Xəbər verdiyimiz kimi, bu gün Belçikanın paytaxtı Brüsseldə Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” sammiti keçirilir.
Metbuat.az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev sammitdə iştirak edir. Bir müddət öncə işlər nazirinin müavini Mahmud Məmmədquliyev jurnalistlərə açıqlamasında bildirmişdi ki, indi Azərbaycan üçün vacib məsələ Avropa İttifaqının noyabrda Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinin bəyənnaməsidir. Onun sözlərinə görə, iki il öncə Riqada qəbul olunan bəyənnamədə Azərbaycanın mövqeyi nəzərə alınmamışdı və ölkəmizə qarşı ikili standart sərginlənmişdi. Nazir müavini xatırladıb ki, Riqa görüşündə Ukrayna, Moldova və Gürcüstandakı münaqişələrin ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə olunsa da, Azərbaycanla bağlı Minsk Qrupunun qərarı əsas gətirilmişdi. İndi Azərbaycan bu məqamın bir daha təkrar olunmamasını istəyir: “Bizim əsas məsələlər ondan ibarətdir ki, bu məqam bir daha təkrar olunmasın. Bu gün Avropa İttifaqının yeni qlobal strategiyası qəbul olunur. Və o strategiyada deyilir ki, Avropa İttifaqı bütün tərəfdaşlarını, o cümlədən, Azərbaycan, Gürcüstan və s. ərazi bütövlüyü, suverenliyi müstəqilliyini və sərhədlərin pozulmaması məsələlərini dəstəkləyir. Baxaq, görək indi necə olacaq?”
Bu günkü sammitin nəticəsi İrəvanda da narahatlıqla gözlənilir. Ermənistanın “Jamanak” qəzetinin bugünkü sayında dərc olunan yazıda bildirilir ki, Ermənistan prezidenti Serj Sarkisyanın Brüsselə səfəri daha çox Avropa İttifaqı və Ermənistan arasında sazişim imzalanmasına hesablanıb. Lakin Rusiyanın təzyiqləri fonunda bunun baş tutacağı ehtimalı zəifdir.Yazıda bildirilir ki, Sarkisyanın bu gün Brüsseldə Azərbaycanın ərazi bütövlüyünə məcbur dəstək verəcəyi ehtimalı böyükdür. Söhbət sammitdə qəbul ediləcək qətnamədən gedir. Məlumatlara görə, qətnamənin ikinci bəndində ərazi bütövlüyünə dəstək punktu yer alacaq və Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünün dəstəkləndiyi qeyd olunacaq. Aİ-nin əsas hədəfi son dövrlər Avropada Kataloniyadan başlayan separatizmin qarşısının alınmasıdır. Lakin bu, həm də Şərq Tərəfdaşlığı ölkələrindən Azərbaycanın, Ukraynanın və Gürcüstanın da ərazi bütövlüyünün dəstəklənməsidir. Ermənistan mediası yazır ki, bu, İrəvana qarşı böyük zərbə olacaq. “Bu, Şərq Tərəfdaşlığı sammitində Avropa İttifaqı ilə yeni saziş imzalamağa hazırlaşan Ermənistana böyük zərbədir”.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Zahid Oruc bildirib ki, Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramı uzun illərdir ki, ayrı-ayrı mərhələlər üzrə icra olunmaqdadır: “2013-cü ildə AB, proqramı daha da inkişaf etdirərək onu Assosiativ üzvlük səviyyəsinə çatdırmağa çalışırdı. İlk maraqlar bildiyiniz kimi, Ukraynada toqquşdu. Rusiya bunu özünün iqtisadi və siyasi, daha çox da təhlükəsizlik mənafeləri üçün hərəkət saydı. Bu səbəbdən real toqquşmaları hərbi səviyyədə silahlar vasitəsilə də gördük. Bu səbəbdən Qərb bir qədər planlarını ertələdi, onu müxtəlif paytaxtlarla razılaşdırmağa çalışdı, səbr nümayiş etdirdi. Həmçinin Rusiyanı daha çox dilə tutmaq yox, daha çox müxtəlif sanksiyalarla küncə sıxmaq və beləliklə də onun nüfuz dairəsindən bu 6 ölkəni çıxarmaq planları üzərində işlədilər. Görünür ki, Rusiya da hazırki sammitlə bağlı xüsusi təsir və təzyiq silahları, yaxud bu ölkələrlə hədə formasında danışmaq yolunu seçmədi. Bu, çox önəmli məsələdi”.
Millət vəkilinin sözlərinə görə, Avropa Birliyi həmin 6 dövlətlə fəal siyasi planlarını ərsəyə gətirsə, bu halda NATO qeyd olunan ölkələrdə özünün infrastrukturunu yaradacaq: “Bu da təsadüfi məsələ deyil. Çünki gördünüyüz kimi, son iki gündə keçirilən görüşlərdən bir qismi NATO-nun Baş katibi Cens Stoltenberqlə reallaşdırılır. Bu o anlama gəlir ki, AB ilə razılaşdırılmış sənədlər NATO tərəfindən dəstək tapır, müdafiə olunur. Qarantverici rolda həmin hərbi siyasi qurum iştirak edir. Deməli, söhbət təkcə iqtisadi yaxınlaşmadan, Avropanın çox mühüm texnoloji infrastruktur üstünlüklərindən bəhrələnməkdən getmir, bir qədər sanki bu dövlətlər regionun təhlükəsizlik sistemindən qopub, başqa bir məkana daxil olmuş olurlar. Bu əlbəttə ki, Rusiya tərəfindən çox ciddi təhlükə kimi qəbul olunmaqdadır. Bu səbəbdən, hamımız çox böyük səbrlə prosesi izləyirik.
Azərbaycan prezidenti İlham Əliyev şəxsən özü də tədbirdə iştirak edir. Dövlət başçısı bundan əvvəl son iki dəfə Avropa Birliyinin nümayəndələrini qəbul edərkən açıq şəkildə bildirmişdi ki, şəxsən bu tədbirə qatılacaq, tərəddüdü yoxdur. Bu da o deməkdir ki, Azərbaycan Avroatlantik məkanla əlaqələrini yaxşı saxlamaq fikrindədir. Baxmayaraq ki, biz bu gün regional geopolitik düzəni dəqiq nəzərə alıb, NATO-ya üzvlük məramını, planını qarşıya qoymamışıq, ancaq yaxından əlaqələrin tərəfdarıyıq.
Prezident İlham Əliyev bu səfərdə xüsusilə Qarabağ məsələsində Avropa Birliyindən açıq və dəqiq, eyni zamanda digər ölkələrə göstərilən münasibətlərin eynisini tələb edir. Bu mövqedə biz haqlıyıq, çünki Ukraynada ərazi bütövlüyü məsələləri yanaşması mövqeyini ortaya qoyub Krım üçün hər hansı siyasi təyinetmədən danışmırlarsa, hesab edirəm ki, Qarabağ məsələsində də bu mövqeyi ortaya qoymalıdılar.
Erməni tərəfində də dediyiniz kimi media orqanlarında başlıq bu istiqamətdədir ki, Sarkisyan bugünkü razılaşmalarda iştirak etdiyi, Qərb, Qarabağ məsələsində Azərbaycanın bütövlüyü problemini qoyduğu təqdirdə Sarkisyan bu Sammiti poza bilər və orada dağıdıcı rolda çıxış edə bilər. Çünki qərarlar bütün hallarda qəbul ediləcək. Son məlumatlar bundan ibarətdir ki, artıq Qarabağ məsələsi deyil, ümumən münaqişələr terminindən istifadə olunub və yəqin ki, ratifikasiya edilən sənədin tam mətni ölkələrin parlamentlərinə daxil olanda dəqiq biləcəyik. Amma ümumən götürdükdə, ölkə başçısı Azərbaycanın mənafelərini hər zaman olduğu kimi ifadə etməkdədir. Bu gün də tədbirin ayrı-ayrı hissələrini müşahidə edəndə hiss etdim ki, ölkə başçısı son dərəcə inamlı və qətiyyətli formada bütün bu məsələləri ifadə etməkdədir. Bu bizim, siyasi, iqtisadi, eyni zamanda Qarabağla bağlı mənafelərimizin xeyrinə işləyir”.
Günay Elşadqızı / METBUAT.AZ
“Bu, münaqişənin həlli prosesinə arxadan vurulan zərbədir” - Elman Nəsirov