Nizami Hacıyev: “İnter”in problemi pulla bağlı deyil”

Nizami Hacıyev: “İnter”in problemi pulla bağlı deyil”
17:22 21 İyun 2017
39 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ Bakının “İnter” futbol komandasının kapitanı Nizami Hacıyevin “Report”a müsahibəsi

- Türkiyənin Bolu bölgəsindəki təlim-məşq toplanışınız başa çatdı. Hazırlıqla bağlı nə deyə bilərsiniz?
- Çox səmərəli toplanışımız oldu. Üç yoxlama matçında qüvvəmizi sınadıq. “İnter” artıq 90 faiz hazırdır. Bəli, çatışmayan cəhətlər var. Bunu da Avropa Liqasının I təsnifat mərhələsində “Mladost”la ilk oyuna qədər aradan qaldıracağıq.
- Baş məşqçi əvəzedici heyətdən 3 futbolçunu – Murad Qayalı, Cabir Əmirli və Ricat Qarayevi də əsas komandanın üzvü kimi Avropa Liqasına sifariş edib. Gəncləriniz gələcəyə ümidlə baxmağa əsas verir?
- Ricat ötən mövsümdən bizimlə məşq edir. Murad dayaq yarımmüdafiəçisidir, çox perspektivlidir. Cabir isə əzmkarlığı ilə seçilir. Bu uşaqların üçü də xoşuma gəlir. Onlar əsas komandada çıxış etməyə layiqdirlər və bunu məşqlərdə də sübut edirlər.
- Avropa Liqasının I təsnifat mərhələsində Serbiya “Mladost”u ilə qarşılaşacaqsınız. Nisbətən asan rəqib gözləyirdiniz, yoxsa püşkdən razısınız?
- Açığı, şəxsən rəqiblə maraqlanmamışam. Toplanış vaxtı bir otaqda qaldığım Rauf Əliyevin internetdən daha yaxşı başı çıxır. O, məlumatları oxuyub, mənə də deyirdi. Rəqib avrokuboklarda debütantdır, gənclərdən ibarət kollektivə malikdir. UEFA reytinqinə görə cütün favoriti “İnter” sayılır. Ancaq müəyyən problemlərimizi nəzərə alsaq, şanslar bərabərdir. Meydana qələbə üçün çıxacağıq. Püşkdə bəxtimizin gətirib-gətirmədiyini deyə bilmərəm. Rəqibin fərqi yoxdur. İstəkli olsaq, qalib gələcəyik. Bu, futbolun qanunudur.
- "Müəyyən problem" dedikdə, maaşların yubanmasını nəzərdə tutursunuz?
- Əmək haqqı problemi həll olunmaqdadır. Yeni rəhbərliyin gördüyü işlər göz qabağındadır. Ola bilsin, kənardan bir o qədər bilinmir. Lakin komandanın içindəyəm, daim ünsiyyətdəyik. Neçə ay pulsuz oturmuşduq, indi 5-10 gün gecikməni dərd edəsi deyilik. Yalnız mayın maaşını almamışıq. Ümumiyyətlə, “İnter”in problemi pulla bağlı deyil. Əsas çətinlik transfer qadağası ilə əlaqədardır. Ehtiyac duyulan mövqelərə istədiyimiz oyunçuları əldə edə bilmirik. Yük yerdə qalan futbolçuların üzərinə düşür.
- Başa çatan mövsümdə səylərinizə baxmayaraq, milli komandaya dəvət almadınız. Növbəti mövsümdə tilsimi qırmağa ümid edirsiniz, yoxsa Robert Prosineçki baş məşqçi olduğu müddətdə çağırılacağınıza inanmırsınız?
- Ümidimi itirməmişəm. Məqsədim milliyə düşməkdir. İnanıram ki, yeni mövsümdə daha yaxşı çıxış edəcəyəm. Ümid edirəm ki, belə olan halda çağırılacağam.
- “Mladost”u təbii ot örtüyü olan “Dalğa Arena”da qəbul edəcəksiniz. Təlim-məşq toplanışında da anoloji meydançalarda məşq etsəniz də, Azərbaycan Premyer Liqasındakı ev oyunlarınızı süni örtükdə keçirmisiniz. Bu amil sizə əngəl olmayacaq?
- İstər Bakıda, İstərsə də Boluda keçdiyimiz hazırlıq dönəmində təbii örütklü meydanlarda məşq etmişik və buna öyrəşmişik. İnanmıram ki, ot bizə problem yaratsın. Digər tərəfdən, söhbət avrokubokdan gedirsə, burada dövlətin adı, bayrağı var. Lazım gəlsə, palçıqda oynayıb, Azərbaycanı layiqincə təmsil etməliyik.
- Ramiz Məmmədovun əvəzedici komandanın baş məşqçisi təyin olunması birmənalı qarşılanmayıb. Belə fikirlər var ki, bu təyinat onun əsas komandadakı həmkarı Zaur Svanadzeni gələcəkdə əvəzləməsi üçün nəzərdə tutulub...
- Ramiz Məmmədovun rəhbərliyi altında oynamamışam. Lakin onun karyerasından xəbərim var. "Qəbələ"də, Qazaxıstan və İran klublarında işləyib. Ölkəmizin ad-sanlı məşqçilərindəndir. O, əsas komandaya baş məşqçi yox, əvəzedici heyətə koordinator vəzifəsinə təyin olunub. Əsas məqsədi iki komanda arasında vasitəçi olmaq, əsas komandaya əvəzedici heyətdən oyunçu tövsiyyə etməkdir. Məmmədovun Svanadzenin büdrəməsini gözləyəcəyi ilə bağlı söhbət həqiqətən də yoxdur. Yeni təyinat onun təcrübəsinə əsaslanaraq gerçəkləşdirilib. O qədər belə söz-söhbətlər olub ki... Bu gün əsas komandanın baş məşqçisi Zaur Svanadzedir. Biz də onun rəhbərliyi altında nəticə qazanmaq üçün birləşmişik. Gələcəkdə futbolçu və ya baş məşqçinin dəyişib-dəyişməyəcəyini zaman göstərər. 



Xəbərin orijinal ünvanı: https://report.az/futbol/nizami-haciyev-i-nter-in-problemi-pulla-bagli-deyil

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR