Bakıda bəylə gəlini girov götürdülər

Bir neçə il öncə paytaxtın Xətai rayonundakı şadlıq saraylarından birində qəribə hadisə baş verib.

Metbuat.az xəbər verir ki, restoranın pulunu ödəyə bilməyən ev sahibi bəylə gəlini orda girov qoymaq məcburiyyətində qalıb. Apardığımız araşdırmalar göstərdi ki, bu heç də yeganə belə hal deyil.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu belə hadisələrin baş verməsinin səbəblərindən danışdı:

"Bu biabırçılıqdır. Toyda 50-dən artıq yemək təklif eləyirlər, həm toy eləyən xərcə düşür, həm toya dəvət olunanlar böyük problemlər içində qalır. Eybəcər hallar ortaya çıxır. Hər ay əgər bir ailəni toya çağırırlarsa, təsəvvür edin, 6-7 toya nə qədər pul xərclənir. Bu adam da ya oğurluqla məşğul olmalıdır, ya da kimisə aldatmalıdır. O toylara 300 manatla getmək mümkün deyil. Getməyəndə də ortada qohumlar inciyir. Kim ki, istəyir sadə toy eləsin, qohum-qardaş başlayır ki, 1 dəfə toy eləyirsən dəbdəbəli elə. Bu məsələ tənzimlənməlidir. Məsələn, Naxçıvanda dəbdəbəli, çox xərc çəkilən toylara inzibati qaydada icazə verilmir. Bu paytaxtda da olmalıdır. “Toy mafiyası”ndan qurtulmaq lazımdır”.

Hüquqşünas Xəyal Bəşirov problemin daha çox hüquqi müstəvidə həll olunmamasından qaynaqlandığını bildirdi:

“Qanuna görə onlar şifahi şəkildə razılaşırlarsa, bu "beh müqaviləsi" adlanır. Toy yiyəsi toydan sonra pulu ödəməsə əgər, şadlıq sarayı onu məhkəməyə verib pulu ödətdirə bilər. Ev sahibi öhdəlik götürübsə, aralarında beh müqaviləsi, razılıq varsa, müqavilənin şərtlərinə əməl etməlidir. Ödəniləcək məbləğ məsələsi isə "beh müqaviləsi"ndən asılı olaraq, dəyişir”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR