Ölkə ərazisində yağan güclü yağışlar Qaraməryəm-İsmayıllı-Şəki yolunda fəsadlar yaradıb.
Metbuat.az-ın məlumatına görə, iyunun 1-i gecədən bölgəyə yağan güclü leysan yağışları iyunun 2-də günorta saatlarında daha da güclənib. Yağışdan sonra dağlardan gələn sel suları sözügedən avtomobil yolunun 38-40-cı km-lik hissəsində avtonəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib. Güclü sel suları palçıq, daş və ağac qırıntılarını yolun hərəkət hissəsinə doldurub.
Dərhal əraziyə “Azəravtoyol” ASC-nin əməkdaşları və ağır texnikaları cəlb edilərək yolun təmizlənməsi istiqamətində işlərə başlayıblar. Qısa müddət ərzində yolda hərəkət bərpa olunub.
Hazırda ərazidə selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Avtonəqliyyat vasitələrinin hərəkətində hər hansı bir problem müşahidə olunmur.
Məsələ ilə bağlı Metbuat.az -a açıqlama verən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rövşən Ağayev rayondakı son vəziyyətdən danışıb:
“Qəbələ İsmayıllı yolundan sel keçib. Yollar dərhal açılıb. Heç bir itki yoxdur”.
Aytən Novruzova / Metbuat.az