Azərbaycanda 4 qız qaçırıldı

Hüquq elmində istifadə olunan "qadının evlənmək məqsədilə oğurlanması" ifadəsi məişət dilimizdə "qız qaçırma" ifadəsi kimi işlədilir.

Metbuat.az xəbər verir ki, bu cinayətin əmələ gəlmə tarixi qədim adətlərin təşəkkül tapdığı dövrə gedib çıxır. Təsadüfi deyil ki, bəzən bu cinayəti feodal münasibətlərin qalıqları da adlandırırlar. Əslində, qız qaçırma adətinin yaranması daha əvvəlki dövrlərə təsadüf edir. Bu adət bir sıra Qafqaz, Orta Asiya, türk dilli və s. xalqlarda hələ də mövcuddur.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin böyük məsləhətçisi Tural Hüseynzadə Azərbaycanda qız qaçırma ilə bağlı vəziyyətdən danışıb:

“Qız qaçırma adam oğurluğuna görə məsuliyyətin müəyyən edildiyi 144 cü maddənin (Cinayət Məcəlləsi) tərkibində nəzərdə tutulub. Əgər qaçırılan qız 18 yaşdan yuxarı olarsa, "öz istəyimlə getmişəm" deyəndə cəza nəzərdə tutulmur. Amma 16 yaşına çatmamış şəxs olduqda, hətta öz istəyi ilə getsə belə, onu qaçıran adamı məsuliyyət gözləyir. Statistikanın hamısı bizim Komitəyə daxil olmur. Bəzi rayonlarda ərazi üzrə fəaliyyət göstərən hüquq mühafizə orqanları məsələyə müdaxilə edir. Ötən ilə ərzində məsələ ilə bağlı bizə 3-4 müraciət daxil olub. Onlardan ikisi 18 yaşdan yuxarı idi. İcra hakimiyyəti və polislə söhbət aparılıb, qızlar öz istəyi ilə getdiyini bildirib. Bəzən də qaçırılan qızlar təzyiq altına düşür, qorxudan, mentalitet və qınaq məsələsinə görə könüllü getdiklərini deyir. Lakin bu məsələ icra hakimiyyəti ilə araşdırılır. Lazım gələrsə, psixoloq həmin qızlarla söhbət aparır. Əgər hadisə ilə bağlı bizə rəsmi məlumat daxil olubsa, yaxud da hadisə haqqında KİV-dən məlumat alırıqsa, Komitə bu haqda şöbələrə göstəriş verir, şöbələr məsələnin araşdırılması üçün yerli, rayon icra hakimiyyətinin müvafiq komissiyası ilə əlaqə saxlayır. Lazım olarsa, qızlara dəymiş psixoloji gərginliyin aradan qaldırılması üçün onlarla söhbətlər, profilaktik tədbir aparılır. Bu il ərzində Komitəyə qız qaçırma ilə bağlı yazılı müraciət olunmayıb. Elə hallar olur ki, şifahi şəkildə, telefonla müraciətlər olunur, bəzən kəndlərdən qonşular bizə zəng edib qız qaçırılması haqda məlumat verir. Lakin araşdırma apardığımız vaxt onların dediklərinin əksəriyyətinin həqiqətlə üst-üstə düşmədiyi ortaya çıxır. Əksər hallarda qızların yaşı 18-dən çox olur və başqası ilə ailə qurmasın deyə sevdiyi ilə ailə qurmaq üçün qoşulub qaçır”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR