Orta əsrlərə aid evlərin qalıqları - Qala kəndinin əfsanəsi

Tarixin dərinliklərindən, qara torpaqların altından üzə çıxan qədim yaşayış məskənləri bu gün bizlərə xalqımızın geridə qalmış min bir sirrini, gizlinlərini açıb qoyur.

Tarixin izi-tozu görünməyən, keçməyən yerlər əslində məkan sayılmır, yurd olmur, ölkəliyini nümayiş etdirə bilmir sanki.

Azərbaycan tarixinin, mədəniyyətinin bir parçasına çevrilmiş qədim Qala kəndinin ərazisinə daxil olmaq, elə tarixin bir parçası içərisinə girmək, yaşamaq kimi bir şeydir.

Qəfil bir hiss bürüyür adamın varlığını: neçə min il əvəllki kimi, eyni duyğularla giririk qədim kəndin geridə qalmış xarabalıqlarına. Bu xarabalıqlarda sənin, mənim, onun xas tarixi uyuyur. Bəlkə də o tarixə uzun əsrlərdir sevdayla, sayqıyla yaxın durmadığımızdan, danışdırmadığımızdan dili tutulub.

Qala kəndinin yerində qalmış əski tikililər, divarlar, hamamlar, ibadətxanalar, ovdanlar, su quyuları, məzar yerləri, məzar daşları üzərindəki yazılar, yeraltı keçidlər bir zamanlar bu yerlərdə böyük bir yaşayış məntəqəsinin qalıqlarından xəbər verir.

Lap tarixin o başındaymış kimi uzaqdan görünən məzarlıq tarixin bu başından sanki məzarlıq deyil, elə itmiş bir kəndin xarabalığından bir parçası təsirini bağışlayır.

Qala kəndinin əfsanəsi

Tariximizin ən şanlı mədəniyyət nümunəsi, xalqımızın inanc yeri olan Çəmbərəkənd məscidi IX əsrə aid tarixi memarlıq abidəsi hesab olunur. Bu abidə nə qədər qədim bir tarixə malik olsa da, kifayət qədər elementlərini qoruyub bu günə ötürə bilib.

Çəmbərəkənd məscidinin adı buradakı məhəllənin adı ilə bağlıdır. İslam dini IX əsrdə Azərbaycana gələndən sonra bu məbədgah məscid kimi istifadə olunmağa başlayıb.

Bizim tədqiqatçıların bir bədbəxtçiliyi var desək, yerinə düşərmi. Bəzən tarixçilərimiz də daxil olmaqla qarışıq danışan, yazanlarımız da Albanlarla bağlı hər hansı bir məsələdə böyük yanlışlıqların üzə çıxmasında bilərəkdən- bilməyərəkdən kömək edirlər. Albanları hələ də bir xalq, millət kimi qələmə verməklə gözümüzün qarşısındakı tarixin səhifələrini alt-üst edərək xaos yaradır, kimlərinsə dəyirmanına su tökürlər.

Albanların millət deyil, bir mədəniyyət adı olduğunu, bu mədəniyyətin çatısı altında isə onlarla türkdilli toplumların yaşadığı artıq bilənlər üçün, səmimiyyət sahibləri üçün mübahisəli bir məsələ deyildir. Alban sözü bir zamanlar geridə böyük izlər qoyub getmiş onlarla türk dilli toplumların, boyların mədəniyyətinin adıdır. Alban əsla millət adı deyildir.

Burdakı IX əsrə aid edilən məscidin keçmişində Alban izləri özünü açıq aşkar bizə təqdim edir.

Bunu sübuta yetirən kifayət qədər elementlər, nişanələr var və tikilinin daxilində Albanlara aid olan ikonaların da olması az söz söyləmir. Bu məbəddə Albanlara məxsus nümunələr onların xristianlıqdan da əvvələ aid inanclarının olduğunu göstərir.

Sovet hakimiyyətinin yenidənqurma siyasəti dövründə ermənilər Qala qoruğundakı saxsı qabların içərisində qızıl olduğunu güman edərək onları sındırmışlar. Demək bu mədəniyyət nümunələri yenə də ermənilərin tamahının güdazına gedib.

.Orta əsrlərə aid evlərin qalıqları.

Nadir qalanın yanında eramızdan əvvəl 3-cü minilliyə aid yaşayış evlərinin qalıqları adamda qəribə duyğular oyadır. Gözümüzün qarşısındakı mənzərələrə elə baxırıq ki, sanki bura bizləri kimsə vacib bir iş üçün çağırıb gətirib.

Anlayırdım ki, doğrudan da ruhu bu yerlərdə olan, ama cismi çoxdan bu torpaqların qaralığına qarışan minlərlə insanların, mədəniyyətdaşlarımızın gec də olsa, ciddi şəkildə fəryadlarını aləmə çatdıraq. Bu fəryadlar hər daşın, hər divarın, digər qədim tikinti obyeklərinin görüntüsünüdən bura gələnlərə yansıyır.

Nadir qala

Nadir qala bu ərazidə yerləşən yeganə qala hesab olunur. Nadir şah Azərbaycan torpaqlarını işğal edəndən sonra bu qalada öz cəbhəxanasını yaradıb.

Qalanın içərisində 2 tunel qazılıb. Deyilənə görə, qədimdə bu tunelin biri dəniz sahilinə qədər, ikincisi isə, kənd ərazisində yerləşən çölə çıxırmış. O zamanlar bu tunellərdən hərbi yollar kimi istifadə edilmişdir. Qalanın bu iki tunelində təhlükə zamanı 1500-ə yaxın insan gizlənirmiş.

1857-ci ilə aid olan buradakı daş kitabədə polyak dilində yazılar yazılıb. Tarix dediyimizin bir parçası, bir naxışı, bir ştrixi də bu daş üzərində zamanın qoruyub saxladığı yazıdır.

Onu da deyirlər ki, bir dəfə Polyaklar xəzər dənizində səyahət edərkən güclü tufana, bərk qasırğaya düşdüklərindən gəmiləri batıb. Elə o zamanlardan bax burda - dəniz kənarında qəzada dünyasını dəyişən səyyahların xatirəsinə, onların şərəfinə abidə qoyulub. Xatırladırıq ki, bu abidə itib batmaması üçün qala muzeyinə dəniz qırağından gətirilib.

Deyilənə görə, sərdabələrdə dəfn olunan cənazələrin əti sümüklərindən ayrılandan sonra sümüklər balaca qutulara yığılaraq, yəni qablaşdırılaraq Kərbəlaya, Məşədə aparılıb orada yenidən dəfn edilərmiş. Bu yerlərin sakinləri etdikləri bu əməllərini, sözsüz ki, dərindən bağlı olduqları inanclarıyla əlaqələndirirmişlər. Adı keçən məkanlarda yenidən dəfn olunmaq hardasa onlara bir növ cənnətə düşmək, allaha daha tez, rahat qovuşmaq kimi duyğular, inanclar aşılayırmış bəlkə də. Yaxud bu insanlar özlərini o müqəddəs torpaqlarda uyuyan insanların nəslindən, şəcərəsindən, sülaləsindən saydıqlarından dolayı belə bir ritualı reallaşdırmışlar.

Kənd camaatının dediyinə görə, Kərbəlada, Məşəddə Bakı kəndlərinin hərəsinin öz qəbristanlığı olub.

Bu günə kimi qalmış yolun izi isə heyrətimizdir

Iki tərəfli yolun izi hələ də tarixə şahidlik etməkdən usanmır. Otlar, gəncəlliklər bu yolları nə qədər örtsə də, küləklər torpaqları sovurub izini itirməyə çalışsa da, bir də baxırsan nişanələr, izlər, qabarıb damar kimi diriliyini gözlərə təpir. Belə bir yerdə adamın gözünün qarşısından uzun dəvə karvanları, bu karvanlara sarbanlıq edən insanlar, onların yorğunluğu, üzlərindəki sabahın qayğıları necə canlanmaya bilər.

Yerli camaatın inanclarına görə, bu yer insanlardan ağrını, qorxunu götürürmüş və hələ də bu inanc davam edir. Bu yerdəki torpaqdan, gildən dərman kimi də yeri gəldiyində istifadə edirmişlər. Buralara təşrif buyuran insanların ağrıyan yerlərinə gildən sürtdükdə evə qayıdana kimi, həmin ağrılar tam götürülərmiş.

Bura bir zamanlar uşağı olmayan qadınlar gələrmiş və xüsusi mərasimlər keçirilərmiş. Onlar qurşağa qədər soyunar və özlərini burdakı daşa sürtərmişlər. Sonra şüşə qabı daşa çırpır və əgər şüşə birinci dəfədən sınsaymış arzuları çin olurmuş. Bəzi iddialara görə, son 25-30 il əvvələ qədər qadınlar hələ də buralara gəlirmişlər.

Azərbaycanın hər bölgəsində izlərini sürdürən əcdadlarımızdan miras qalan qədim məkanların izləri bu yerlərdə də öz sirr pərdəsini, öz əfsanəsini, tarixini, mədəniyyət töhfəsini qoruyub saxlayır.

Bizə qədər baxımsız bir duruma düşürülən qala tarix abidələrini, heç olmasa gələcək nəsillərə ötürməyimiz üçün hər birimizdə bu yurdun varlığına az da olsa sevgi, doğmalıq hissləriylə yaşamağımız bəsdir.

Burdakı tarixi abidələrin hər birində uyuyan keçmiş, şanlı tarix səhifələri nə qədər yazılsa, barəsində söhbətlər açılsa belə, yenə də öz xaslığını, toxunulmazlığını, əsl tədqiqatçısını dört gözlə gözləyir.

Buralardan ayrılarkən adama elə gəlir ki, geridə kimisə qoyub gəlirsən. Geridə qoymuş olduqlarımız az deyil. Bu səfərki isə məhz dipdiri, adam kimi geridə qoyub gəlmiş olduğumuz tariximizin bir parçasıydı.Tarixin ayağı olmur.Tarix bütün yolları bilsə də, bütün yolları ayaqlarımız altından keçirsə də, bəzən gələcəyə getməkdə acizləşir. Onun ayağına – Azərbaycan tarixinin ayağına vurulan zəncirləri isə yalnız doğru-düzgün tədqiqatlarla, saxtalıqdan, qərəzlilikdən uzaq, obyektiv araşdırmalarla aça bilərik.

Tarixin bizimlə çiyin-çiyinə getməsindən qorxmaq lazım deyil. Bu qorxu hissini özündən şübhələnənlər keçirə bilər ancaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı