Ötən həftə dünyada, eləcə də ölkəmizdə baş verən iqtisadi hadisələrlə bağlı iqtisadçı Vüqar Bayramov Metbuat.az-a açıqlama verib. Ekspert bəzi məsələlərə aydınlıq gətirib:
Neftin qiyməti: “Nikbin görsənmir”
“Sentyarbın 25-də bir barelinin qiyməti 60 dollara yaxınlaşan neft daha sonra dəyər itirsə də, oktyabrın 9-dan etibarən cüzi də olsa bahalaşa bilib. Bununla belə, hazırda hər barelinə 58 dollara yaxın pul ödənilən “Brent” markalı neftin gələcək qiyməti heç də nikbin görsənmir. Bir tərəfdən şist neft, digər tərəfdən elektrik avtombillərin istehsalının genişləndirilməsi ilə bağlı planlar neftin qiymətinin orta müddətli dövrdə yüksəlməyəcəyindən xəbər verir. “Amazon effekti” adlandırılan texnoloji yenliklər neft bazarına ciddi alternativ yaratmaqla “qara qızıla” olan tələbin azalmasına gətirib çıxarır. Xüsusilə də, Çinin elektrik avtomobillərin (EVs) istehsalı ilə bağlı planları növbəti 20 ildə neftin bir barelinin qiymətinin 20 dollara qədər aşağı düşməsinə gətirib çıxara bilər. Bunu bəlkə də, təsəvvür etmək çətindir, amma dünyada ən böyük avtomobil bazarına sahib olan Çinin bu istiqamətdəki gələcək planlarının necə reallaşması neftin qiymətinə birbaşa təsir göstərəcək. Hələlik isə neftin bir barelinin 50 dollar intervalında dəyişməsi daha çox bazar tarazlığına uyğundur.
Avronun məzənnəsi: “Məzənnədə azalma ola bilər”
Bir ay öncə dollara nisbətdə 1.20-dək bahalaşan avro ötən müddətdə müəyyən qədər ucuzlaşdı. Yenidən oktyabr 11-də 1.186-dək bahalaşan avro dollara nisbətən yenə də cüzi dəyər itirməkdədir. Bu ayın sonunda Avropa Mərkəzi Bankının yığıncağı avro prespektiv məzənnəsinin müəyyənləşdirilməsində həlledici olsa da, İspaniyada baş verənlər bu dönərli valyutanın dəyərinə təsir göstərməkdədir. Avrozonanın ən böyük dördlüyündəki ərazi bütövlüyü problemi Avropanın valyuta bazarına təsirsiz ötüşmür. Bütövlükdə isə, növbəti günlərdə avronun məzənnəsi İspaniyada mərkəzi hökümət ilə separatçıları arasında razılıq əldə edilib-edilməsindən asılı olacaq. Potensial razılıq avronun dollara nisbətən 1.18-1.20 ətrafında stabilləşməsinə, qarşıdurmanın davam etməsi isə məzənnənin yenidən 1.16-dək azalmasına gətirib çıxara bilər.
Manatın kursu: “Manatın məzənnəsi üçün dekabr vacib aylardan hesab edilir”
Gözlənildiyi kimi, sentyabr ayında dollara tələb yüksək olmadı. Sentyabrda manatın dəyər itirəcəyi ilə bağlı bir sıra proqnozlara nisbətən əslində ötən ay valyuta bazarı üçün sakit oldu. Dollara tələbin azalması gözlənilən idi. Ümumiyyətlə, avqustda idxalın artması səbəbindən dollara tələbin yüksəldiyini nəzərə alsaq sentyabrda tələbin azalması gözlənilən idi. Çünki idxalçılar böyük həcmli idxaldan sonra növbəti ay ölkəyə daha az məhsul gətirirlər. Nəticədə, sentyabr ayında Dövlət Neft Fondu valyuta hərraclarında 252,2 mln. dollar məbləğində vəsait satdı. Qeyd edim ki, avqust ayında keçirilən valyuta hərraclarında fond 292,6 mln. dollar satmışdı. Bu isə o deməkdir ki, avqust ayı ilə müqayisədə sentyabrda Fond tərəfindən satılan valyutanın həcmi 13,81% azalıb. Deməli, dollara tələbin azalması müşahidə edilib. Bununla belə, dekabr ayında dollara tələbin yenidən artacağı gözlənilir. Bu idxalın artması, dövlət və yerli müəssisələrin xarici borc öhdəliklərinin yerinə yetirilməsi və eləcə də xarici səfərlərin sayının artması ilə əlaqədardır. O baxımdan, manatın məzənnəsi üçün dekabr vacib aylardan hesab edilir. Dollara tələbin artmasının manatın məzənnəsinə necə təsir göstərəcəyi isə birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq.
Qızılın qiyməti: “Qızıla tələb yenidən yüksələcək”
Son 1 ildə dünya bazarında 3.75 faiz bahalaşan qızılın 1 qramı hazırda 42 dollara yaxın təklif edilir. Bu, hər unsiyanın qiymətinin 1300 dollar olması deməkdir. Bu gün qızılın hər unsiyasında 2.5 dollar artım qeydə alınıb. Amma hələlik dünya bazarında qızılın qiymətində kəskin artımlar proqnozlaşdırılmır. Məhərrəmlik ayının başlaması ilə bağlı olaraq, Azərbaycanın qızıl bazarında durğunluq müşahidə edilir. Bununla belə, güman olunur ki, növbəti ayın ortalarından başlayaraq daxil bazarda qızıla tələb yenidən yüksələcək və bu da qiymət artımlarına gətirib çıxara bilər.
Daşınmaz əmlak bazarı: “Mənzil bazarında canlanmanın müşahidə edilməsi mümkündür”
Evlərin qiymətinin artması və ya artacağı ilə bağlı açıqlamalara baxmayaraq, mənzil bazarında durğunluq davam edir. Xatırlayırsınızsa, yayda avqust ayında mənzillərin qiymətinin artacağı proqnozlaşdırılan zaman bunun real olmadığını yazmışdım. Reallıqda, hələlik mənzil bazarında tələb aşağı olaraq qalmaqdadır. Evlərin qiyməti manatın hansı müddət stabil qalmasından birbaşa asılı olacaq. Milli valyutamız ili stabil başa vura bilərsə, o zaman gələn ildən mənzil bazarında canlanmanın müşahidə edilməsi mümkündür. Bu halda xarici valyutada olan yığımların bir qisminin daşınmaz əmlak bazarına yönəldiləcəyi gözləniləndir”.