Nazir: Turistlərin asudə vaxtlarının təşkili işinə diqqət artırılmalıdır

Nazir: Turistlərin asudə vaxtlarının təşkili işinə diqqət artırılmalıdır
14:43 22 İyun 2017
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Yerlərdə həm yerli, həm də xarici turistlərin asudə vaxtlarının təşkili işinə diqqət artırılmalıdır.

Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin regional idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirədə çıxış edərkən deyib.

Nazir bildirib ki, regionlarda turizm sənayesinin inkişafı, turizm klasterlərinin yaradılması istiqamətində addımlar davam etdirilir. Regional mədəniyyət və turizm idarələri bu işlərdə yaxından iştirak etməli, turizm məkanlarında, açıq havada müntəzəm konsertlər, sərgilər təşkil olunmalıdır.

Ə.Qarayev əlavə edib ki, ölkə Prezidentinin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 29 mart 2016-cı il tarixli sərəncamına uyğun olaraq yaradılan 15 regional mədəniyyət və turizm idarəsinin fəaliyyətinin gücləndirilməsi istiqamətində işlər davam etdirilir. Regional idarələrin təşkili mədəniyyət və turizm sahələrində daha çevik idarəçiliyin təmin olunmasına xidmət edir.

Nazir deyib ki, regional mədəniyyət və turizm idarələri ölkəmizin mədəni, tarixi dəyərlərinin, turizm imkanlarının xarici qonaqlara tanıdılması və təbliğində aktiv iştirak edirlər. Regionlardakı mədəniyyət müəssisələri, rəqs və musiqi kollektivləri bu işlərə daha çox cəlb olunmalıdır.

Ə.Qarayevin sözlərinə görə, həyata keçirilən islahatlar nəticəsində regionlarda mədəniyyət və turizmin inkişafı istiqamətində işlər daha sürətlənib. Bu islahatlar həm də büdcə vəsaitlərindən daha səmərəli istifadə etməyə imkan yaradıb.

Müşavirədə həmçinin, yay turizm mövsümünə hazırlıq, yeni turizm marşrutlarının yaradılması istiqamətində müvafiq tapşırıqlar verilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR