Ona bir yaxşılıq et - Uşaq nitqi

Uşaq nitqi

Əziz valideyn, ona bir yaxşılıq et!

İnsanın ən güclü silahlarından biri özünü ifadə etməsidir. Bu isə nitqlə mümkündür. Fikrini səlis ifadə edənlər digərlərindən bir addım öndə olurlar. Bunun təməli daha çox uşaqlıqda qoyulur… Əziz valideyn, gəl, öyrənək… 

Uşaqlarda nitqin inkişafında ana böyük rol oynayır. Hələ hamiləlik vaxtından ana ona xitabən danışmalı, onu sığallamalıdır. Doğulduqdan sonra uşağın hər qığıltısına, hər kiçik hərəkətinə dərhal reaksiya verməli, onunla təbəssümlə, aydın danışmalıdır. Bu prosesə sonradan bütün ailə üzvləri qoşulmalıdır.

“Körpədir, məni başa düşmür” yanaşmasında olmaq düzgün deyil. Körpə eşitdiyini zamanı gələndə təkrar edəcək. Körpə ilə davamlı olaraq aydın nitqlə danışanda o, daha tez dil açır, daha səlis danışır.

Uşaqlarla bol-bol oynamaq lazımdır. Oyun zamanı körpə anasını, atasını təqlid etməyə çalışır, onun dediklərini təkrar etməyə cəhd göstərir.

Uşaqlarla “uşaq dili” ilə danışmaq qətiyyən olmaz. Onların sözləri ilk başda səhv deməsi normaldır. Valideyn “şirinlik” olsun deyə, bunu təkrar etməməlidir. Misal üçün, uşaq “Alma”ya “Ayma” deyirsə, bu zaman “Ayma” demə, düz demirsən” demirik. Sadəcə olaraq, “Afərin, bu, almadır” deyirik. Bizim düzgün tələffüzümüz ona mütləq öz təsirini göstərəcək.

Körpələr daha çox anası ilə ünsiyyətdə olurlar və bundan zövq alırlar. Ana hətta ev işləri görərkən, ona qulluq edərkən də danışmalıdır. Misal üçün, kartof soyur. “Oğlum, (qızım) bu, kartofdur. Ana onun qabığını soyur. Bu isə bıçaqdır. İndi isə kartofu doğrayıram. Bu, tavadır” və sair.

Gəzməyə çıxarkən gördüklərinizi ona bol-bol izah edin və siz özünüz ona çoxlu suallar verin. Bu, onu danışmağa təşviq edəcək. Ona diqqətlə qulaq asın. Telefondakı rəfiqənizi gözlətsəniz də olar, sizə gələn zəng üçün “Məşğul” düyməsini sıxsanız da olar. Əsas odur, onun ağzından çıxan hər kəlməni bütün duyğu orqanlarınızla dinləyin.

Uşağa “Sən uşaqsan, öz işinlə məşğul ol” kəlməsi ilə övladınıza vurduğunuz zərbədən xəbəriniz varmı? Onu elə indidən fərsizliyə, söz haqqı olmamamğa, danışmağı qəbahət bilməyə, özünü dəyərsiz kimi hiss etməyə itələyirsiniz. Halbuki, o, şəxsiyyətdir-elə doğulduğu gündən.

Zamanı gələndə uşaqlar da sizə çoxlu suallar verəcək. Ona “Of, bezdirdin, nə qədər sual verirsən” dedinizsə, illər sonu hesaba almadığınız zərbələr üçün zəmin hazırlayırsınız. Uşaqların verdiyi suallara doğru cavab vermək yüksək savad tələb edir. Bunlar adi suallar deyil axı! “Səma niyə mavidir?”, “Yağış necə yaranır” və sair. Başdan eləmək, yalandan nəsə fikirləşib cavab verməklə onu yanlış yönəldirik və gələcəkdə bunu mütləq biləcək.

Bundan başqa:

Uşaqlara yanıltmaclar öyrədin. Bunu əyləncəyə çevirib gülün, düz deyəndə hədiyyə verin.

Evdə kukla teatrı düzəldin. Əlinizə corbalar, papaq keçirib onunla danışın. Oyuncaqların arxasında gizlənib körpənizi danışdırın. Həvəslənib o da sizə qoşulacaq və bol-bol danışacaq.

Özünüz onunla təmiz danışın, “qaqqa”, “pəpə” və sair kimi mənası olmayan ifadələr deməyin. Ləhcəsiz və dialket sözlər olmadan danışın

Uşaqlarınızın nitqinə ən azı onun geyimi, qidası, əyləncəsi qədər önəm göstərin. Çünki irəli gedən insanların ən böyük özəlliyi təkcə savad və bacarıqları deyil. Onlar sərbəst, rahat danışmağı bacarır, sözünü deməyə çəkinmir və liderlik qabiliyyətinə malik olurlar. Övladınız üçün bir yaxşılıq edin-ona DİL verin, ona NİTQ verin!

Nitq təlimçisi Cəlalə Nəzəroğlu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı