“Gələn ay “Kredit büroları haqqında” Qanun qəbulunun bir ili tamam olur. Ancaq təəssüf ki, bu müddət ərzində hələ də kredit bürosı yaradılmayıb”.
Bu sözləri Metbuat.az-a açıqlamasında iqtisadçı Samir Əliyev bildirib. Onun sözlərinə görə, büronun yaradılması prosesi ciddi səbəb olmadan uzanır:
“Biz büronun tezliklə fəaliyyətə başlayacağını gözlədiyimiz halda məlum olur ki, qurum ümumiyyətlə dövlət qeydiyyatına alınmaq mərhələsini keçməyib. Halbuki hüquqi baza yaradıldıqdan sonra kredit bürosunun qəbulu daha çox texniki xarakter daşıyır. Banklar xeyli vaxtdır bu istiqamətdə işləyirlər və müəyyən kadr bazasını da formalaşdırıblar.
Kredit məlumatlarının mübadiləsi sisteminin təkmilləşdirilməsi istiqamətində kredit bürosunun yaradılması maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsinin əsas prioritetlərinə daxildir. Qanun layihə şəklində çoxdan hazırlansa da məhz Strateji Yol Xəritəsi çərçivəsində qəbul edilib. Qısaca qeyd edim ki, kredit bürosu – bank və qeyri-bank kredit təşkilatlarından, kommunal və mobil rabitə xidmətləri göstərən şirkətlərdən, hətta məhsullarını nisyə satan müəssisələrdən müştəri barədə məlumatları toplamaq səlahiyyətinə malikdir. Bir sözlə, müştərinin ödəmə qabiliyyəti və davranışı barədə tarixçələr büroda toplanaraq baza yaradılır və banka müştərini düzgün qiymətləndirməyə imkan verir. Müştəri kredit üçün müraciət etdikdə onun tarixçəsi kredit almasında həlledici rol oynayır”.