“Bu, münaqişənin həlli prosesinə arxadan vurulan zərbədir” - Elman Nəsirov

Son zaman Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqların intensivləşdiyinin şahidi oluruq. Xüsusilə qonşu dövlətlər məsələ ilə bağlı müzakirələrdə daha aktiv çıxış edirlər.

Xüsusilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə görüşdə bu məsələni gündəmə gətirir. Bir neçə gün öncə Rəcəb Tayyib Ərdoğan Rusiya səfəri ilə bağlı açıqlamasında bildirib ki, rusiyalı həmkarı ilə Dağlıq Qarabağ məsələsini müzakirə ediblər:

“Rusiyanın Ermənistana təsiri var. Yeddi rayondan beşi ilə bağlı daha əvvəl qəbul olunan qərar var (ərazilərin işğalı ilə bağlı BMT TŞ-nin qətnamələri). Bu qərarların icra olunmasının zəruriliyini qeyd etdik. Cənab Putin bunun mümkün olduğunu hesab edir, lakin, fikrimcə, çox da ümidli deyil. Məncə, bu tərəflər arasındakı münasibətlərlə əlaqədardır”.

Ötən gün isə qardaş Türkiyənin dövlət başçısı Rusiyaya növbəti səfəri zamanı yenidən Putinlə bu məsələni müzakirə edəcəyini bildirib: “Bundan əvvəl artıq Putinlə Qarabağ məsələsini müzakirə etmişəm və o bildirib ki, Rusiya problemin həlli üçün əlindən gələni edir. Mən Rusiya prezidentini beş rayonun qaytarılması məsələsində daha diqqətli olmağa çağırdım, çünki bunu yalnız Rusiya edə bilər”.

Digər tərəfdən qondarma Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyan Fransaya səfər edib və bir sıra görüşlər keçirib. Bu səbəbdən Azərbaycan Xarici İşlər Nazirliyi etiraz notası göndərib. XİN-in mətbuat xidməti Hikmət Hacıyev açıqlamasında deyib: “ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransaya Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin səfəri ilə əlaqədar kəskin etirazımızı ifadə edirik.

Avropa İttifaqı ölkələrində fəaliyyət göstərən erməni lobbi dairələri və Ermənistan bu yolla Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimi təşviq etməyə və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə maneə olmağa çalışır. Sözügedən məsələ ilə əlaqədar Fransanın Azərbaycandakı səfiri ilə XİN-də görüş keçirilib. Azərbaycan Respublikasının Fransadakı səfirliyinin isə bu gün Fransa XİN-də görüşü nəzərdə tutulub. Təəssüflə qeyd edirik ki, Ermənistan Respublikasının diplomatik pasportu ilə səyahət edən Bako Saakyanın Avropa İttifaqının ərazisinə daxil olması Şengen viza qaydalarının ciddi pozulması ilə müşayiət olunmasına və ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Fransanın öhdəliklərinə zidd olmasına baxmayaraq, Fransa tərəfindən bu səfərin qarşısının alınması üçün heç bir tədbir görülməyib”.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili, politoloq Elman Nəsirov bildirib ki, Ərdoğanın iki görüşlə bağlı iki mövqeyinin şahidi olduq: “Birinci mövqe belə idi ki, Rusiya prezidenti bu münaqişənin həlli, 5 rayonun Azərbaycana qaytarılması razılığının olduğunu, lakin onun icra məsələləri ilə bağlı bir qədər ümidsiz olduğunu, bu məsələnin kifayət qədər çətin olduğu ilə bağlı fikir söyləyib. İkinci mövqe isə belədir - Ərdoğan Putinlə apardığı danışıqların ardınca belə qənaətə gəldiyini bildirib ki, münaqişənin həllində yeganə təsir imkanlarına malik olan dövlət Rusiyadır və yalnız onlar bu münaqişəni həll edə bilər. Heç şübhəsiz ki, Türkiyə-Rusiya münasibətlərinin inkişafı da bu məsələdə daha müsbət ovqat formalaşdırır və münaqişənin həlli imkanlarına dəstək verir”.

Millət vəkili bildirib ki, xüsusilə son zamanlar münaqişənin həlli ilə bağlı prosesdə intensivlik müşahidə olunmaqdadır: “Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvaya səfərində apardıqları danışıqları, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana və Ermənistana səfəri, bunun ardınca dekabrın 7-8-də ATƏT Xarici İşlər Şurasının Vyanada toplantısı keçiriləcək və həmin görüşdə Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin toplantısı planlaşdırılır. Yəni bütün bunlar hamısı münaqişənin həlli prosesində müəyyən dinamikanın, intensivliyin olmasından xəbər verir. Amma biz görmüşük ki, bu prosesdə intensivlik olanda Ermənistan tərəfi hər dəfə növbəti təxribata əl atmaqla bu prosesə arxadan zərbə endirir. Bu dəfə də eyni ssenarinin şahidi olduq. Həmin intensivlik, danışıqların artması fonunda onun şahidi olduq ki, qondarma Dağlıq Qarabağdakı rejimin rəhbəri Bako Saakyan Fransaya səfər edib, orada görüşlər keçirib və hətta özünü dövlət başçısı kimi təqdim etmək istəyərək Ermənistanın Fransadakı səfirini mükafatlandırıb”.

Elman Nəsirov bildirib ki, bütün bunlar münaqişənin həlli prosesinə arxadan vurulan zərbədir: “Bizi narahat edən odur ki, Fransa sıradan olan bir ölkə deyil. Fransa münaqişənin həlli ilə bağlı missiyanı üzərinə götürən ATƏT-in Minsk Qrupunun həmsədr dövlətidir. Həmsədr dövlət niyə separatçı rejimin rəhbərini qəbul edir, onun görüşlər keçirməsinə imkan yaradır? Bu da şübhəsiz ki, münaqişənin artıq həlli imkanlarını buxovlayan addımdır. Bu, bir reallıqdır. Bir yandan Ərdoğan-Putin danışıqları, bir yandan da digər həmsədrin separatçı rejimin rəhbərini qəbul etməsi – belə paradokslar özünü göstərməkdədir. Amma hər halda qarşı tərəf bilməlidir ki, biz, münaqişəni sülh yolu həll etmək istəyirik, ancaq ermənilər təxribatlarını geri çəkməsə onda kim təminat verir ki, sülh prosesi müharibə ilə əvəzlənməyəcək. Hesab edirəm ki, Ermənistan rəhbərliyi bu sualın cavabını tapmalıdır”.

Günay Elşadqızı / METBUAT.AZ

“İki ölkə arasında əlaqələr dostluq və qardaşlıq mərhələsindədir" - Səfirlə MÜSAHİBƏ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı