Bakı. 22 noyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin mənimsəmədə təqsirləndirilən əməkdaşı Əlisultan Məmmədov, bankın digər əməkdaşları Ramin Səməndərov, Kifayət Səmədova, Hacalı Cavadovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Elvin Cavadov ifadə verib.
O bildirib ki, təqsirləndirilən H.Cavadov onun qohumudur: "2008-2017-ci illərdə çalışdığım firmada aylıq maaş alırdım. Orada həm sürücü vəzifəsində çalışırdım, həm də digər işlərlə məşğul olurdum. Sürücü kimi rəsmi xidmət etmirdim".
Şahid bankdan kredit götürülməsindən xəbərsiz olduğunu söyləyib: "Sənədlərə mən imza atmamışam. Bu barədə heç bir məlumatım yoxdur".
Təqsirləndirilən H.Cavadov sənədlərə özünün imza atdığını, qohumunun bundan xəbərsiz olduğunu deyib: "Mən rayonda bir çox dövlət obyektlərinin tikilməsinə nəzarət etmişəm. Qohumum da yanımda çalışıb".
Məhkəmənin növbəti iclası noyabrın 29-na təyin edilib.
Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Şamaxı filialının direktoru olmuş Ə.Məmmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir. Digər şəxslər də bankın əməkdaşlarıdır.
Onlar barəsində həbs qətimkan tədbiri seçilməyib.