Yorğun Əfqanıstan: 1 il əvvəl... və sonra

Yorğun Əfqanıstan: 1 il əvvəl... və sonra
13:44 7 Aprel 2015
54 Dünya
Ölkə mətbuatı
A- A+

Zaman 2014, aprel ayı. Çarikardayıq. Qarabağda. Ömər Ayxanın qonağıyıq, APA TV-nin operatoru Fuadla. Kimdir Ömər Ayxan? Qarabağlıdır. Əslində heç biz də bilmirdik, görüşənədək. Bizi elə qarşıladı ki, sanki 100 ilin tanışıyıq. Evinə dəvət elədi. Tayfası yığışdı başına; “Azərbaycandan gəliblər” deyə axışdılar evə.

 

Nələrdən danışmadıq, nələrdən? Sovetlərə qarşı vuruşmaqlarından, Əhməd Şah Məsuddan, Azərbaycana gəlib Qarabağ müharibəsində döyüşməklərindən, Talibandan… Sanki anadan olandan döyüşürlər. Ya da döyüşmək üçün doğulublar. Əslində elə hər ikisi düzdür. Və mənim qəfil sualım isə deyəsən çaşdırdı bunları.

 

- İllərdir vuruşursuz. Sovetlərlə, daha sonra iç savaş, Taliban… Yorulmadınızmı?

 

Hamısı fikrə getdi. Cavanlı-qocalı hamısı. Handan-hana Ömər Ayxan dilləndi. Və sanki hamısı bu cavabı gözləyirmiş kimi köks oturub dərindən nəfəs aldı:

 

- Yorulmuşuq... Çox yorulmuşuq...

 

***

 

Biz Əfqanıstana, Kabul aeroportuna aprelin 2-si çatdıq. İki gündən sonra isə əfqanlar özlərinə ilk dəfə prezident seçəcəkdilər. Şahlıq üsul-idarəsindən sonra sovet işğalı və Nəcibulla hakimiyyəti, ondan sonra iç savaş, daha sonra Taliban. Seçki, səsvermə nə olduğunu bilməyən bir dövlətə gəlib çıxmışdıq. Bəlkə də çoxunuz Həmid Karzay -Əfqanıstanın sabiq prezidenti - deyib də duracaqsınız. Amma yox, özümüzü aldatmayaq, Karzay ABŞ-ın adamı kimi əyləşmişdi prezident kürsüsünə, formal seçkiylə.

2014-cü il aprelin 4-də isə ilk dəfə seçki qutusuna gedəcəkdi əfqanlar. Öz iradələrini bildirməyə. İlk dəfə əllərində avtomat yox, seçki bülleteni iqtidar dəyişəcəkdilər.

…Və dəyişdilər də…

 

***  

 

Seçkilərə 8 namizəd qatılmışdı. Lakin əsas mübarizə sabiq xarici işlər nazirləri Abdulla Abdulla, Zalmay Rasul və sabiq maliyyə naziri Əşraf Qani Əhmədzai arasında gedirdi. Hazırkı prezident Həmid Karzay seçkilərdə iştirak etmirdi. Əslində namizədi  vardı. Elə Zalmay Rasul. Amma özü dinməzcə kənara çəkilmişdi. Əfqanıstan təzə nəfəs, rahatlıq lazım idi, Karzay isə usanmışdı. Aprelin 6-a kimi Kabulda səsvermənin nəticələrini izlədik. Seçki bülletenləri dolu torbalarla yüklənmiş sonuncu ulaqlar da vilayət mərkəzinə gəlib çıxdılar. Məlum oldu ki…

 

***

 

Düz 6 ay Əfqanıstan Abdulla Abdulla və Əşraf Qani Əhmədzai arasında qiyabi mübarizəyə şahidlik etdi. 6 ay seçki bülletenləri təkrar-təkrar sayıldı. Gah Abdulla, gah da Əhmədzai irəli çıxması haqda xəbərlər dünya xəbər agentliklərinin əsas xəbərinə çevrilmişdi. Nəhayət, qalibin kim olduğu qəti olaraq bilindi. Əşrəf Qani prezident olaraq and içdi. Abdulla Abdulla baş nazir səlahiyyətlərinə malik ali icra administrasiyasının rəhbəri rolunu qəbul etdi. Ən əsası, ölkə rahat nəfəs aldı...

 

 

***

 

Bu ötən ildə Əfqanıstanın iqtisadi durumunu, ölkədə nələrin baş verdiyini analiz etməkdən uzağıq. Amma bir şey dəqiqdir: Əfqanıstan indi rahat nəfəs alır, sanki min ilin yorğunluğunu çıxarır. Ölkəni başına götürən terror isə, bəzi istisnaları nəzərə almasaq, yox səviyyəsindədir.

 

***

 

“Biz bu müharibədən cana yığılmışıq. Biz opponentlərimizi, xüsusilə də Taliban və Hizbu-İslami qrupunu siyasi danışıqlara dəvət edirik. Yetər, yorulmuşuq”. Bunu andiçmə mərasimindəki çıxışında prezident Əhmədzai demişdi.

 

“Yorulmuşuq... Çox yorulmuşuq...”. Bunu isə bu sətirlərin müəllifinə qarabağlı Ömər Ayxan. 

 

Tibdə xroniki yorğunluq sindromu deyilən bir xəstəlik var. Mütəxəssislərin fikrincə, xroniki yorğunluq sindromu immun-əsəb sisteminin pozulması ilə yaranır. İnsan tez yorulur, diqqəti və yaddaşı pozulur, özündən çıxır. Bax, Əfqanıstan beləydi: yorğun, əsəbi, özündən çıxan… Bu sindromdan qurtulmağın isə bir yolu var: ölkədə vətəndaş birliyinə nail olmaq. Müalicənin bundan başqa yolu yoxdu… Bunu özləri də bilirlər, dincəlmək istəyirlər... 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198483

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR