Sərnişinlər və sürücülər arasında baş verən bir çox qeyri-etik hadisənin şahidi olmuşuq.
Son vaxtlar tez-tez rastlaşdığım problemlərdən biri isə sərnişinlərin bir-birini başa düşməməsidir. İstər avtobus, istərsə də metroda demək olar ki, gündəlik bu mənzərə ilə qarşılaşıram: "Orta boşdu... Keçin də ! Bir az sıxlaşın da! Qapının ağzını "kəsdirmisiz"... və.s".
Artıq elə bir düşüncə yaranıb ki, boş yer ola-ola bilərəkdən yer vermirlər.
Buna görə də, bir-birinə qarşı hörmətsizlik edənlər, xoşagəlməz ifadələr işlədənlər çoxdur. Hər kəs harasa tələsir, İstədiyi yerə vaxtında çatmaq istəyir. Ancaq bu, bizim başqalarına qarşı hörmətsizlik etməyimizə haqq qazandırmır. Metro və avtobuslarda adam çoxluğunu nəzərə alaraq, hər kəs maksimum şəkildə sıxlaşır və boş yerin qalmamasına çalışır.
Bəzən də elə olur ki, orta hissədə dayananların boyu balaca olur və kənardan baxanda görünmür. Sərnişinlər də elə bilirlər ki, orta boşdu, qəsdən yer vermirlər.
Bu məsələ ilə bağlı bir hadisəyə şahid olmuşam:
Deməli, "Bakı kart"la işləyən avtobusların birinə minmək istəyirdim. İçərisi dolu olduğundan çox çətinliklə də olsa minə bildim. Qapının yanında özünə zorla yer etməyə çalışan xala ortadakı oğlana qışqıraraq "Yanın boşdu, keç də - o tərəfə..." - dedi. Qarşı tərəfin cavabı isə hər kəsdə gülüş doğurdu: "Ay xala yanım boş deyil, qız var. Boyu balaca olduğu üçün görünmür..." Xala da özünü saxlaya bilməyərək güldü və "üzrlü hesab et" dedi.
Fikrimcə, hər kəs bir-birini başa düşməli, bir anlıq özünü başqasının yerinə qoyaraq hərəkət etməli və işlətdiyi ifadələrə diqqət etməlidir.
Sərdar Məmmədov/Metbuat.az