Son illər Azərbaycanda neft gəlirlərinin səmərəli istifadəsi iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun inkişafına səbəb olub. Əhalisinin təqribən yarısı bölgələrdə yaşayan Azərbaycan üçün aqrar sahənin inkişafı, daxili bazarın kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhz bunun nəticəsidir ki, son illər kənd təsərrüfatı ölkə iqtisadiyyatının prioritet sahələrindən birinə çevrilib. Məhz bununla bağlıdır ki, ötən ilin dekabr ayında ölkə Prezident İlham Əliyev tərəfindən imzalanan, iqtisadiyyatın əsas sahələri üzrə strateji yol xəritələrində məhz kənd təsərrüfatı ön plana çəkilib. Bu ilin ilk altı ayı ərzində “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 11 faizi icra edilib, 40 faizinin icrasına başlanılıb.
Publika.az-ın xəbərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatı məhsullarının istehsalı 2,2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 1,7 faiz, heyvandarlıq məhsullarının istehsalı 2,6 faiz artıb. Əkinlərin ümumi sahəsi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,1 faiz artıb.

Qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq, pərakəndəliyi və təkrarlanmaları aradan qaldırmaq məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. 2018-ci il yanvarın 1-dən artıq Agentlik fəaliyyətə başlayacaq. Bu agentliyin fəaliyyətə başlanması bu gün bir sıra ölkələrin əziyyət çəkdiyi qida təhlükəsizliyi probleminin Azərbaycanda təmin edilməsinə hesablanıb.
Kənd təsərrüfatının inkişafı və qida təhlükəsizliyi üçün bir sıra qanun layihələri hazırlanıb. “Qida təhlükəsizliyi haqqında” qanunun layihəsi və “Azərbaycan Respublikasında qida təhlükəsizliуiпiп təmin оluпmаsıпа dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın layihəsi, “Azərbaycan Respublikasında maldarlığın intensiv inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın və “Azərbaycan Respublikasında örüş-otlaq sahələrinin və biçənəklərin səmərəli istifadə olunmasına dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın layihəsi hazırlanıb. Toxumçuluq haqqında yeni qanun layihəsi beynəlxalq ekspertlərlə birgə işlənilib müzakirəyə təqdim edilib.
Bunlarla yanaşı uzun illərdir fermerlərin gözlədiyi kənd təsərrüfatı sığortası haqqında yeni Qanun layihəsi hazırlanıb. Layihə fermerlərin bu sahəyə marağını bilavasitə artırmağa xidmət edir. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına bu ilin 6 ayı ərzində 2 aqroparka 11,5 milyon manat güzəştli kredit vəsaiti ayrılıb. Bununla yanaşı yerli istehsalın dəstəklənməsi və daxili bazarın qorunması məqsədilə respublikamızla sərbəst ticarət sazişi olmayan ölkələrin üstünlük təşkil etdiyi bir sıra malların (pomidor, xiyar) idxalına tətbiq olunan gömrük rüsumlarının 2 il müddətində artırılmasını nəzərdə tutan qərar layihəsi hazırlanıb.

Kənd təsərrüfatı sahəsinə ayrılan diqqət yalnız qanun layihələri və kreditlərlə yekunlaşmayıb. “Aqrolizinq” ASC tərəfindən bu ilin 6 ayı ərzində 3525 kənd təsərrüfatı texnikası, o cümlədən 9 taxılyığan kombayn, 9 pambıqyığan kombayn, 681 traktor və 2826 digər texnika 525 hüquqi və fiziki şəxsə lizinqə verilib və ya lizinq yolu ilə satılıb. Sumqayıt şəhərində yerləşən Karbamid zavodunun tikintisi davam etdirilir.
“Made in Azerbaijan” brendinin təşviqi məqsədilə ümumilikdə 79 şirkətin iştirakı ilə 5 ölkəyə ixrac missiyaları həyata keçirilib. Kənd təsərrüfatına dövlət dəstəyi sahəsində dünya təcrübəsi araşdırılıb.
Bu ilin ilk 6 ayı ərzində ölkəyə 2177 baş cins damazlıq boğaz düyələr gətirilib. Onlardan 1311-i 188 hüquqi və fiziki şəxsə güzəştli şərtlərlə satılıb, 866 baş heyvan isə hazırda karantində saxlanılır.

Ölkə üzrə ötən il 18,2 min hektara yaxın sahədə yeni fındıq bağları salınıb, fındıq bağlarının ümumi sahəsi 55.1 min hektara çatdırılıb. 2016/17-cı ilin payız-qış dövründə ölkə üzrə 311 hektar sahədə yeni xurma bağları salınıb, bağların ümumi sahəsi 11272 hektara çatdırılıb. İntensiv meyvə bağlarının salınması üçün ting təminatının yaxşılaşdırılması məqsədilə hesabat dövründə Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun Zərdabi adına Elmi Təcrübə Bazasında 2,0 ha və Zaqatala Dayaq Məntəqəsində 0,5 ha sahədə fındıq tingliyi yaradılıb. Pambıq istehsalçılarının 2017-ci ilin yaz əkini üçün toxuma olan tələbatının ödənilməsi məqsədilə 2016-cı ildə Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin tabeliyində olan qurumlar tərəfindən istehsal edilmiş 0,8 ton orijinal, 7,0 ton superelit, 45 ton elit toxum, o cümlədən özəl toxumçuluq təsərrüfatları tərəfindən istehsal edilmiş 276 ton R1 pambıq toxumu sertifikatlaşdırılıb. Bu il 15 rayonda tütün əkinləri üçün əlverişli olan 3 min hektardan artıq torpaq sahələri müəyyənləşdirilib və 2 mindən artıq torpaq mülkiyyətçisi tərəfindən tütün əkinləri aparılması barədə tədarükçülərlə müqavilə bağlanılıb.

Millət vəkili Azər Badamov Publika.az-a açıqlamasında bildirib ki, strateji yol xəritələrində nəzərdə tutulan layihələrin icrası Azərbaycan iqtisadiyyatının ümumi şəkildə inkişafa doğru aparacaq:
“2016-cı il dekabrın 6-da Prezident iqtisadiyyatın əsas sahələri üzrə strateji yol xəritələri imzalayıb. Bu xətirələr 11 aparıcı sahəni əhatə edir. Bu il yanvarın 1-dən icrasına başlanılan strateji yol xəritələrinin 6 aylıq hesabatlarından aydın olur ki, bu layihədə nəzərdə tutulan məqamların ölkə iqtisadiyyatının inkişafına xidmət edir. Strateji Yol Xətirələrinin icrasına nəzarət və təhlilin aparılır və ilin yekununda İqtisadi İslahatların Təhlili və Komumunikasiya Mərkəzi tərəfindən ölkə Prezidentə məruzə ediləcək. Strateji Yol Xəritələrinin 6-sı iqtisadiyyatın real sahələrini - neft, kimya sənayesi, neft-qaz kimya sənayesi, kənd təsərrüfatı, turizm və ağır sənayenin inkişafını əhatə edir.
Düşünürəm ki, görülən işlər pozitivdir, gələcəyə inamla baxmağa inam yaradır. Strateji Yol Xəritələrinin icrası əsasən 2020-2025 və ondan sonrakı illər üçün nəzərdə tutulub. Qeyd olunan məsələlərin mərhələli şəkildə icrası Azərbaycan iqtisadi vəziyyətini inkişaf etdirəcək. Bununla da Azərbaycan iqtisadiyyatında xarici təsirlərdən tam qorunacaq”.
Millət vəkili deyib ki, bu gün dünyanı düşündürən əsas məsələlərdən biri öz əhalisini təhlükəsiz şəkildə ərzaqla təmin etməkdir: “Azərbaycan da bu istiqamətdə uğurlu addımlar atır. Ərzaq təhlükəsizliyi problem qloballaşmaq üzrədir. Ölkə başçısı da bu məqamları əsas götürərək, kənd təsərrüfatınının inklişafını prioritet sahə elan edib. Azərbaycanın isə bu sahədə inkişaf etmək üçün yüksək potensialı var. Ərazimiz az olsa da, 9 iqlim qurşağına malik azsaylı ölkələrdənik və bu da bizə kənd təsərrüfatını inkişaf etdirməyə imkan verir. Ona görə də Prezident hər bir rayona spesifik məhsulların inkişafı ilə bağlı tapşırıqlar verib. Pambıqçılıq, baramaçılıq, tütünçülük, sitrus meyvələri, hətta gülçülüyün inkişaf etdirilməsi də diqqət mərkəzindədir. Bu sahələr Azərbaycanda daim olub, lakin müstəqilliyin ilk illərində diqqətdən kənarda qalması inkişafa təsir etmişdi. Həmin sahələrin yenidən dirçəlməsi və əldə edilən məhsullar, həm ölkə əhalisini təmin etmək, həm də ixrac yönümlü məhsullar istehsal etmək günün tələbinə çevrilib. Planlar çox genişdir. Düşünürəm ki, bu proqramların vaxtında və səmərəli icrası öz bəhrəsini verəcək. Azərbaycan kənd təsərrüfatı üzrə özünü 100 faiz təmin edən ölkəyə çevriləcək, ixrac potensialı da artacaq”.
Gülxar