​Tülkülər barəsində bildiklərimiz və bilmədiklərimiz

Tülkülər Avropada, Şimali Afrikada - Misir, Əlcəzair, Mərakeş və Tunisdə, Asiyanın bir çox hissəsində, Hindistanın şimalından başlamış Hind-Çinə qədər geniş yayılıb. Tülkülərə Şimali Amerikada, Meksika körfəzinin şimal sahillərində və Avstraliyada da rast gəlmək olar.

Tülkü çox da böyük deyil. Bədəninin uzunluğu 60-90 santimetr, çəkisi isə 6-10 kiloqramdır. Quyruğu uzun və tüklü, xəzi yumşaqdır.
Tülkü təklikdə ov edir. O, adətən 6 ilə qədər, bəzi hallarda 13 ilədək yaşayır.
Tülkü hər yerdə özünə qida tapa bilir. Əsasən dovşan, siçan və quşlarla qidalanır. Səhra və yarımsəhralarda yaşayan tülkülər sürünənlərlə, iri çaylar boyunca məskunlaşan tülkülər isə çox vaxt kürütökmədən sonra məhv olmuş qızılbalıqlarla qidalanır. Yayda tülkü çoxlu həşərat yeyir. Onun asanlıqla ov etməsi çox güclü eşitmə qabiliyyətinə malik olması ilə bağlıdır. Tülkü otlar arasında sürünən yağış qurdunun xışıltısını və qarın içərisində yarım metr dərinlikdə eşələnən siçanın səsini belə hiss edir.
Tülkülər dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da çox yayılıb. Ölkəmizdə tülküyə həm aran, həm də dağlıq bölgələrdə təsadüf etmək olar. Bu heyvanların çox gözəl yaddaşı var. Onlar çox ağıllıdır və yeni şəraitə tez uyğunlaşır. Təsadüfi deyildir ki, Azərbaycan şifahi xalq ədəbiyyatında tülkü hiyləgərliyin, eyni zamanda ağıl və fərasətin rəmzidir. Bununla bağlı çoxlu nağıllarımız var: “Tülkü, tülkü, tünbəki”, “Tülkü baba və hacıleylək”, “Tülkü və kəklik”, “Tülkü ilə toyuq” və s.
Abdulla Şaiqin “Tülkü həccə gedir” mənzum nağılı uşaqların ən çox sevdiyi nağıllardandır.
Tülkü ilə bağlı atalar sözləri: Tülkü tülkülüyünü sübut edincə, dərisini boğazından çıxardarlar. Dərə xəlvət, tülkü bəy. Tülkü tülküyə buyurar, tülkü də quyruğuna. Tülkünün meydanda nə işi var ki, dərisinə qiymət qoysunlar. Qoca tülkü tora düzməz.

//Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR