Qarabağa qoşun yeridən MOSKVA, baş tutmayan BÖYÜK SAZİŞ...- GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
124 baxış·6 dəq oxu
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dünən
Brüsseldə keçirilən görüşündə ciddi nəticələr əldə olunmadı.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə predmet
danışıqların davam etdirilməsinə razıdır. Ermənistanın Gürcüstan
sərhədlərini pozaraq, bu ölkənin qədim Hucabi monastrını zəbt
etməsi yenidən gündəmə gəlib. Qətərə qarşı embarqonun əsasını qoyan
4 ölkə - Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri
(BƏƏ) və Bəhreyn böhranı daha da kəskinləşdirəcək birgə bəyanatla
çıxış edib. Krımda Rusiyanın Qara dəniz donanmasının döyüş
hazırlığının yoxlanılması başlanıb.
İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin
birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan iclası
keçirilib. Prezident ordumuzun düşmənə sarsıdıcı
zərbələr endirdiyini, Zəhranın və nənəsinin qanı yerdə qalmadığını
deyib.
İlham Əliyev: "Zəhranın və nənəsinin qanı yerdə qalmadı” (YENİLƏNDİ)
Dünən axşam saatlarında Brüsseldə Azərbaycan xarici
işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri
Edvard Nalbandyanın görüşü keçirilib. ATƏT-in Minsk
qrupunun həmsədrləri tərəfindən təşkil olunan görüşdə həmsədrlər də
iştirak edib.
Görüşdə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti
görüşünün bu ilin sentyabrında Nyu Yorkda BMT Baş Assambleyası
çərçivəsində keçirilməsinə dair razılıq əldə olunub.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
üzrə predmet danışıqların davam etdirilməsinə
razıdır. Bunu Azərbaycan və Ermənistan xarici işlər
nazirlərinin görüşü ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin
(XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
XİN Məmmədyarov-Nalbandyan görüşü barədə AÇIQLAMA YAYDI
Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar
Məmmədyarovla görüşən Ermənistan xarici işlər naziri Edvard
Nalbandyan bu görüşdən öncə ATƏT-in Xarici İşlər Nazirləri
Şurasının qeyri-formal iclasında iştirak edən Rusiya xarici işlər
naziri Sergey Lavrovla bağlı qapılar arxasında müzakirələr
aparıb. Nalbandyanla Lavrovun bağlı qapılar arxasında
nələri müzakirə etdiyi dəqiq bilinmir. Lakin Məmmədyarovla görüşdən
saatlar öncə Nalbandyanın Lavrovla qapalı görüşməsi və nələr
müzakirə etməsi maraq doğurur.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin
dünən Brüsseldə keçirilən görüşündə ciddi nəticələr əldə
olunmadı. Rəsmi məlumatda münaqişənin nizama
salınmasında irəliləyişlərin əldə olunması üçün şəraitin
yaradılması məsələsinin müzakirə olunduğu bildirilir.
Görüşdən öncə Azərbaycan və Ermənistan XİN rəhbərləri ATƏT-in
Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış etdilər. Əslində
bu çıxışlar dolayısı ilə görüşün atmosferinə də təsir edirdi.
Elmar Məmmədyarov çıxışında qəti şəkildə bildirdi ki, münaqişə
beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həll olunmalıdır.
Edvard Nalbandyan isə İrəvanın qeyri-konstruktiv mövqeyini
nümayiş etdirərək, Vyana və Sankt-Peterburq razılaşmalarını gündəmə
gətirdi. Nalbandyan bununla “atəşkəsə nəzarət mexanizmi”nin
yaradılmasını nəzərdə tutur.
Nazirlər bu ilin sentybarında BMT-nin Nyu-Yorkda keçiriləcək baş
assambleyasının iclası çərçivəsində növbəti dəfə görüşəcək.
Göründüyü kimi, Brüssel görüşü nəticəsiz başa çatdı və bu,
qarşıdakı günlərdə münaqişə zonasında ciddi toqquşmaların ola
biləcəyinə işarədir. Müharibə variantının gündəmə gəlməsi
Ermənistanda təşvişə səbəb olub.
“Lragir” saytı yazır ki, təmas xəttində toqquşmalar hər an
başlaya bilər.
Nazirlərin gərgin görüşü və Qarabağda BÖYÜK MÜHARİBƏ YOLU: ekspert erməni planını AÇDI
“Azərbaycan hərbi diplomatiya ilə bizi sıxır və bu
təzyiq illər boyunca davam edir”. Bu barədə erməni
politoloq Manvel Sarkisyan nazirlərin Brüssel görüşünü şərh edərkən
deyib.
Onun sözlərinə görə, Azərbaycan Qarabağda status-kvonu
dəyişdirmək üçün hərbi diplomatiyadan istifadə edir və bunu
gizlətmir.
Brüssel görüşündən sonra Sarkisyan ŞOK ETİRAFLAR ETDİ: “Azərbaycan bizi...”
Ermənistanın Gürcüstan sərhədlərini pozaraq, bu
ölkənin qədim Hucabi monastrını zəbt etməsi yenidən gündəmə
gəlib. “Kavkazplus” saytı gürcü torpaqlarının zəbt
edilməsinin iki ölkə arasında ciddi qarşıdurmaya gətirəcəyini
yazıb.
Sayt yazır ki, Hucabi monastrı Gürcü Pravoslav kilsəsinin ən
böyük ziyarətgahlarından biridir: “Bu ziyarətgah artıq Ermənistan
tərəfindən zəbt edilib. Bu gün Hucabi monastrı faciəli
vəziyyətdədir və məhv olmaq təhlükəsi ilə üzləşib. Ən dəhşətlisi
isə odur ki, sırtıq ermənilər sərhədlərin indiki delimitasiyası
üzrə faktiki olaraq monastrın ərazisini zəbt etməyi qanuniləşdirə
bilər”.
Ermənistan Gürcüstanın azərbaycanlılar yaşayan ərazisini İŞĞAL ETDİ – VİDEO
“Avropa İttifaqı bizə qarşı çox açıq və dəqiq
olarsa, məsələn “Biz Türkiyəni Avropa İttifaqına qəbul edə
bilmərik” desə, bu, bizi rahatlaşdırar”. Bunu Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan BBC telekanalına müsahibəsində
deyib.
Türkiyə prezidenti bildirib ki, Avropa İttifaqı açıq və dəqiq
mövqeyini nümayiş etdirsə, Ankara B və C planlarını həyata keçirə
bilər.
“Yəni, Avropa İttifaqı bizim üçün “olmazsa olmaz” deyiləcək bir
yer deyil. Türkiyə öz ayaqları üzərində dayanan, hazırda adambaşına
milli gəliri 11 min dolları keçən bir ölkədir. Hazırda xalqımın
böyük əksəriyyəti əslində Avropa İttifaqını istəmir, Avropa
İttifaqının bizə qarşı yanaşmasını səmimi hesab etmir”, - Ərdoğan
vurğulayıb.
Qətərə qarşı embarqonun əsasını qoyan 4 ölkə -
Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və
Bəhreyn böhranı daha da kəskinləşdirəcək birgə bəyanatla çıxış
edib. Bəyanatda Dohaya təqdim edilən tələblərin
hamısı yerinə yetirilənə kimi embarqonun davam edəcəyi
vurğulanıb.
ABŞ və Qətər arasında imzalanan terrorizmlə mübarizə üzrə
qarşılıqlı anlaşma haqqında memoranduma toxunan ərəb ölkələri bunun
kifayət etmədiyini bildiriblər. Bəyanatda Qətərin terroru
dəstəklədiyi və maliyyələşdirdiyi, radikallara qucaq açdığı və
digər ölkələrinin daxili işlərinə müdaxilə etdiyi iddia olunub.
“Vikiliks” saytı Rusiyanın maraqları üçün casusluqla
məşğul olur. Bunu jurnalistlərə açıqlamasında ABŞ
Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeo söyləyib. O,
“Vikiliks”in ABŞ üçün düşmən olduğunu bildirib:
“ABŞ xüsusi xidmət orqanları artıq portalın ələ keçirdiyi
elektron məktubları Rusiya hərbi kəşfiyyatının istifadə etdiyini
təsdiqləyib. Biz “Vikiliks”ə cavab verəcəyik”.
“Moskva ABŞ prezidenti Donald Trampdan güzəştlər
gözləmir”. Bunu Rusiya prezidentinin mətbuat katibi
Dmitri Peskov deyib.
Peskovun sözlərinə görə, dövlət başçısı Vladimir Putin də heç
vaxt Rusiyanın hansısa güzəştləri haqqında danışmayıb. Qeyd edək
ki, Rusiya və ABŞ prezidentləri arasında görüş iyulun 7-də
Almaniyanın Hamburq şəhərində G20 sammiti çərçivəsində
keçirilib.
Rusiya “Terminator 2” adı ilə məşhur olan BMPT-72
zirehli hərbi maşını Suriyaya sınaqlara göndərib. Bu
haqda ABŞ-ın “The National Interest” nəşrində müdafiə və tarix
məsələləri üzrə ixtisaslaşan ekspert Maykl Pek yazıb.
Hərbi maşın ötən həftə Rusiyanın bu ölkədəki “Xmeymim” hərbi
bazasına baş çəkən Suriya prezidenti Bəşər Əsədə göstərilib.
“Terminator 2” başqa tankların müdafiəsi üçün və xüsusən şəhər
şərtlərində döyüş əməliyyatlarının aparılması üçün nəzərdə tutulmuş
tankdır. Hərbi maşın Т-72 tankının şassisi üzərində hazırlanıb və
dəyişilmiş korpusa malikdir. “Terminator 2” 125 millimetr kalibrli
güclü top, iki 30 millimetr kalibrli top, “Ataka-T” ağır pulemyot
və tank əleyhinə 4 raketlə təchiz edilib.
“Mindən çox rus hərbçinin ölümü...! - “Terminator”un yaranmasının ŞOK SƏBƏBİ
Krımda Qara dəniz donanmasının döyüş hazırlığının
yoxlanılması başlanıb. Bu haqda Cənub hərbi
dairəsinin mətbuat xidməti bildirib.
Krımda və Qara dənizdə donanmanın poliqonlarında keçiriləcək
yoxlamalar bir neçə gün davam edəcək.
Qeyd edək ki, iyulun 10-da Qara dənizdə "Sea Breeze-2017” hərbi
təlimləri başlanıb. İyulun 22-nə kimi davam edəcək təlimlərə
təşkilatçı ölkələr olan ABŞ və Ukraynadan başqa, Belçika,
Bolqarıstan, Böyük Britaniya, Yunanıstan, Gürcüstan, Kanada,
Fransa, İtaliya, Litva, Moldova, Norveç, Polşa, Portuqaliya,
Türkiyə və İsveçin hərbi hissələri cəlb edilib.