Hansı jurnalistlərə mənzil veriləcək?

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi jurnalistləri üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda tikilən ikinci binanın 2017-ci ilin yayında, Milli Mətbuat Günü ərəfəsində istifadəyə veriləcəyini bildirmişdi.

Metbuat.az xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində “Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri” açıqlanıb (Komissiyanın 16 may 2017-ci il tarixli iclasında təsdiq olunub):

Ən azı son 3 ildə fasiləsiz fəaliyyət göstərən kütləvi informasiya vasitəsi (televiziya və radio yayımçıları, qəzet, jurnal, informasiya agentliyi, internet xəbər portalı və saytı) Komissiya tərəfindən müəyyənləşdirilmiş şərtlərə uyğun olaraq Bakı şəhərində fəaliyyət göstərən əməkdaşlarının namizədliyini irəli sürür.

Televiziya və radio yayımçıları 10, gündəlik qəzetlər və informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytları 3 namizəd müəyyənləşdirə bilər.

Namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz 3 il, KİV-lərdə isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməlidir.

Millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov məsələ ilə bağlı Metbuat.az-a açıqlama verib:

“Bir müddət əvvəl iclas keçirilib. Milli Televiziya və Radio Şurası və Mətbuat Şurasından ibarət Komissiya yaradılıb. Komissiyada iclasla bağlı artıq bütün informasiya var. Mayın 22-dən iyunun 22-nə qədər sənədlər o Komissiyaya təqdim olunacaq. Komissiya bir müddət sənədləri araşdıracaq, bundan sonra sənədlər Prezident Komissiyasına təqdim olunacaq. Evlər isə yəqin ki, Milli Mətbuat Günündə, o ərəfədə veriləcək”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR