda mənim olacaq. Deməli, o zaman mənim evim deyil, bankın evidir. Mənim isə 57 yaşıma qədər peşəkar jurnalistika ilə məşğul olmağım sual altındadır. Hər ay banka 370 manat pul ödəyirəm. Bu pulu bəzən elə olub ki, heç ödəyə bilməmişəm. Bankdan hər xəbərdarlıq gələndə ürəyim əsib ki, evi əlimdən alacaqlar, qısası iddialıyam. 20-ə yaxın sənədli filmin müəllifi, Əməkdar jurnalist kimi yəqin haqqım çatar bu evə".

Rahib Qərib

“Mən Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərova, Mətbuat Şurasının sədri Əflatun Amaşova, AR Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova ərizə ilə müraciət etmişəm. Gözləyəcəyəm. Özü də bu sualla. 30 ildən çox (mətbəədən başlayaraq) qəzet, jurnal redaksiyalarında, radio, televiziya sahəsində fəaliyyət göstərmişəm. 1993-cü ildən 2010-cu ilə qədər Müdafiə Nazirliyinin kino-telestudiyasında baş redaktor kimi ordu sıralarında xidmət keçmişəm və hərbi jurnalist statusu qazanmışam. Jurnalistikada daha nə etməliyəm ki, ya da hansı fəaliyyətləri sərgiləməliyəm ki, bu dəfə də məni çıxdaş eləməsinlər?! Bu suala ya cavab alacağam, ya da ki, Respublika Prezidentinə bu məmur özbaşınalıqları haqda bir daha müraciət edəcəyəm”.

Xanəmir Telmanoğlu

“Doğrusu mən bu prosedur haqda o qədər də məlumatlı deyiləm. İndiyə kimi heç kəs mənə bu haqda nəsə deməyib, mən də heç kəsə müraciət etməmişəm. Ev alan jurnalistlərin elələri var ki, onların mətbuatda bir cümləsini belə oxumamışam ki, ev almağa da haqları çatsın. Bu proseduru kimlər, nə şəkildə həyata keçirirsə, mən onu da bilmirəm. Bu məsələ mənim üçün çox qaranlıq bir şeydir. Şəffaf bir proses olmadığı üçün, siyahıda yanlış nüanslar olduğu üçün məsələnin qohumbazlıq, yerlibazlıq, tanışlıq, rüşvət əsasında həll olunması baş alıb gedir. Mən bu prosesin şəffaflığına inanmıram. İstənilən adamla da bu haqda mübahisəyə girə bilərəm. Mətbuatda evi almağa haqqı olan o qədər jurnalist var ki, istərdim onlara verilsin. Deyək ki, mənim ev almağa haqqım çatmır. Amma jurnalistika sahəsində qələm çalan, Azərbaycanın problemlərini gündəmə gətirən insanların adını o siyahıda hələ ki, görmürəm. Ölkənin qələm əhlinin dövlət tərəfindən dəyərləndirilməsi gözəl bir addımdır.Amma kimi, necə dəyərləndirmək bu artıq sual altındadır. Haqq- nahaq məsələsi burada əsas rol oynayır".

Elçin Əlibəyli

“Düşünmürəm ki, məni nəzərə ala bilərlər. Hesab edirəm ki, məndən daha çox xidməti olan, daha çox ehtiyacı olan insanlar var. Ehtiyaca qaldıqda, təbii ki, mənim də ehtiyacım var. Mən də arzulayardım, mənə də ev verilsin. Amma reallıq bir başqadır. Burada hər halda xidmət məsələsi var. İllərlə jurnalistikada olan insanlar var, onların mənzillə təmin olunması hesab edirəm daha önəmlidir. Bu dünyanın heç bir ölkəsində olmayan bir şeydir. Bunu çox yüksək dəyərləndirirəm. Əslində görünməmiş hadisədir. Belə bir hadisənin olması məni çox sevindirir”.

İlqar Rəsul

“Məsələ ilə bağlı kimdənsə təklif almamışam. Harasa yazmaq, müraciət etmək fikrində deyiləm. Bölgü haqda bir söz deyə bilmərəm, çünki həmin prosesdə iştirak etməmişəm. Ev alanlara uğur arzulayıram. Özümə gəldikdə, hesab edirəm ki, jurnalistə belə şeylər verilməməlidir. Belə şeylər jurnalisti istər-istəməz asılı vəziyyətə salır”.

Bəxtiyar Əlirzayev

"2013-cü ildə müraciət etmişdim. Şansım da yüksək idi. Sadəcə, ilk dəfə idi deyə, daha yaşlı nəsil önə çəkildi. Uzun illər idi jurnalistikada cəfa çəkmişdilər, içlərində mənzilsiz olanlar, ağır şəraitdə yaşayanlar çox idi. Bu dəfə də müraciət edəcəm. Ailədə hər ikimiz jurnalistika sahəsindəyik və bu gəlirlə ev almağımız hətta yuxuda yuxu görmək kimi bir şeydi. Bu ev məsələsini həyatımızda qarşımıza çıxan ən böyük şans kimi qiymətləndirirk. 15 ildən artıqdı jurnalistikadayam və Bakıda az qala kirayə qalmadığım küçə tapılmaz. Ağlaşma kimi çıxmasın, gerçəkliyi deyirəm. 255 nəfərdən biri olmağıma haqqımın çatdığını düşünürəm. Hələlik müraciət etməmişəm, ancaq edəcəm, çünki buna məcbram".


Anar Niftəliyev

“Əlbəttə ki, mənzilə ehtiyacım var. Məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət etmək fikrindəyəm. Amma məndən də çətin durumda yaşayan həmkarlarımız var. İstəyərdim onların adı həmin siyahıya salınsın”.

Aytən Novruzova / Metbuat.az