Dünyanın ən yaxşı qapıçısının adı açıqlanıb

11:37 8 Yanvar 2015
209 İdman
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 11:32 ]



Bakı – APA. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ötən il dünyanın ən yaxşı qapıçılarının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Münhenin “Bavariya” klubunun və Almaniya yığmasının qolkiperi Manuel Noyer 2014-cü ilin ən güclü qapıçısı seçilib.


2013-cü ildəki titulunu qoruyan qapıçı İFFHS-ın dünyanın bütün ölkələrindəki nümayəndələri arasındakı səsvermədə böyük üstünlüklə qalib gəlib. Almaniya millisi ilə dünya çempionu olan Noyer 216 xal toplayıb.

Tibo Kurtua (Belçika, “Atletiko”) 96, Keylor Navas (Kosta-Rika, “Levante”/“Real”) 46, Canluici Buffon (İtaliya, “Yuventus”) 26 xalla Noyerin ən yaxın izləyiciləridir. Onlardan başqa, Klaudio Bravo (Çili, “Real-Sosyedad”/“Barselona”) 16, Serxio Romero (Argentina, “Monako”/“Sampdoriya”) 14, Gilyermo Oçoa (Meksika, “Ayaçço”/“Malaqa”) 13, Petr Çex (Çexiya, “Çelsi”) 4, Uqo Loris (Fransa, “Tottenhem”) və Vinsent Enyeama (Nigeriya, “Lill”) hərəyə 2 xal toplamaqla ilk “onluq”da qərarlaşıb.


Sorğuda Azərbaycanı təmsil edən apasport.az saytının əməkdaşı, İFFHS-in üzvü olan Vüqar Xeyrullayev də iştirak edib. O, ilk pilləni Noyerə verməklə yanaşı, Kurtuanı da ilk “üçlük”də göstərib.

Qeyd edək ki, bu il nəticələrini açıqladığı əvvəlki sorğularda italiyalı Nikola Rizzoli və alman Bibiana Steynhaus dünyanın ən yaxşı hakimləri seçilmişdilər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR