1918-ci il may ayının 28-də müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin əsası qoyulub. Bu ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının məntiqi nəticəsi idi. Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin çox böyük rolu var. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni cəmiyyət nümunəsi idi.

Azərbaycan Xalq Cümhuriyyəti, millət, məzhəb, sinif və cins fərqi qoymadan bütün vətəndaşların siyasi hüquqlarını təmin edirdi. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət, o cümlədən milli ordu, milli pul, demokratikləşmə, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr müstəqil Azərbaycan Cümhuriyyətinin qısa ömründə qazandığı böyük nailiyyətlərdən hesab olunur.

Bu il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99 ili tamam olur. Müstəqillik bərpa edildikdən sonra bu bayram hər il ölkəmizdə təntənəli surətdə qeyd edilir. Ölkədə bu önəmli günün xatirəsinə “Cümhuriyyətçilər” abidəsinin ucaldılması haqqında təkliflər irəli sürülüb. 2007-ci il 25 may tarixində İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış “İstiqlaliyyət” abidəsinin yerinin dəyişdirilməsi və daha möhtəşəm bir abidənin ucaldılması da yeni təkliflər arasındadı.

Publika.az olaraq ölkə ziyalılarının bu təkliflərlə bağlı fikirlərini öyrəndik:

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı söylədi ki, bu məsələ çox ciddi əhəmiyyət daşıyır:

Cümhuriyyət abidəsi əslində harada ucaldılmalıdır? - RƏYLƏR

“1918-ci ilin may ayının 27-dən 28-ə keçən gecə bu günü rəsmən qəbul etmişik. Bütün müsəlman Şərqində və Türk dünyasında son dərəcə mühüm hadisə baş verdi. Bir neçə millət vəkilinin Tiflisdə öz iradələrini ortaya qoyması bizə çox şey qazandırdı. Avropa ölkələri, ABŞ, Rusiya və bir sıra böyük dövlətlər Qafqazda iki xristian respublikasının yaranmasını dəstəkləsələr də, Azərbaycan adlı bir müsəlman dövlətinin yaranmasını istəmirdilər. Hər cür vasitələrə əl ataraq, erməniləri silahla təmin edib müharibəyə qaldırmaqla türk-müsəlman dövlətinin yaranmasının qarşısını almağa çalışdılar. Lakin buna baxmayaraq, o insanlar öz iradələrini ortaya qoydular və istiqlaliyyət elan edildi. Daha sonra Türk-İslam ordusunun köməkliyi ilə ölkənin əsas paytaxtı, ürəyi olan Bakını bolşevik və erməni işğalçılarından azad etdi. “Bodros” müqaviləsindən sonra Türk ordusu Bakıdan çıxdı və yerinə ingilislər gəldi. Əslində ingilislərin məqsədi bu ölkəni məhv etmək idi. Lakin ölkədəki demokratiya qarşısında aciz qalan ingilislər bunu qəbul etmək məcburiyyətində qaldılar. Bunu ona görə qeyd edirəm ki, Şərqdə ilk demokratik dövlət hər zaman örnək olub. Ona görə düşünürəm ki, bu qədər önəmli bir günün, tarixi hadisənin xatirəsinə möhtəşəm bir abidə ucaldılmalıdı. Hazırda İstiqlaliyyət küçəsində qoyulan abidə bizim tariximizə, milli memarlığımıza heç bir dəxli olmayan bir şeydir. O dördkünc abidədən Bolqarıstanda, Avropa ölkələrində əsgər məzarlarının yanında istənilən qədər görmək olar. O bizim abidə deyil. Onun bizə, tarixmizə, bu günün özəlliyinə heç bir aydiyyatı yoxdur. Bundan əlavə o boyda abidəni aparıb iki binanın arasında, dar bir küncə sıxışdırmaqla nə demək istəyirik? Bizim azadlığımız o çərçivədədirmi? Azadlığımıza verilən dəyər budurmu? İstərdim ki, bu günün şərəfinə şəhərin daha gözəl yerlərindən birində azadlığımızı əks etdirən, o günün simvollarını daşıyan möhtəşəm bir abidə ucaldılsın".

S.Rüstəmxanlı bildirib ki, ucaldılacaq yeni abidə azadlıq uğrunda canından keçən insanların obrazını canlandırmalıdır:

"Şəhidlər Xiyabanındakı məşəli xatırladan abidəni yəqin ki, bilirsiz. O vaxt hazırlananda mən onun bir çox bənzərlərini görmüşdüm. Bunu o dövrdə ulu öndər Heydər Əliyev seçmişdir. Diqqət etsəz, bu abidə Azərbaycanın qədim ərazilərindən - Bərdədə, Naxçıvanda, Şuşada, Şamaxıda və digər bölgələrimizdə olan abidələrlə səsləşən memarlıq nümunəsidir. Düşünürəm ki, məhz bu ənənəni yüksək səviyyədə davam etdirmək olar. O abidələrdə Azərbaycanın simvolları əks olnur. Bu baxımdan hesab edirəm ki, “Azadlıq” abidəsinin ən gözəl yeri şəhidlər xiyabanıdır. Azadlığımız uğrunda həyatını qurban verən şəhidlərin yanında möhtəşəm bir abidə ucaldılmalıdır. Eyni zamanda Bakıda Nuru paşanın xatirəsinə də abidə ucaldılmalıdı. O kişinin Azərbaycanın müstəqillik qazanmasında çox böyük rolu var. Türk-İslam ordusu qəhrəmanlıq sərgiləyərək 1130 nəfər şəhid verib. Köhnə “Dostluq” restoranının yanında indi çayxana açılıb. O çayxana, eləcə də orda olan digər obyektlər sökülməli, yerində soyqrımı hadisələrinin əks olunduğu bir muzey tikilməlidir. Şəhidlər Xiyabanının yanında, ətrafında şadlıq evi, çayxana tikmək biabırçılıqdır, günahdır. Şəhidlərimizin ruhuna hörmətsizlikdir. Şəhidlər Xiyabanının ətrafında çox gözəl məscid var. O məscid fəaliyyət göstərməlidir, bağlı saxlanmamalıdır. Onun yanında bizim tariximizin parlaq simalarından biri olan Həzi Aslanovun gözəl abidəsi var. Dediyim kimi, Şəhidlər Xiyabanının ətrafı obyektlərdən təmizlənməli, möhtəşəm bir yerə çevrilməlidir”.

Millət vəkili Fazil Mustafa isə bildirdi ki, abidə işinə münasibəti müsbət olsa da, bunu bir o qədər də həlledici məsələ hesab eləmir:

Cümhuriyyət abidəsi əslində harada ucaldılmalıdır? - RƏYLƏR

"Belə düşünürəm ki, birinci növbədə cümhuriyyətin tarixinə real, doğru qiymət vermək lazımdır. Ölkədə bu tarixə qarşı laqeyd münasibəti aradan qaldırmaq vacibdir. Prezidentimiz cənab İlham Əliyev bu istiqamətdə sərəncam imzalayaraq çox dəyərli, önəmli bir addım atdı. Lakin bu sərəncamın yerinə yetirilməsində incə bir məqam var. Bu sərəncamın tələblərinə müxtəlif qurumlar tərəfindən sadəcə statistika üçün, hardasa bir işarə qoymaq niyyətilə əməl ediləcəksə, bir mənası qalmayacaq. Yox, ürəkdən, müstəqilliyə olan dərin sevgi ilə bu işə yanaşsalar, daha gözəl nəticələr əldə olunar. O baxımdan, hər hansı bir abidə və ya xatirə lövhəsinin qoyulması ilə məsələnin həll olunacağını düşünmürəm. Azadlıq uğrunda mübarizə aparmış insanlara qarşı minnətdarlıq duyğusu həmişə Azərbaycan cəmiyyətinin başı üzərində olmalıdı, o aura hiss olunmalıdır. Bu yoxdursa, formal şəkildə bu günü qeyd etməyin heç bir mənası yoxdur. Bir misal çəkim, baxın, müstəqilliyimizin qazanılmasında Nuru paşanın əvəzsiz rolu olsa da, Azərbaycan cəmiyyətində hələ də onun layiqincə qiymətləndirməyiblər. Bakını işğaldan azad etmiş bir adamın haqqını itirmək olmaz. Bundan böyük qəhrəmanlıq varmı? Bakıda Mustafa Sufi adına küçə salınıb, amma Nuru paşanın xatirəsinə heç bir şey yoxdur. Bakının general-qubernatoru, Azərbaycan üçün güllələnib şəhid olmuş Murat Gəray Tlexas kimi bir şəxsiyyətin adına heç nə yoxdur. Yəni bu məsələlərə kompleks yanaşılmalıdır ki, həlli yolları tapılsın. Cümhuriyyət abidəsinin yerinə gəldikdə isə, düşünürəm ki, şəhərimizdə bu abidənin ən gözəl və adına uyğun yeri Şəhidlər Xiyabanıdır. Bu günü bizə yaşadan, azadlıq uğrunda canından keçən igidlərimizin, şəxsiyyətlərimizin yanında möhtəşəm bir abidə ucaldıb, onların əziz xatirəsini əbədiləşdirmək lazımdır”.

Könül Cəfərli