Etiraf etməliyik ki, bu gün Azərbaycan şou-biznesinin əsas hissəsi qalmaqallar üzərində qurulub. İfaçıların bir çoxu “Necə məşhurlaşa bilərəm?” sualı ətrafında çox baş sındırmadan qalmaqallara üz tutur.
Xoşbəxtlikdən çirkin oyunlara ehtiyac olmadan məşhurlaşmağın və sözün əsl mənasında özünü insanlara sevdirməyin formulunu və düstürunu tapanlar var. Məsələn, məşhur “Sev” mahnısının ifaçısı Şeyla. O, illərdir sənətdə yoxdur, amma məlahətli səsi və özünəməxsus ifası ilə yaralı qəlblərin məlhəmi olmağa davam edir.
Hazırda Amerikada yaşayan və 2 oğul anası olan müğənni Publika.az-a müsahibə verib.
- Uzun illərdir ki, sənətdən getimisiniz, amma ifalarınız hələ də sevilir və dinlənilir. Bu qədər müddət sonra sosial şəbəkələrdə aktiv olduğunuzu görmək xoşdur.
- Təşəkkür edirəm.
- Mahnılarınızı tanıyan çoxdur, amma haqqınızda çox az məlumat var. Bəlkə bir az özünüzdən danışasınız. Məsələn, valideynlərinizdən və uşaqlıq illərinizdən. Yeri gəlmişkən, çox maraqlı və nadir adınız var.
- Ümumiyyətlə öz barəmdə danışmağı xoşlamıram. Müğənnilik fəaliyyətimə başladığım illərdə də, şou-biznesdən uzaqlaşdıqdan sonra da çalışıram ki, musiqidən və mənimlə çalışan insanların əməyindən söhbət açım.
Adımı anam qoyub. 70-ci illərdə o, şərqşünalıq fakültəsini bitirib. Yeməndə iki illik iş təklifi alıb. Orada yaşadığı illərdə belə bir ad eşidib və xoşuna gəlib. Anam qərar verib ki, qızı olsa, ona bu adı qoysun.
1980-cı ildə Bakı şəhərində anadan olmuşam. Uşaqlığımın çox hissəsini 189 nömrəli məktəbin divarları arasında keçib. Eyni zamanda Tofiq Quliyev adına 12 nömrəli musiqi məktəbində fortepiano üzrə təhsil almışam. Uşaqlığım çox zəngin və əyləncəli olub. Bir sıra yaradıcı dairələrdə özümə daim yeni məşğuliyyətlər tapırdım.
- Müğənnilər və ya aktrisalar sənətdən getməzdən əvvəl böyük çıxışlar edirlər, anonslar verirlər. Bildiyim qədərilə sizdə belə olmadı. Birdən-birə itdiniz. Səs-səmirsiz itməkdə məqsəd insanlar üçün sirli və maraqlı olmaq istəyi idi?
- Əslində “Sənsiz” albomunun təqdimat mərasimində bu barədə məlumat vermişdim. Bu xəbərin verildiyi “Tezdən oyan” verilişinin lent yazısını indiyə qədər saxlamışam. Tamaşaçılara açıq şəkildə etiraf etmişdim ki, yorulmuşam və albom çıxdıqdan sonra bu sənətdəki fəaliyyətimi bitmiş hesab edirəm. İllər sonra da mənə elə gəlir ki, çoxları o açıqlamamı ciddi qəbul etməyib və sonralar bu hala çox təəccübləndilər.
- Peşman deyilsiniz ki?
- Qəti. 2003-cü ildən özümü inkişaf etdirməyə və dünyanı fəal şəkildə kəşf etməyə başladım. Bu ehtirasım məni peşəkar sənaye turizminə сəlb etdi. Müğənilik fəaliyyətimi dayandırdıqdan sonra bir müddət foto sənəti, eləcə də jurnalistika peşəsi ilə maraqlanırdım.
- Niyə müğənnilik sənətini davam etdirmədiniz?
- Sənətdən getməyimin səbəbləri çoxdur. Bu amillər musiqiyə olan həvəsimi azaltdı. Bəlkə də ən başlıca səbəb - Azərbaycan musiqisinə bir qədər gec gəlməyim oldu. Mən 90-cı illər musiqisinin pərəstişkarı idim. O zamanlar “Karvan”, “Yuxu”, “Rast” kimi musiqi qrupları parlamağa başlayırdı. Həmin ərəfədə həmçinin Brilyant Dadaşova, Faiq Ağayev və Aygün Kazımovanın yaradıcılığının çiçəklənmə dövrünü yaşayırdı.
Hesab edirəm ki, o dövrdə məhz onlar daha parlaq və özünəməxsus ifa tərzi ilə seçilirdilər. Düzdür, ağır müharibə illərindən sonra vətənimiz yeni başlanğıclar və parlaq gələcəyə doğru daha böyük ümidlər bəsləyirdi. Təbii ki, bu, musiqi aləminə də təsirsiz ötüşmürdü. Eyni zamanda pərəstişkarı olmadığım türk estradası yavaş-yavaş Azərbaycan musiqisinə təsir göstərməyə başlayırdı.
2000-ci illərdə isə bütün mahnıların musiqiləri demək olar ki, bir-birinin eynisi idi. Odur ki, bizim estradaya qulaq asmağı birdəfəlik dayandırdım.
Bundan əlavə, mən şou-biznesə zarafat etmiş kimi gəldim. Gəlişim plansız idi. Ailəm musiqi marağıma hobbi kimi yanaşırdı. Mahnı oxuduğum illərdə də, ondan öncə də, sonra da ticarət və biznes sferasının müxtəlif mövqelərində çalışmışam. Təhsilim maliyyə sahəsi ilə bağlıdır. Toylardan, restoranlardan və tədbirlərdən əldə olunan qazanc müğənni kimi məni maraqlandırmırdı. İştirakçısı olduğum çox nadir çıxışlarım ya xeyriyyə məqsədi daşıyırdı, ya da işlədiyim kompaniya üçün sadə bir jest idi.
- Qamqallarsız yaddaşlarda necə qala bildiniz?
- Onu yəqin ki, məndən yox, dinləyicilərdən soruşmaq lazımdır.
- Hazırda nə ilə məşğul olursunuz?
- 2009-cu ildə ABŞ-a köçdüyüm zaman uzun müddət Bakıda işlədiyim Avropa şirkətlərindən bir sıra is təkliflər aldım. Son qərar Los-Ancelesdə nümayəndəliyi olan ispan dekorativ plitələr istehsalı ilə məşğul olan şirkətə nəsib oldu və beş il orda çalışdım.
İkinci oğlum dünyaya gələndən sonra özümü turizm sahəsində sınamağa qərar verdim və tezliklə "TripAdvisor" korporasiyasının bir hissəsi olan “Viator” şirkətində işə başladım. Həyat yoldaşımla San-Fransiskoya köçməyimiz də karyerama böyük təkan verdi, çünki Silikon vadisi çoxsaylı texnologiya şirkətlərinin “doğum yeri” sayılır və bildiyiniz kimi, texnologiya olmadan bugünkü turizm sənayesi təsəvvür edilə bilməz.
Lakin Los-Ancelesdən köçməyimizin də öz nöqsanları var imiş. Ailəm orada qaldığı üçün iki körpə uşaq və ya tam iş qrafiki seçimi qarşısında düşünməli oldum. Buna görə də hazırda ən azı bir müddət Los-Ancelesə qayıtmaq fikirindəyik.
- Səhv etmirəmsə, həmişəlik Amerikaya köçmüsünüz. İstərdim ki, bu barədə məlumat verərdiniz?
- ABŞ-a məndən qabaq köçən ailəmlə yenidən qovuşmaq məqsədi ilə gəldim. Bir çoxları bunu necə bacardığımı soruşurlar. Ailəm “qrin kart” lotereyasının qalibi olaraq ABŞ-a köçmək imkanı qazanmışdı. Lakin mən ailəmə 9 ildən sonra qoşula bildim. Həyatım artıq burada davam edir və Azərbaycan qanunvericiliyinə əsasən, 2014-cu ildə Amerika vətəndaşlığını əldə edərkən Azərbaycan vətəndaşlığımdan məhrum oldum. İndi deyə bilərsiniz ki, mən tam hüquqlu amerikanlıyam.
- Bakı üçün darıxırsınız? Vətəniniz üçün sizi darıxmağa məcbur edən amillər nədir?
- Bakıya tez-tez baş çəkirəm. Atam hələ də Bakıda yaşayır, ondan savayı çoxlu qohumlarım və dostlarım da ordadır. Onları görmək üçün çalışıram ki, heç olmasa, hər il, ya da iki ildən bir vətənimə gəlim.
Sözsüz ki, Bakının öz yeri var. Təəssüflər olsun ki, mənim boya-başa çatdığım ev söküləcək, məktəbimizi başqa təhsil ocağı ilə birləşdirib tamamilə dəyişdiriblər. İndi Bakıya turist kimi gəlib təzə yerlərə baş çəkirəm.
- Bəzən qadınlar karyerasının ən parlaq dövrünü yaşasa da, ailə qurduqdan sonra özünü uşaqlarına və həyat yoldaşına həsr edir. Xanımların ailəsinə görə öz karyerasından imtina etməsinə necə baxırsınız?
- Bu, hər insanın şəxsi seçimidir. Elə xanımlar var ki, böyük ailə arzulayır və özlərini çox uşaq anası rolunda sərbəst hiss edirlər. Yaxud başqa qadınlar da var ki, cəmiyyət və dünya üçün fərqli bir iş görməyə çalışırlar. Lakin bu, o demək deyil ki, bu tip qadınlar ailə qurub övlad sahibi olmaq istəmirlər, sadəcə onlar cəmiyyətdə daha fəal iştirak etmək arzusundadır.
Və elə qadınlar da var ki, övlad sahibi olmaq istəmir. Əvvəllər mən onları anlamırdım. Lakin öz uşaqlarım dünyaya gəldikdən sonra fikrimi dəyişdim. Hesab edirəm ki, dünyaya uşaq gətirməzdən əvvəl hər kəs bunun böyük məsuliyyət və fədakarlıq olduğunu başa düşməlidir. O, özümü xoşbəxt hiss etməlidir ki, uşağını da xoşbəxt mühitdə böyüdə bilsin, gözəl həyatla təmin etsin...
Bu baxımdan özlərini tam xoşbəxt hiss etməyən xanımlara onu məsləhət görərdim ki, özünü daha dərindən kəşf etsinlər, şəxsiyyətin inkişafı üçün ən lazımlı və faydalı olan işlərdən özlərini məhrum etməsinlər.
- Yeni mahnılar yazdırmağı düşünürsünüzmü?
- Səhnəyə qayıtmağa planlaşdırmıram. Ola bilər ki, bir neçə mahnı yazdırım, lakin bunun nə vaxt və necə baş verəcəyi haqqında heç nə deyə bilmərəm.
- Unudulmamaq necə hissdir?
- Əlbəttə ki, gözəl hissdir... Dinləyicilərimə də yazmışdım ki, bu cür sədaqəti səxavətlə mükafatlandırmaq gərəkdir. Odur ki, albomdakı mahnıları musiqimi sevən və yaradıcılığımı yüksək qiymətləndirən hər kəslə bölüşməkdən xoşbəxtəm.
- “Gözlərəm” adlı mahnınızda sevdiyi insan uğrunda hər dərdə qatlaşmağa hazır olan bir insandan bəhs etmisiniz. Sizcə, gəlməyəciyini bildiyimiz halda bizi tərk edən insanın yolunu gözləməyə dəyər?
- Yox, dəyməz. İnsanlar həyatın səhifəsini öz vaxtında bağlamağı öyrənsələr, yaşamaq daha san olar.
- İki oğlunuz var. Onlara öz mahnılarınızı dinlətdirirsiniz. Azərbaycan haqqında danışırsınız?
- Oğullarım hələ ki, çox kiçikdirlər. Böyük oğlum anasının vətəni haqqında bir qədər məlumatlıdır, məktəbdə bundan söz açır. Sözsüz ki, xətirədə ona ölkəmizi göstərib başa salıram. Düzü mahnılarıma özüm qulaq asmıram, qaldı ki, ailəm (gülür). Həyat yoldaşım azərbaycanlı olmadığına görə mahnılarımı dinləsə də, heç bir şey başa düşmür.
- Könlünüzdə həyata keçirmək arzularınız çoxdur? Feysbuk səhifənizdə səyahət etməyi xoşladığınızı qeyd etmişdiniz. Səyahət etmək üçün çoxlu pulun olmalıdır, ya bunu sadəcə ürəkdən istəməlisən?
- Bunu sadəcə ürəkdən istəməli və qarşına düzgüm məqsəd qoymalısan. Məsələn, heç vaxt bahalı telefon, ya da maşın sahibi olmamışam. Paltarlara da çox pul xərcləməri xoşlamıram. Çünki bunların hamısı gəldi-gedərdir... Gəzdiyim ölkələr, gördüyüm insanlar və xatirələrsə əbədidir! Mark Tvenin səyahətlə bağlı çox gözəl fikri var: “Ölüm yatağımızda yalnız iki şey üçün peşman olacağıq - az sevdiyimizə və ondan da az səyahət etməyimizə”. Təəssüflənmək hissini heç sevmədiyimçün sevməyi və səyahəti seçdim.
- Azərbaycandan sonra hansı ölkəni ən az vətəniniz qədər sevirsiniz?
- Kaliforniyanı çox sevirəm. Çünki ABŞ-ın digər ştatlarından çox fərqlənir və inanılmaz dərəcədə gözəl təbiətə malikdir. Kaliforniya ştatının San-Fransisko şəhərində məskunlaşmışam. Bura inanılmaz şəhərdir! Demək olar ki, ABŞ-da ən gözəl şəhərlərdən biridir. Mənim üçün cox əzizdir...
Eyni zamanda İspaniyanı çox sevirəm. Ümidvaram ki, gələcəkdə həyatımın bir hissəsini orada yaşayaram.
- “Sevgi dünyası” adlı mahnınızda belə misralar var. “Sevginin yolu yaman çətin, qədrini bilək məhəbbətin!” Sualım da bu mövzudadır. Necə düşünürsünüz indiki dövrdə məhəbbətin qədrini bilən qalıb?
- Təəssüflər olsun ki, bütün dövrlərdə insanlar məhəbbətin qədrini az bilib. İndiki zamanədə həyatımız o qədər tez və məşğul keçir ki, çoxlarının sevgiyə, diqqət və qayğıya nə vaxtları qalmır, nə də hövsələləri çatmır. Məsələn, çox arzu edirəm ki, zamanı bir müddət dayandırım və o sükutda dincəlim... Lakin mənim də günüm son dərəcə məşğul və tez keçir. Axşamlar oturub fikirləşirəm ki, bu gün kifayət qədər ömür yaşadım.
- “Sev, qorxma sev doyunca, sev ürəyin tutunca, sev özünü unudunca, sev ömrün boyunca...” Sizcə, biz sevməkdən nə zaman qorxuruq?
- Hər zaman. Elə başlayaq özümüzdən... Həyatın sərt qanunlarına və şərtlərinə girov oluruq, sevməyi və sevilmək hissini unutmağa başlayırıq. Elə də olur ki, ictimaiyyətə itaətkar olduğumuza görə çox vaxt sevgidən imtina edirik.
Yaxud kədərli təcrübə insanı başqasına etibar etməyə, ona inanmağa və onu sevməyə mane olur. Ümumiyyətlə səbəblər müxtəlifdir.
Mənim üçün sevməkdən qorxmaq yaşamamğın bir sinonimidir. O da həqiqətdir ki, əsl sevgi hissini yaşamaq hər kəsə qismət olmur. Odur ki, sevgini bəsləmək, ondan qorxmamaq və Allahın hədiyyəsi kimi qiymətləndirməliyik.
Onu da qeyd edim ki, heç vaxt təsəvvür edə bilməzdim ki, nə vaxtsa sevgi haqqında belə mahnılar ifa edə bilərəm. Həmişə elə düşünürdüm ki, müğənni - “xalqın səsidir” və həmçinin bir şair kimi sosial yük daşıyıcısıdır. Mən Stinq, Pink və kumirim olan Maykl Cekson kimi mühüm sosial hadisələrdən ifa etmək istərdim, lakin dinləyicilər hər zaman “sevgi” haqqında musiqi tələb edirdi…
- Maraqlı həmsöhbət olduğunuz üçün təşəkkür edirəm.
- Siz çox sağ olun, uğurlar!
Aytən