Azərbaycanda milyonçu müğənni varmı?

Azərbaycanda milyonçu müğənni varmı?
12:57 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Yerli müğənnilərimizin toy qiymətləri illərdir mətbuatda gündəmə gəlir. Hər dəfə onların qonorarları ilə tanış olanda adamın lap ağlı başından çıxır. Bununla belə, Azərbaycanda müğənnilər arasında rəsmi qeydiyyata düşmüş milyonçu hələ də yoxdur. Ölkənin ən imkanlı şəxsləri sırasında heç bir yerli ifaçımızın adı çəkilmir.
 
Müğənnilər toy qiymətlərinə fantastik rəqəmlər qoyur. Oxumağa dünən başlayan, bu gün isə 5-6 fanatı olan gənc müğənni qonorarını açıqlayanda adam lap mat-məəttəl qalır. Aya təxminən 30 min manat qazanan adam heç bir xərci hesablamadan 3 ilə milyonçu ola bilər. Axı bizdə elə müğənni var ki, günə 30 min qazana bilir və yenə də milyonçu deyil. Səbəb nədir? Bu qədər pul hara gedir? Bir toyu 10-12-14 hətta 16 minə aparan kişi müğənnilərimiz, yarım saatına 3-5-7 min alan qadın ifaçılarımız bu pulları hara xərcləyir?
 
Məsələ ilə bağlı ən yaxşı elə səbəbkarların özləri danışa bilər. Ailəm.az ən bahalı kişi müğənnilərindən biri Nadir Qafarzadəyə müraciət edib. Bu gün Nadir Qafarzadə bütün toyu boyu oxumaqla 12-14 min pul qazanır: “Azərbaycanda niyə milyonçu müğənni yoxdur? Çünki pul gəldiyi kimi də gedir. Xərclənir və sadəcə, yox olur. Bunu mən şəxsən öz adıma deyirəm. Ancaq əgər bizim başqa biznesimiz olsa, qazandığımızı o işə yatırıb, sərmayəni çoxalda bilərik. Odur ki, müğənnilər aylarla işləmir. O zaman məcbur qazandıqları ilə dolanır. Mən elə edirəm. 4 ay toyum olmur, amma nə qədər işçilərim və ailəm var. Mən o zaman ərzində daha əvvəl qazandığımı xərcləyirəm. Və bu proses daima davam edir. Bilirsiniz, biz balaca ölkənin müğənniləriyik. Məsələn, Türkiyədə, Rusiyada bu mümkündür. Qardaş ölkədə elə torpaq var ki, bir sotu 1 milyon dollardır. Və bu torpağı alan müğənnilər var. Demək ki, onların buna imkanı çatır. Bizdə isə elə imkan hələ ki mümkün deyil”.
 
Bu gün ən bahalı müğənni adını qazanan estrada ulduzu Röya Ayxanın da bu məsələ ilə bağlı öz səbəbləri var: “Bahalı müğənni olmağın da pis tərəfləri var. Sən çox qonorar alırsansa, çox xərcləməlisən. Əgər sən bahalı ifaçısansa, adına görə hərəkət etməlisən. Məsələn, mənim bir mahnım 15 minə hazır olur. Yarım saata 6 dənə belə mahnı oxuyuram. Beləliklə yarım saatlıq repertuarım təxminən 90 min edir. Bəs o yarım saatlıq çıxışın geyimi, salon məsələləri və işçiləri? Bunlar hər biri puldur, özü də kifayət qədər pul. Hələ digər layihənin maliyyəsini hesablamıram. Mən isə daima yeni layihələr üzərində işləyirəm. Qazancımın digər tərəfi haqda heç vaxt heç kimə açıqlama verməmişəm. Amma indi danışmaq istəyirəm. Baxın, mən hər ay nə qədər ehtiyacı olan adamlara kömək edirəm. Onların aylıq hesabı mənim bir mahnımdan daha çoxdur. Bunu açıqlamaq və kiməsə göstərmək məqsədi ilə etmirəm. İllərdir bu ənənəyə sadiqəm və bunu ürəkdən edirəm. Bir də ki, mən bahalı qızam da. Bir məclisə gedəndə də hamının yazdırdığından 3 qat artığını eləməliyəm. Mənim böyük bir komandam var. Onların hər birinə maaş verirəm. Uşağım, qayğısını çəkdiyim qohumlarım, dostlarım var”.
 
Toy sahəsində öz yerini tutan və bu gün hətta xarici ölkələrə toy idarə etməyə yollanan Rəqsanə İsmayılovanın da məsələ ilə bağlı deyəcəkləri oldu: “Gözəl səsi, sənəti olan müğənnilərimiz çoxdur. Amma düz vurğulayırsınız, milyonçu deyilik. Azərbaycan indi inkişaf edir və dünyaya çıxır. Avropa ölkələrində yaşayan müğənnilər dünya turlarına çıxır, konsertlər verir və milyonlar qazanır. Biz doqquz milyon əhaliyik. Bu siyahıda isə maşallah, o qədər müğənni var ki... Bizim qazancımız toylardandır. Bu qazanc 5-20 min manat arasında olur. Onunla həm ailə saxlayırıq, həm mahnı alır, klip çəkdiririk. Elə aylar da var ki, Məhərrəmlik olur, toylar çalınmır. Biz o ərəfələrdə işləmirik. Qazanıb-xərclədiyimiz məbləğ milyonerlər siyahına düşməyə imkan vermir. Biz konsertlərimizi özümüz edirik. Həmin konsertlər bu gün bizim reklamımız üçün lazımdır. Əslində bizdə böyük şirkətlər, yaxşı prodüserlər olmalıdır ki, pulu qoyub, konserti təşkil etsin. Ancaq yoxdur! Bizim xalq əcnəbi müğənnini konsertinə gedir, özümüzünkünə yox. Ancaq bir məsələ də var. Bu gün seçilən, yaxşı müğənnilərimiz bir toydan 20 min manat qazanırsa, deməli biz inkişaf edə bilmişik və gün gələcək biz də milyonerlər siyahısına düşəcəyik”.
 
Tez bir zamanda sevilməyi bacaran gənc müğənni Günay İbrahimli hər il qiymətini 500 manat qaldırır. Bu gün o yarım saatlıq çıxışı üçün 2. 500 manat pul alır. Bəs niyə milyonçu olmağa doğru getmir? Bu sualla ifaçı özü cavab verdi: “Bu məsələ hər zaman mənim özümə də maraqlı olub. Bunun səbəbini öyrənmək üçün mən, hətta hər ay yazılı şəkildə hesab aparıram. Nəticə odur ki, işlədiyim dövrlərdə mənim hər ay tək avtomobilimin yanacağı ilə telefonumun danışıq kartı 3 min manat edir. Yarım saatlıq oxuduğum proqramın 6 mahnısı olur. O mahnıların birinə klipsiz və “pr”sız təxminən 7 min manat pul ödəyirəm. Mənim bütün qazancım işimdədir. Yüksək qonorarla tədbirlərə dəvət edilən müğənnilərin gördükləri keyfiyyətli işlər üçün də xərclənən məbləğlər az deyil. Bəzən kənardan bu işin içində olmayan insanlar oxuduğumuz mahnılara, çəkdiyimiz kliplərə sərf olunan məbləğin nə qədər olduğunu heç bilmir. Keyfiyyətli iş - tamaşaçı məmnuniyyəti, tamaşaçı sevgisi, tamaşaçı diqqətidir. Bəzən elə olur ki, bir mahnının musiqisinə, aranjemanına o tədbirlərin bir neçəsindən aldığımız qonorarları sərf edirik. Ona görə milyoner ola bilmirik. Bəzən də kənardan milyoner kimi görünürük. Amma yaxşı qonorar alan müğənninin işə yatırdığı sərmayə də bir o qədər yaxşı olmalıdır. Biz keyfiyyətli işlər görməsək, qazancımız da olmaz. Qazancımızı işimizə sərf eləməsək, keyfiyyətli iş ərsəyə gətirib tamaşaçı sevgisi qazana bilmərik.
 
Uzun illərdir ən bahalı müğənnilərlə çalışan prodüser Tarix Əliyevin də məsələyə öz yanaşması oldu. Bu gün Tolik Elton Hüseynəliyev kimi 12 min manata toy idarə edən müğənni ilə çalışır. Bu aydan etibarən isə onu xalq artisti Aygün Kazımova ilə də bir arada görəcəyik: “Elton 12 min manat deyir, amma onun hamısı Eltona çatmır axı. Onunla birgə böyük ansambl var, mənim faizim var. Ortada bir çox xərclər var. Ona qalsa yarım saatı 6-7 minə oxuyan Röya gərək milyoner olsun. Amma görürsünüz deyil. Çünki Röya qazandığından da çox öz layihələrinə qoyur. Azərbaycanda milyonçu müğənni yoxdur. Bəzi müğənnilər xırda şeylərlə gündəmə gəlirlər. Məsələn, Nüşabə Ələsgərlinin Gənclikdə elə bir evi var ki, onun indi 5 milyon qiyməti var. Amma o zaman Nüşabə ona o qədər pul verməyib axı. Ümumiyyətlə, müğənninin çox xərci olur. Milyonçu müğənni nəinki bizdə, heç Türkiyədə də yoxdur”.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR