Bakının Səbail rayonunda I Avropa Oyunlarına hazırlıqla əlaqədar müşavirə keçirilib

16:42 7 Aprel 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 16:38 ]


Bakı. Hafiz Heydərov – APA. Bakı şəhərinin Səbail rayonunda “Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə qarşıda duran ümumi vəzifələr” mövzusunda rayon müşavirəsi keçirilib.

 

Səbail Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, rayon rəhbərliyi, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi,  Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Təhlükəsizlik Departamentinin, Səbail rayon təsərrüfat xidmətlərinin, rayondakı idarə və təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə çıxış edən Səbail rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ilə yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də digər rayon təşkilatlarının birgə fəaliyyət istiqamətləri haqqında danışıb. O, Səbail rayonu ərazisində bir sıra tədbirlərin həyata keçirilməsi istiqamətində işlərin davam etdirildiyini nəzərə çatdırıb.

 

A. Əsgərov deyib ki, oyunlara hazırlıq işləri çərçivəsində 2013-cü ildə Bayıl yaşayış sahəsində Su İdmanı Sarayının tikintisinə başlanıb, “Baku Sport City” ərazisində isə su polosu, çimərlik voleybolu və futbolu, basketbol yarışları üçün qurğular inşa edilir: "Bakı İdman Sarayında əsaslı təmir-yenidənqurma işləri başa çatmaq üzrədir. Su İdmanı Sarayının ətrafında mövcud fərdi yaşayış evləri və digər tikililər köçürülüb, Bayıl dairəsi yenidən qurulub, burada yeni yeraltı keçid inşa edilib, müasir istirahət bağı,  yeni yaşıllıqlar salınıb. Hazırda Su İdmanı Sarayı yaxınlığında da yeni yeraltı keçid inşa olunur, sarayın ətrafı abadlaşdırılır”.

 

Daha sonra müşavirədə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev nümayiş olunan videogörüntülər əsasında “Bakı - 2015” I Avropa Oyunlarının keçirilməsi qaydaları və təşkilati məsələlərlə bağlı məlumat verərək, bütün təşkilatların üzərinə düşən vəzifələri mükəmməl yerinə yetirməsi üçün məsuliyyətin daha da artırılmasının zəruriliyini qeyd edib.

 

Bakı Avropa Oyunları Əməliyyat Komitəsi Təhlükəsizlik Departamentinin Təhlükəsizlik əməliyyətları üzrə obyektlərin qrup meneceri Karin Halida Avropa Oyunlarına hazırlıq və keçirilməsi dövründə idmançıların və digər xarici qonaqların təhlükəsizliyinin təmin edilməsi istiqamətində aparılacaq əməliyyatlar haqda əyani məlumat verib.

 

Sonda Səbail rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudov, Dövlət Sularda Xilasetmə Xidmətinin sektor müdiri Mənsur Piriyev və başqaları oyunlara hazırlıqla bağlı görülən işlərdən danışıblar.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378743

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR