AXCP-nin Müsavata, Müsavatın da AXCP-yə ehtiyacı yoxdur

AXCP-nin Müsavata, Müsavatın da AXCP-yə ehtiyacı yoxdur
15:05 9 Yanvar 2015
145 Digər
Ölkə mətbuatı
A- A+

İki partiyanın parlament seçkilərində birgə iştirakı ilə bağlı təklif süngü ilə qarşılandı
“Müsavat Partiyasından AXCP-yə birlik, parlament seçkilərində birgə iştirak barədə hər hansı təklif gələcəyini düşünmürəm. Təklif gələrsə belə, bu mövzunun AXCP-də ciddi şəkildə müzakirə olunacağı inandırıcı deyil”.

Bu fikirləri bizimlə söhbətində AXCP sədrinin müavini Razi Nurullayev Müsavat-AXCP birliyi haqda deyilənlərə münasibət bildirərkən dedi. Xatırlatdı ki, bu iki partiya arasında indiyə qədər dəfələrlə əməkdaşlıq baş tutub, birliklər yaradılıb. Amma hamısı eyni aqibəti yaşayıb: “Bilirsiniz ki, indiyə qədər yaradılan birliklər uğursuzluğa düçar olub və sonu parçalanma ilə nəticələnib. Ona görə də növbəti dəfə birləşməyə və yenidən ayrılmağa ehtiyac olduğunu düşünmürəm. Bu, toplumda da kifayət qədər qıcıq yaradır. Hesab edirəm ki, yeni birlik yaradılması ideyası kifayət qədər çətin və qəliz mövzudur”.

R.Nurullayev təmsil etdiyi partiya haqda müxtəlif sözlər deyilməyinə baxmayaraq, AXCP-nin özünəməxsus yolu olduğunu və bu yolla getdiyini bildirdi: “Hər kəsin öz fikri ola bilər. Amma Elçibəydən sonra partiyanın sırf maddi maraqlar güddüyünü iddia etmək doğru deyil. AXCP çox aktiv fəaliyyətdədir. Fəallığımız istər mediada, istərsə də sosial şəbəkələrdə özünü göstərir. Bizim hansısa mövzuda kimdənsə çəkinəcəyimiz və ya qorxacağımız bir məqam yoxdur. Partiyada avtoritar rejim hökm sürdüyü barədə deyilənlərə gəlincə, hamının bütün fikirləri doğru ola bilməz. Hər bir partiyanın ideoloji əsasları var. Amma partiyalara təkcə ideologiyasına görə yox, sədrlərinə güvənərək qoşulanların sayı da az deyil. Bu, ölkə reallığıdır və həm iqtidar, həm də müxalif partiyalar üçün xarakterik haldır”.

Müsahibimizin fikrincə, indiki vəziyyətdə partiyaların birləşməsi mövzusunun müzakirəsinə ehtiyac yoxdur: “Hesab edirəm ki, hansısa partiyanın bir başqasına ehtiyacı olduğunu iddia etmək doğru deyil. Hər partiyanın öz dəst-xətti, ideologiyası var. AXCP-nin hansısa partiya ilə birliyə ehtiyacı yoxdur. İstənilən partiya xalqın dəstəyinə arxayın olmalıdır. Ona görə də partiyaların biri-birinə ehtiyacı olub-olmadığını müzakirə etmək düzgün deyil. Onların baş verənlərə müxtəlif baxışları, yanaşmaları ola bilər. Ona görə də ehtiyac haqda deyilənlər həqiqəti əks etdirmir və sadəcə, qıcıq yaradır”.

Qeyd edək ki, siyasi ekspert Natiq Miri “Yeni Müsavat” qəzetinə açıqlamasında bildirib ki, Müsavat-AXCP birliyi mümkün olmayan, uğur gətirməyən birlikdir: “Bu partiyalar tamamilə fərqli partiyalardır, fərqli idarəçiliklə, fərqli xarakterlə idarə olunurlar. Müsavat bir ideoloji xəttə, ideoloji əsasa dayanan partiyadır. Ancaq AXCP mərhum prezident Əbülfəz Elçibəydən sonra heç bir ideoloji əsasa dayanmayan, yalnız konkret maddi maraqlara və ayaqda qalmağa hədəflənən siyasi qruplaşmadır. AXCP-də avtoritar idarəetmə üsulu var. Hər şey yalnız və yalnız birinci şəxsin iradəsindən asılıdır. Bütün seçki dönəmlərində Müsavat-AXCP birliyi daim AXCP-yə siyasi bazarlıqlar etməklə böyük maddi qazanc əldə eləmək imkanı yaradıb. Belə bir həqiqətin ortada olduğu bir vaxtda bundan sonra AXCP ilə Müsavatın birliyini təmin etmək istəyi yenə də gələcək siyasi uğursuzluğun əsasını qoymaqdır. Bu, qəsdən düşünülmüş bir modeldir. Mənə təəccüblü gələn odur ki, Müsavat rəhbərliyindəki şəxslər dəfələrlə sınaqdan uğursuz çıxmış bu zərərli birliyi nədən diriltmək istəyirlər. Onlar məgər bilmirlər ki, Müsavatla AXCP-nin birliyi mümkün olmayan, uğur gətirməyən birlikdir?! İkincisi, cəmiyyətdə belə rəy yaranır ki, bu cür birliyi istəyən siyasi qüvvə özünə güvənməyən qüvvədir. Müsavatın indiyə qədər heç vaxt AXCP-yə ehtiyacı olmayıb, indi də ehtiyacı yoxdur. Əli Kərimlinin sədrliyi dövründə isə AXCP-nin dəfələrlə Müsavata ehtiyacı olub. Müsavat AXCP ilə birliyə getməklə neçə dəfə ölmüş vəziyyətdə olan AXCP-ni dirildib. İndi Müsavat Partiyasının AXCP-yə birlik təklifi etməsi insanlarda belə fikir yaradacaq ki, Müsavat zəifləyib, aciz durumdadır və AXCP ilə birliyin ümidinə qalıb. Diqqət edirsinizsə, son vaxtlar AXCP təmsilçiləri Müsavatdan gələn birlik çağırışlarına saymazyana, özündənrazı şəkildə ironik münasibətlər bildirirlər”.

N.Miri onu da deyib ki, AXCP ilə birlik yaratmağın mənasız olduğu Müsavat rəhbərliyinə gün kimi aydındır: “Ola bilsin ki, Müsavat AXCP rəhbərliyinin birlik əleyhinə çıxacağını bildiyindən, qəsdən belə təklifdə bulunur. Müsavat Partiyası bununla cəmiyyətə nümayiş etdirmək istəyir ki, ölkədə müxalifətin birliyini istəməyən, onu pozan məhz AXCP rəhbərliyidir. Müsavatdan AXCP-yə birlik təklifinin başqa məntiqli izahı yoxdur. Müsavat AXCP ilə birlikdənsə, təkbaşına xalqın içinə getsin, xalqa öz ideyalarını təqdim etsin. Hər dəfə seçkilərə az qalmış AXCP ilə süni birliyə getməklə nə xalqı toparlamaq, nə də seçkini udmaq mümkün deyil”.

kaspi.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/318172.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR