Beynəlxalq dəniz limanı istismara veriləcək

2018-ci ildə Xəzər dənizində ən böyük beynəlxalq dəniz limanı istismara veriləcək.

Bununla bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Pərviz Heydərov bildirir ki, Bakı Limanı əsrlər boyudur qədim İpək Yolu, eləcə də, Şimali Avropa ilə Rusiyanı Orta Şərq və Cənubi Asiya ilə birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşdiyindən körpü rolunu oynayır:

“Müasir tələblər nəzərə alınaraq, Bakı şəhərinin Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi tikilməkdədir. Bu Liman Xəzər dənizinin demək olar ki, hər mənada ən böyük limanıdır. Azərbaycanın açıq dənizə çıxışının olmamasına baxmayaraq, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində mühüm nəqliyyat-logistika mərkəzinə çevrilməyi qarşıya məqsəd qoyub. Bunu ölkənin beynəlxalq ticarət və logistika sahəsində böyük potensiala malik olması faktı da tələb edir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin keçən ilin mart ayında imzaladığı müvafiq Sərəncama uyğun olaraq yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası (ATZ) tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər həyata keçirilməkdədir. Ümumiyyətlə, ölkənin nəqliyyat infrastukturunun modernləşdirilməsi və genişləndirilməsi, beynəlxalq standartlar səviyyəsində inkişaf etdirilməsi sahəsində son illər ərzində görülən işlərin regional tranzit mərkəzinə çevrilmək məqsədi daşıdığını nəzərə alsaq, ATZ-nin yaradılması təşəbbüsü böyük əhəmiyyətə malikdir. Bu liman Ələtdə yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı "zəncirin mərkəzi həlqəsini" təşkil edir. Yəni, adı çəkilən liman istər-istəməz bütün daşımaların ortaq nöqtəsinə çevriləcəyindən, burada azad iqtisadi zonanın olması işlərə əlavə sürət verəcək”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılacaq – OXUMAQ ÜÇÜN DÜNYA!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR